Məhkəmə qərarları › İş №2(018)-478/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-478/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-478/2023 12.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Toğrul Həsənov Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış WDP001141 saylı, 18 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə satılmış mala görə yaranmış 646 (altı yüz qırx altı) manat qalıq borc, gecikdirilmiş hər günə görə hesablanmış 124 (bir yüz iyirmi dörd) manat faiz borcu, ümumilikdə 770 (yeddi yüz yetmiş) manat məbləğindəki pul vəsaitin və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik cavabdehdən tutularaq Dalğa-94» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçı tərəfindən müqavilədə qeyd olunan mallar satılmışdır. Cavabdeh isə müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə irəli gələn ümumi 1116 (bir min yüz on altı) manat puldan Cavabdeh 470 (dörd yüz yetmiş) manat hissəsini ödəmiş və 646 (altı yüz qırx altı) manat borcu qalmışdır. Cavabdeh ilə iddiaçı arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən alıcı ödəmələrin həyata keçirilməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1% məhsula əlavə qiymət hesablanacaq. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 18 dekabr 2019-cu il tarixli, WDP001141 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "xxxx" MMC dəyəri 1116 (bir min yüz on altı) manat olan malı Cavabdeh hər ay 47 (qırx yeddi) manat ödəmək şərti ilə satmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 18 dekabr 2019-cu il tarixli WDP001141 saylı müqaviləsi üzrə 646 (altı yüz qırx altı) manat əsas borc, gecikdirilmiş hər günə görə hesablanmış 124 (bir yüz iyirmi dörd) manat cərimə pulu, ümumilikdə 770 (yeddi yüz yetmiş) manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildiriş məktubundan görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli, WDP001141 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncuların iddiaçıya borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, WDP001141 saylı, 18 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 124 (bir yüz iyirmi dörd) manat məbləğində dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18 dekabr 2019-cu il tarixli, WDP001141 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 646 (altı yüz qırx altı) manat qalıq borc üzrə, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 656 (altı yüz əlli altı) manat və ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar