Məhkəmə qərarları › İş №2(018)-464/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-464/2023

28.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-464/2023 28.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “14 yanvar 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış borcun abunə hesabından silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 14 yanvar 2023-cü il tarixli R 280720 nömrəli akta əsasən ona hesablanmış 800 (səkkiz yüz) manat borcun (cərimənin) əsassız hesab edilərək **********03719 nömrəli abuna hesabından silinməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Astara şəhəri N.Nərimanov küçəsi 157 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. yaşadığı fərdi yaşayış evində istifadə edilən elektrik enerjisinindəyərini vaxtlıvaxtında ödəyir. Onun evinin yaxınlığında elektrik dirəyi vardır. Həmin elektrik dirəyində yaşadığı evə və digər 2 qonşu evə aid 3 ədəd elektrik sayğacı quraşdırılmışdır. X2 əməkdaşları tərəfindən 14 yanvar 2023-cü il tarixdə qeyd edilən elektrik dirəyində olan 3 ədəd elektrik sayğacına baxış keçirilmiş və həmin elektrik sayğaclarının birində sayğacdan kənar elektrik naqili aşkar etmişlər. Həmin elektrik naqilinin hansı abonetin sayğacından kənar getməsini araşdırmadan onun xəbəri və ya iştirakı olmadan 14 yanvar 2023-cü il tarixli R 280720 nömrəli akt tərtib edilmişdir. Həmin akt onun iştirakı olmadan tərtib edilmiş və onun tərəfindən də imzalanmamışdır. Həmin sayğacdan kənar elektrik naqili isə qonşu evə məxsus olmuşdur. Hesab edir ki, 14 yanvar 2023-cü il tarixli R 280720 nömrəli akt əsasız olaraq tərtib edilmiş, 800 (səkkiz yüz) manat borc (cərimə) əsassız olaraq hesablanmışdır. Odur ki, əsassız hesablanmış borc (cərimə) **********03719 nömrəli abunə hesabından silinməlidir. Ona görə də o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X2 əməkdaşları tərəfindən 14 yanvar 2023-cü il tarixdə Astara çəhərində elektrik sayğaclarına baxış keçirilmiş və baxış zamanı **********03719 nömrəli abuna hesabına dair abonentə məxsus olan evə gedən sayğacdan kənar elektrik naqili aşkar etmişlər. Məlum olmuşdur ki, sayğacdan kənar elektrik naqili İddiaçı məxsus olan evə gedir. Ona görə də 14 yanvar 2023-cü il tarixli R 280720 nömrəli akt tərtib etmişkər. Ona görə də o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1963-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. İş materiallarına əlavə edilmiş 14 yanvar 2023-cü il tarixli R 280720 nömrəli aktdan məlum olur ki, baxış zamanı **********03719 nömrəli abuna hesabına dair abonentə məxsus olan evə gedən sayğacdan kənar en ölcüsü 6 mm olan elektrik naqili aşkar etmişlər. İş materiallarına əlavə edilmiş İddiaçı Astara rayonunun Seləkəran kəndindəki evinə dair Abunə ödənişləri və Bağlanan Aktlara dair bildirişdən məlum olur ki, 14 yanvar 2023-cü il tarixli R 280720 nömrəli akt üzrə İddiaçı EİQ-nin pozulmasına görə 800 (səkkiz yüz) manat cərimə hesablanmışdır. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçısının izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Astara şəhəri N.Nərimanov küçəsi 157 ünvanında istifadəsində fərdi yaşayış evi vardır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X2 əməkdaşları İddiaçı xəbəri və iştirakı olmadan sonuncunun barəsində14 yanvar 2023-cü il tarixli R 280720 akt tərtib etmişlər. Ancaq məhkəmədə aydın oldu ki, 14 yanvar 2023-cü il tarixli R 280720 nömrəli aktın tərtib edilməsindən İddiaçı məlumat olmamışdır. Həmin onun iştirakı olmadan tərtib edilmiş və onun tərəfindən də imzalanmamışdır. İddiaçı hesab edir ki, sayğacdan kənar elektrik naqili onun evinə deyil qonşuya məxsus olmuşdur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi həmin halı rədd edən ssubutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. İddiaçının təqsiri sübut olunmadığından cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “14 yanvar 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış borcun abunə hesabından silinməsi tələbinə dair” iddiası təmin edilsin. 14 yanvar 2023-cü il tarixli R 280720 nömrəli akt əsasında abonent kodu **********03719 olan elektrik sayğacına hesablanmış 800 (səkkiz) manat borc (cərimə) silinsin. 14 yanvar 2023-cü il tarixli R 280720 nömrəli akt etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar