Məhkəmə qərarları › İş №2(018)-500/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-500/2023

13.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-500/2023 13.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və maraqlı şəxs 3 saylı ASAN xidmət mərkəzi notariat kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və maraqlı şəxs 3 saylı ASAN xidmət mərkəzi notariat kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, sonradan bildiyi 16 iyul 2022-ci il tarixdə 3 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat Kontorunda aldatma yolu ilə imzaladığı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 3 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat Kontorunda onun gəlini X2 tərəfindən o, gətirilərək 16 iyul 2022-ci il tarixdə hər hansı bir sənədi imzalatdırmışdır. Gəlini və ya notarius imza atdığı sənədin məzmununu ona izah etməmişdir. Gəlini onu notariusa gətirəndə ona bildirmişdir ki, kirayə verdiyi mənzil üçün bəzi komunal məsələlərin həlli üzrə bəzi idarələrdə təmsilçilik üçün etibarnamə verilməsinə dair sənədi imzalamalıdır. Çünki o, yaşlı olduğu üçlün bir çox qurumlara gedib-gəlmək iqtidarında deyildir. 3 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat Kontoruna ərizə ilə müraciət etdikdən sonra etibarnamə üzrə nümayəndəsi X5 17 oktyabr 2022-ci il tarixdə həmin notariusa gələrək 16 iyul 2022-ci il tarixdə həmin notariusda aldatma yolu ilə imzaladığı bağışlanma müqaviləsinin surətini götürmüş və iddiaçı ondan sonra bilmişdir ki, gəlini X2 tərəfindən mənzil üçün bəzi komunal məsələlərin həlli üzrə bəzi idarələrdə təmsilçilik üçün etibarnamə verilməsinə imzalamaq adı ilə onu aldadaraq bağışlanma müqaviləsini imzalamışdır. Qeyd etmişdir ki, aldatma ilə imzaladığı sənədin məzmununu ona gəlini və notariusda notarius və ya kimsə izah etməmişdir. Həmin notariusa 26 sentyabr 2022-ci il tarixdə poçtla müraciət edərək xahiş etmişdir ki, sonradan bildiyi 16 iyul 2022-ci il tarixdə notariusda aldatma yolu ilə imzaladığı bağışlanma müqaviləsini ləğv edilməsini, əks halda onu məhkəməyə təqdim etmək üçün imtina məktubu verməyini, lakin bu günə qədər notarius tərəfindən ona hər hansı imtina məktubu verilmədiyini bildirmişdir. Odur ki, 16 iyul 2022-ci il tarixdə 3 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat Kontorunda aldatma yolu ilə imzaladığı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X2, Cavabdeh2 və maraqlı şəxs 3 saylı ASAN xidmət mərkəzi notariat kontoruna qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də məhkəmə cavabdehlər X2, Cavabdeh2 və maraqlı şəxs 3 saylı ASAN xidmət mərkəzi notariat kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X3 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı “Bakı ASAN xidmət” mərkəzi Notariat Ofisində rəsmiləşdirilmiş 16 iyul 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı nəvəsi olan hədiyyə alan Cavabdeh2 ( təmsil edən X4) Bakı şəhəri Yasamal rayonu, X9 küçəsi, 616, ev 13, m 3 ünvanında yerləşən ümumi sahəsi 60.4 kv. metr olan mənzili hədiyyə vermişdir. İş materiallarında olan 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat ofisinin notariusunun məktubundan görünür ki, 16 iyul 2022-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında 4Ə/1162 reyestr nömrəli Bağışlanma müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 26 sentyabr 2022-ci il tarixli, №379555791 saylı məxaric qəbzindən görünür ki, İddiaçı 26 sentyabr 2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Notariat Konturuna məktub göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisəndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olunduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlanmayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda, həmin əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər-hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki halları və qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 16 iyul 2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Notariat Ofisində rəsmiləşdirilmiş 4Ə-1162 N ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 16 iyul 2022-ci il tarixdə 3 saylı “Bakı ASAN xidmət” mərkəzi Notariat Ofisində rəsmiləşdirilmiş 4Ə- 1162 N ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar