Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-517/2023 20.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Məmmədova (Abdulova) Aytac Yalçın qızına qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri X1 iddia verərək:
1. 28 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən “Almira” divan üçün 1050 (bir min əlli) manat, 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 105 (bir yüz beş) manat, 20 (iyirmi) qəpik cərimə;
2. 25 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən “Alyans-Paris tumba”, “Alyans- Paris tumba”, “Alyans-Paris çarpayı”, “Alyans-Paris termo” üçün 376 (üç yüz yetmiş altı) manat, 10 (on) qəpik ödənilməmiş hissə, ümumilikdə 1532 (bir min beş yüz otuz iki) manat borc və 35 (otuz beş) manat, 32 (otuz iki) qəpik ödənilmiş dövlət rüsumu cavabdeh Məmmədova (Abdulova) Aytac Yalçın qızından alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh Məmmədova (Abdulova) Aytac Yalçın qızı iddiaçı "xxxx" MMC ilə 28 noyabr 2021-ci il tarixli və 25 noyabr 2021-ci il tarixli müqavilələrə əsasən, “Almira” divan, “Alyans-Paris tumba”, “Alyans-Paris tumba”, “Alyans- Paris çarpayı”, “Alyans-Paris termo” almış və nəticədə 1532 (bir min beş yüz otuz iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 28 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1683 (bir min altı yüz səksən üç) manat, 12 (on iki) qəpik “Almira divan” üçün ümumilikdə 1155 (bir min yüz əlli beş) manat, 90 (doxsan) qəpik olmaqla, ondan 1050 (bir min əlli) manat, 70 (yetmiş) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 105 (bir yüz beş) manat, 20 (iyirmi) qəpik cərimə; 25 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3004 (üç min dörd) manat, 80 (səksən) qəpik “Alyans-Paris tumba”, “Alyans-Paris tumba”, “Alyans-Paris çarpayı”, “Alyans-Paris termo” üçün ümumilikdə 376 (üç yüz yetmiş altı) manat, 10 (on) qəpik olmaqla, ondan 376 (üç yüz yetmiş altı) manat, 10 (on) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin 25 noyabr 2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 525,7 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2103 manat, ümumilikdə 2628,7 manat təşkil edir. Digər tarixli müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 632,42 manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 35 (otuz beş) manat, 32 (otuz iki) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 28 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Məmmədova (Abdulova) Aytac Yalçın qızı "xxxx" MMC-ndən “Almira-divan” almışdır. İş materiallarına əlavə olunmuş 25 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Məmmədova (Abdulova) Aytac Yalçın qızı "xxxx" MMC-dən “Alyans-Paris tumba”, “Alyans-Paris tumba”, “Alyans-Paris çarpayı”, “Alyans-Paris termo” almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, cavabdeh Məmmədova (Abdulova) Aytac Yalçın qızının 28 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə 1050 (bir min əlli) manat, 70 (yetmiş) qəpik əsas, 105 (bir yüz beş) manat, 20 (iyirmi) qəpik cərimə, 25 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 376 (üç yüz yetmiş altı) manat, 10 (on) qəpik əsas, cəmi 1532 (bir min beş yüz otuz iki) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdeh Məmmədova (Abdulova) Aytac Yalçın qızına 28 noyabr 2021-ci il tarixli, ******* nömrəli və 25 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 28 noyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 105 (bir yüz beş) manat, 20 (iyirmi) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35 (otuz beş) manat, 32 (otuz iki) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Məmmədova (Abdulova) Aytac Yalçın qızından 28 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 1050 (bir min əlli) manat, 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 10 (on) manat cərimə, 25 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən 376 (üç yüz yetmiş altı) manat, 10 (on) qəpik ödənilməmiş hissə, ümumilikdə 1436 (bir min dörd yüz otuz altı) manat, 80 (səksən) qəpik borc, ödənilmiş 35 (otuz beş) manat, 32 (otuz iki) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia 28 noyabr 2021-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 95 (doxsan beş) manat, 20 (iyirmi) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov