Məhkəmə qərarları › İş №2(018)-541/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-541/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-541/2023 24.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Pul tələbinə dair» kiçik iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 Cavabdeh qarşı «Pul tələbinə dair» kiçik iddia ərizəsi verərək Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış BK25215 saylı 16 fevral 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1091 (bir min doxsan bir) manat, 73 (yetmiş üç) qəpik borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat 92 (doxsan iki) qəpik dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 imzaladığı kiçik iddia ərizəsindən məlum olur ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış BK25215 saylı 16 fevral 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 1464 (bir min dörd yüz altmış dörd) manat, 73 (yetmiş üç) qəpik dəyərində mal verilmişdir. Cavabdeh ilkin olaraq 100 (bir yüz) manat ödəniş etmiş 1364 (bir min üç yüz altmış dörd) manat 73 (yetmiş üç) qəpik borclu qalmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış faktorinq müqaviləsinə və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh olan 1364 (bir min üç yüz altmış dörd) manat 73 (yetmiş üç) qəpik tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Bu bardə Cavabdeh müvafiq bildiriş göndərilmişdir. Buna baxmayaraq Cavabdeh hal-hazırda İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 1091 (bir min doxsan bir) manat, 73 (yetmiş üç) qəpik borcu qalmış, o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəfin izahatını dinləyib işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat 92 (doxsan iki) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanmış BK25215 saylı 16 fevral 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 1464 (bir min dörd yüz altmış dörd) manat, 73 (yetmiş üç) qəpik dəyərində mal verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişdən məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh olan 1364 (bir min üç yüz altmış dörd) manat 73 (yetmiş üç) qəpik tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Mülki işə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 aprel 2023-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh BK25215 saylı 16 fevral 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə sifarış etsdiyi 2 ədəd məhsulu geri qaytarmış və onlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilmişdir. Cavabdeh BK25215 saylı 16 fevral 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcu yoxdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BK25215 saylı 16 fevral 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın adında olan 1091 (bir min doxsan bir) manat, 73 (yetmiş üç) qəpik borc qalığı artıq OPTİMAL ELEKTRİK» Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh BK25215 saylı 16 fevral 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcu yoxdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında öhdəliyi qalmamışdır və o, 1091 (bir min doxsan bir) manat, 73 (yetmiş üç) qəpik pulu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödəməli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat 92 (doxsan iki) qəpik dövlət rüsumu cavabdehdən tutulmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Pul tələbinə dair» kiçik iddiası təmin edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar