Məhkəmə qərarları › İş №2(018)-706/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-706/2025

28.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-706/2025 28.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə Cavabdeh 02 iyul 2012-ci il tarixdə ailə quraraq Astara rayon Səncərədi kənd icra nümayəndəliyində 26 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından iki övladı – xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 doğulmuşdur.

2. Tərəflər arasında xx.xx.2025-ci il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi ilə tərəflər birgə nikahlarından doğulmuş uşağların iddiaçının-ananın yanında saxlanılması, uşağların saxlanılması üçün hər ay, hər uşağa görə 180 manat məbləğində alimentin cavabdeh tərəfindən ödənilməsi, hər həftənin şənbə və bazar günləri saat 09:00-dan 18:00-a kimi razılaşdırılmış qaydada cavabdehin övladları ilə ünsiyyətdə olması barədə razılığa gəlmişlər.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehlə aralarında 02 iyul 2012-ci il tarixdə Astara rayon Səncərədi kənd icra nümayəndəliyində 26 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə 02 iyul 2012- ci il tarixdə evlənmişlər. Evləndikdən sonra Astara rayon Artupa kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Ər-arvad olaraq təsərrüfatı birgə idarə etməklə 07 may 2024-cü il tarixə kimi bir təsərrüfatda yaşamışlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Yaşadıqları ötən müddət ərzində ailəyə qarşı laqeydlik görmüşdür. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Cavabdehlə xx.xx.2025-ci il tarixdə barışıq sazişi imzalanmışlar. Barışıq sazişində qeyd edilmişdir ki, tərəflər nikahın pozulmasına razıdırlar. Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş övladları ananın himayəsində qalacaqdır. Tərəflər razılaşırlar ki, cavabdeh nikah rəsmi qaydada pozulan aydan başlayaraq birgə nikahdan olan övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat aliment ödəməyi öhdəsinə götürür. Aliment məbləği bir dəfəyə hər ayın 25-30 aralığında təqdim edilən hər hansı bank kartına ödəniləcək. Tərəflər razılaşırlar ki, cavabdeh hər həftənin şənbə və bazar günləri saat 09:00-dan 18:00-a qədər birgə nikahdan doğulmuş övladları ilə görüşə, özü ilə apara və ünsiyyətdə ola bilər. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdeh iddia tələbini qəbul edərək nikahın pozulmasına razı olduğunu bildirdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

8. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

10. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

11. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

12. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

13. İşin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh faktiki olaraq ayrı yaşayırlar. Onlar ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq mövcud olan tərəflərin nikahlarının davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur.

14. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı nikahın pozulmasını təkid etdiyindən, ailənin bərpa edilməsi mümkün olmadığından, eyni zamanda cavabdeh də iddianı qəbul etdiyindən tərəflər arasında olan nikah pozulmalıdır.

15. Məhkəmə, həmçinin qeyd edir ki, birgə nikahından doğulmuş və yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında qalması və alimentin ödənilməsi barədə tərəflər arasında mediasiyada barışıq sazişi bağlanıldığından, məhkəmə həmin məsələlərə dair hər hansı araşdırma aparmır.

16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 02 iyul 2012-ci il tarixdə Astara rayon Səncərədi kənd icra nümayəndəliyində bağlanmış və 26 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar