Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-765/2024 22.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 iştiraklı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa nəzarət idarəsi tərəfindən tərtib olunmuş 06 mart 2024-cü il tarixdə, 331814 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1067,51 manat ziyanın (borcun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Astara rayonu Ərçivan kəndində yaşayır. Yaşadıqları evə Azərişıq ASC-nin Astara şəbəkəsi tərəfindən smart kart tipli elektrik sayğac quraşdırılmışdır. O hər dəfə öncədən sayğac kartına ödəniş etməklə işıqdan istifadə etmişdir. Bu ilin mart ayının sonlarından başlayaraq hər dəfə karta pul yükləyəndə ödədiyi məbləğin yarısını kartdan silməyə başlamışlar. Bu barədə kəndin nəzarətçisinə bildirəndə, nəzarətçi bundan xəbəri olmadığını bildirmişdir. Astara şəbəkəsinə müraciət edəndə isə ona bu ilin mart ayında evində kənar xətt olduğu üçün barəsində 331814 nömrəli akt yazıldığı və həmin cəriməni ödəməsə evə gələn işığı da dayandıracaqlarını bildirmişlər. Evində heç vaxt kənar xətt olmadığı üçün həmin aktı qanunsuz hesab edir, onun nə vaxtı yazıldığını, evində hansı kənar xətti aşkar etdiklərini soruşsada idarədən heç nə bilmədiklərini deməklə ona cavab verməkdən imtina etmişlər. Evində heç vaxtı kənar xətt olmamış, sayğac da kart sistemi olduğu üçün öncədən ödəniş etməklə işıqdan istifadə etməmişdir. Həmin aktın yazılmasından məlumatı olmamış, aktın nə vaxt və hansı pozuntuya görə yazılması da ona məlum deyildir. Akt yazılarkən abonentin orada iştirakının təmin edilməsi lazım olduğu halda, onun iştirakı olmamışdır. O məhkəmədən cavabdeh Azərişıq ASC əməkdaşları tərəfindən yazılmış RN: 331814 nömrəli aktın etibarsız sayılması və həmin akt əsasında yazılmış 1067.51 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmədə cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək, 331814 saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məlumat üçün bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən E.E.İ.Q-nın tələblərinə uyğun olaraq abonent kodu **********00030 olan İddiaçı elektrik təsərrüfatına baxış keçirən zaman E.E.İ.Q-nın pozulması faktları aşkar edilmiş, yəni abonent sayğacın giriş xəttini zədələyən birbaşa elektrik enerjisindən istifadə etmişdir. Odur ki, İddiaçı iddiası əsassız olduğuna görə təmin edilməməsini xahiş etdi.. Məhkəmə İddiaçı, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X2 etibarnamədə nəzərdə tutulan səlahiyyətlər və "xxxx" ASC-ni təmsil etmək etibar edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1954-cü il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin, Astara Elektrik şəbəkəsinin rəisi tərəfindən təsdiq edilmiş və əməkdaşları tərəfindən imzalanmış, 06 mart 2024-cü il tarixdə, 331814 saylı aktdan görünür ki, abonent kodu **********00030 olan istehlakçı İddiaçı elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacın giriş xəttini zədələyən birbaşa elektrik enerjisindən istifadə edir. Naqilin en kəsiyinin ölçüsü 6mm-lik iki damarlı aliminum. İş materialına əlavə edilmiş, abunə haqqında sənəddən görünür ki, abonent kodu **********00030 olan istehlakçı İddiaçı 318 (üç yüz on səkkiz) manat ödədikdən sonra, 739 (yeddi yüz otuz doqquz) manat 26 (iyirmi altı) qəpik borcu qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o, barədə sübutları məhkəməyə təqdim etmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-765/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-765/2024
22.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver