Məhkəmə qərarları › İş №2(018)-566/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-566/2025

14.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-566/2025 14.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “cərimənin azaldılması barədə” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsilə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1249,92 manat cərimənin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı, tərtib edilmiş aktın doğru olduğunu qeyd edərək oğlunun sayğaca qeyri-qanuni olaraq müdaxilə etdiyini, lakin həmin borcu ödəməyə maddi imkanının olmadığını, iddianın təmin edilməsini, cərimənin azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Astara rayonu, Şiyəkəran kəndində özünə məxsus fərdi yaşayış evi vardır, təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. “Azəriqaz" X1 X2 idarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. xx.xx.2025-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 10416 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə onun tərəfindən ödənilməsi tələb olunmuşdur. Qeyri-qanuni xəttə görə ona cərimə yazmışlar. Nəyə istinad edərək cəriməni hesablamışlar onu da bilmir. Ayda iki dəfə sahə nəzarətçisi sayğaca və xətlərə baxış keçirir. Cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa 1249,92 manat tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1 -ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsaslan dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Bütün bunları nəzərə alıb Cavabdeh tərəfindən hesablanmış 1249,92 manat cərimənin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci maddəsinə əsasən hazırki mülki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Cavabdeh İB Lənkəran X2 idarəsi tərəfindən Astara rayonu, Şiyəkəran kənd sakini İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 yanvar 2025-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent sayğacı açaraq rezin boru vasitəsilə kənar xətdən istifadə etməsi aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 21 yanvar 2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus Astara rayonu, Şiyəkəran kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 10416 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan **********02660 nömrəli abonent istehlakçı İddiaçı aid abonentin saldosu sənədinin surətindən görünür ki, ZENNER G4T MEXANİKİ tipli **********6 nömrəli qaz sayğacı ilə bağlı 2025-ci il tarixə 1249,92 (min iki yüz qırx doqquz) manat 92 (doxsan iki) qəpik qalıq və aktlar qeyd edilmişdir. İş materillarına əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.3-cü maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o, bu barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “cərimənin azaldılması barədə” iddia ərizəsi əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “cərimənin azaldılması barədə” iddia ərizəsi əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar