Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-57/2024 16.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasını katibi X7 oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyum edilməsi tələbinə» dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 11 noyabr 1978-ci il təvəllüdlü X2 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X2 qəyyumu təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, 11 noyabr 1978-ci il təvəllüdlü X5 onun qardaşıdır. Qardaşı “ağır ifadə olunan anadangəlmə əqli gerilik” diaqnozu ilə Astara rayon X1 şöbəsində dispanser qeydiyyatında durmuşdur. Qardaşı əqli cəhətdən xəstə olmaqla daimi qulluğa ehtiyacı vardır. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısının yanında «Qəyyumluq və Himayəçilik» komissiyasının nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
1. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 04 avqust 1977-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
2. İş materiallarında olan 19 iyul 2023-ci il tarixli arayışdan görünür ki, 11 noyabr 1978-ci il təvəllüdlü X5 “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları” diaqnozu ilə dispanser qeydiyyatında durur.
3. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Psixiatrik Ekspertiza”Publik Hüquqi şəxsi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 3474 saylı rəyindən görünür ki, 11 noyabr 1978-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) aşkar olunmuşdur. 11 noyabr 1978-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
4. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 305.1.3-cü maddəsinə müvafiq olaraq şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərini başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının MPM-in 317.2-ci maddəsinə müvafiq olaraq məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-in 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə göstərilir ki, qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Həmin Məcəllənin33.4-cü maddəsinə göstərilir ki, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Beləliklə, məhkəmə baxışı iclasında iş materiallarına və ərizəçinin izahatına əsasən müəyyən edilmişdir ki, 11 noyabr 1978-ci il təvəllüdlü X5 Ərizəçi qardaşıdır. X2 psixi qüsuru olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Belə ki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Psixiatrik Ekspertiza” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 3474 saylı rəyinə əsasən 11 noyabr 1978-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) aşkar olunmuşdur. 11 noyabr 1978-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 306, 317, 318 və 321-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyum edilməsi tələbinə» dair ərizəsi təmin edilsin. 11 noyabr 1978-ci il təvəllüdlü X5 psixi qüsuru olduğuna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi qardaşı - 11 noyabr 1978-ci il təvəllüdlü X2 qəyyumu təyin edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsiləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamin İbrahimov