Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-504/2025 28.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış işıqdan istifadə pulunun abunə kodundan silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış işıqdan istifadə pulunun abunə kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 əməkdaşları tərəfindən tərtib edilmiş 06 noyabr 2023-cü il tarixli 304992 saylı akt üzrə hesablanmış 469 manat 54 qəpik pulun **********04053 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 əməkdaşları Rauf Rzayev, Pərvin Əliyev və Fərid Salmanov xəbəri və iştirakı olmadan 06 noyabr 2023-cü il tarixdə küçədə quraşdırılmış elektrik sayğacını açıb aparmış və evini işıqsız qoymuşlar. Sonradan ona məlum olmuşdur ki, guya elektrik sayğacı özbaşına işləyir. Bu səbəbdən elektrik sayğacı açılıb. Elektrik sayğacının yenisi ilə əvəz edilməsi və sayğacın labaratoriyaya göndərilməsi qərara alınmışdır. Tələb etsə də, bu günə kimi labaratoriyanın rəyini ona verməmişlər. xx.xx.2024-cü il tarixdə ona cavabdeh tərəfindən elektrik enerjsinin sərfiyyatı barədə bildiriş verilmişdir. Bildirişdən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddətdə elektrik sərfiyyatı 10 manat 72 qəpik, qalıq borc isə 469 manat 54 qəpik olmuşdur. Beləliklə hesablanmış qalıq borc ilə razılaşmır. Ona görə ki, tərəfindən elektrik sayğacına müdaxilə olunmamışdır. Buna ehtiyyacda yoxdur, çünki cavabdehin işçiləri tərəfindən hər ay sayğaca baxış keçirilir. İşıq sərfiyyatı barədə bildiriş yazılaraq abonentə verilmişdir. Əgər sayğaca müdaxilə olunsaydı yəqin ki, bunu görərdilər. Belə hal aşkar olunmamışdır. Qeyd edilənlərdən başqa elektik sayğacı küçədə quraşdırılmışdır. Küçədən hər gün onlarla şəxs keçir. Belə bir vəziyyətdə işıq sayğacına nəzarət etmək mümkün deyildir. Bir daha bildirir ki, elektrik sayğacına tərəfindən müdaxilə olunmamışdır. Cavabdeh2 əməkdaşları qeyd edilən qaydaların 8.33-cü bəndinin tələblərini pozmuş, şahidlərin və onun iştirakı olmadan xx.xx.2023-cü il tarixdə akt tərtib etmiş və sayğacı aparmışdır. Beləliklə hesab edir ki, tərtib edilmiş akt həqiqətə uyğun deyildir, tərəfindən sayğaca müdaxilə olunmamışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx"ASC tərəfindən tərtib edilmiş 06 noyabr 2023-cü il tarixli 304992 saylı akt üzrə hesablanmış 479 manat 47 qəpik pulun **********04053 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 noyabr 2023-cü il tarixli, 304992 nömrəli Aktdan görünür ki, ********** nömrəli elektrik sayğacının yoxlama zamanı özbaşına işlədiyi məlum olmuş, elektrik sayğacı yenisi ilə əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş 16 aprel 2024-cü il tarixli Aktdan görünür ki, İddiaçı istifadəsində olan sayğacın daxili qüsur nəticəsində düzgün işləmədiyi qeyd edilmiş, cəmi 479.47 manat borc məbləği hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.1 və 7.3-cü bəndlərində qeyd edilir ki, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. Qeyd edilən Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Yenə də, qeyd edilən Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanı üzrə **********04053 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Həmin ünvana quraşdırılmış sayğac sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə 304992 saylı akt tərtib edilmiş, aktda hesabat sayğacının daxili qüsur nəticəsində düzgün işləmədiyi qeyd edilmişdir. Lakin, işıqdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun da iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının yaşadığı ünvana quraşdırılan elektrik sayğacı mənzildən kənarda, küçədə quraşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, iddiaçının mənzilinin elektrik enerjisi ilə təmin edilməsi üçün quraşdırılan elektrik sayğacı onun məsuliyyəti həddindən kənarda, yəni küçədə yerləşdiyindən, bununla da sayğacda aşkar edilmiş qüsura görə iddiaçı məsuliyyət daşımadığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tətəfindən İddiaçı **********04053 saylı abunə koduna hesablanmış 479.47 manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-504/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-504/2025
28.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver