Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-685/2025 20.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında olan Astara rayonu Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 253 nömrəli akt ilə qeydiyyata alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlər:
1. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə faktiki olaraq xx.xx.2022ci il tarixdə evlənmişlər. xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. 2024-cü ilin iyul ayına kimi ər-arvad olaraq yaşamışlar. Birgə nikahdan uşaqları olmamışdır. Cavabdeh ilə evləndikləri ilk gündən münasibətləri nomral olmamışdır. Belə ki, səbəbsiz mütəmadi olaraq şiddətlərə məruz qalmışdır. İşkəncələrə dözə bilmədiyi üçün 2024-cü ilin iyul ayından ayrılmışlar. Artıq 8 aydır ki, əlaqələri yoxdur. Hesab edir ki, ailənin saxlanılması və ər-arvad münasibətlərini bərpa etmək mümkün deyildir. Odur ki, boşanmaq qərarına gəlmişdir. Bütün bunları nəzərə alıb Cavabdeh ilə aralarında olan Astara rayonu Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 253 nömrəli akt ilə qeydiyyata alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. 13.02.2025-ci il tarixli 3-16-5/8-560/2025 saylı Astara Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2022-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində 253 nömrəli nikah akt qeydi bağlanmış, ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir.
3. 10.02.2025-ci il tarixli MŞL-00128 saylı “X1 sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmişdir, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir.
4. 13.02.2025-ci il tarixli 3-16-5/7-06/2025 saylı Astara Rayon Qeydiyyat Şöbəsinin məktubundan görünür ki, Astara rayon Qeydiyyat şöbəsində xx.xx.2022-ci ildə Cavabdeh ilə qeydiyyata alınmış nikahlarının pozulmasına dair ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2 maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasında yayındıqda (ərizə verməkdən imtina etdikdə) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.
Məhkəmə iclasında verilən izahatlar:
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
7. Maddə AM 19. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ərarvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.
8. Maddə AM 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
9. Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
7. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
8. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh faktiki olaraq ayrı yaşayırlar. Onlar ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır.
9. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı nikahın pozulmasını təkid etdiyindən, bununla da ailənin bərpa edilməsi mümkün olmadığından tərəflər arasında olan nikah pozulmalıdır.
10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Astara rayonu Qeydiyyat şöbəsində 253 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Bəxtiyar Məmmədov