Məhkəmə qərarları › İş №2(018)-796/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-796/2023

24.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-796/2023 24.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Ofeliya Cavad qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı ««Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 72 manat borcun silinməsi və Cavabdehnə aid edilməsi tələbi» barədə iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» kı xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış 216 (iki yüz on altı) manat borcun **********007040 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Astara rayonunun Ərcivan qəsəbəsində yaşayır. Hər bir Azərbaycan Respublikası vətəndaşı kimi o, da təbii qazdan istifadə edir və vaxtlı-vaxtında təbii qazdan istifadə ilə əlaqədar borcunu ödəyir. AR DNŞ Cavabdeh İB Lənkəran X5 idarəsinin (RQİİ-nin) Astara Xidmət sahəsinin əməkdaşları 08 iyun 2020-ci il tarixində o, evdə olmadığı zaman evinin qaz sayğacına baxış keçirmişlər və ******* saylı qaz sayğacını çıxarıb aparmışlar. Bunun nəticəsində onun barəsində xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Akta əsasən itirilmiş qazın bərpa olunması ondan tələb olunmuşdur. Həmin akt tərtib edilərkən onun və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Qeyd olunanlara əsasən hesab etdi ki, onun qaz sayğacına zərər vurmağı, əməlinin qanunazidd olması və onun qanunazidd əməli ilə nəticəsi arasında səbəbli əlaqənin olması mötəbər sübutlarla sübuta yetirilmədiyindən, cavabdeh AR DNŞ Cavabdeh İB ondan itirilmiş qazın bərpası üçün borcun dəyərini tələb etməkdə haqlı deyildir. Odur ki, o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan görünür ki, İddiaçı 07 avqust 1954-cü il tarixdə Astara rayonunun Ərcivan qəsəbəsində anadan olmuş, orada qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X5 idarəsinin iddiaçı X3 barəsində tərtib etdiyi xx.xx.2020-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, sayğacın hesablama mexanizminin ondan keçən qazın həcmini qeyd etmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh Lənkəran X5 idarəsi tərəfindən verilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın” tələbnaməsindən məlum olur ki, İddiaçı qaz sayğacına müdaxilə olunduğu üçün itirilmiş qazın bərpası məqsədilə 2160 kubmetr həcmində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan məlum olur ki, iddiaçı X1 216 (iki yüz on altı) manat dəyərində itirilmiş qaz üçün pul (dəymiş maddi ziyan) yazılmışdır. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən tərəfin izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh Lənkəran X5 idarəsinin Astara Xidmət Sahəsinin əməkdaşları iddiaçının qaz sayğacına baxış keçirmişlər, sayğacın hesablama mexanizminin ondan keçən qazın həcmini qeyd etmədiyini bildirərək həmin sayğacı açıb aparmışlar. Cavabdeh Astara Xidmət Sahəsi iddiaçını sayğaclara müdaxilə etməkdə təqsirli bilərək barəsində aktlar tərtib etsələr də, bunu müvafiq sübutlarla əsaslandıra bilməmişlər. Bununla da sayğaca müdaxilə olunduğu qeyd edilərək heç bir əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış məbləğlər iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan əlavə, Məhkəmə hesab edir ki, Cavabdeh Lənkəran X5 idarəsinin Astara Xidmət sahəsinin “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında iddiaçı barəsində tərtib etdiyi aktları da ləğv edilməlidir. Çünki, iddiaçı üçün bu aktlar əsasında itirilmiş qaza görə borc hesablanmışdır. Sayğacların göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsirinin müəyyən olunmadığı, o cümlədən, qaz sayğacları düzgün işləmədiyi halda, itirilmiş qazın dəyərinin hesablanaraq iddiaçıdan tutulmasını məhkəmə ağlabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı, 31 may 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı qaz sayğaclarına zərər vurması, onun əməllərinin qanuna zidd olması və iddiaçının qanunazidd əməlləri ilə nəticəsi arasında səbəbli əlaqənin olması işin mötəbər sübutları ilə sübuta yetirilmədiyindən, Cavabdeh Lənkəran X5 idarəsi iddiaçıdan itirilmiş qazın bərpası üçün borcu və yeni qaz sayğacının dəyərini tələb etməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İddiaçının təqsiri sübut olunmadığından, habelə cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verdiyi səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğacların onun mülkiyyətində olan ərazidə yox, yolda və yüksəkdə quraşdırılmış olmalarını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz onun tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş və sayğaclar çıxarılan zaman müdaxilə X6 əməkdaşları tərəfindən aşkar olunmamışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının göstəricilərinə əsasən təbii qazın dəyəri düzgün hesablanmadığından, təbii qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar etibarsız hesab edilməli və iddiaçı üçün itirilmiş qaza görə hesablanmış borclar silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Lənkəran X5 idarəsinin Astara xidmət sahəsi tərəfindən tərtib edilmiş 31 iyul 2020-ci il tarixli, ******* nömrəli aktı etibarsız hesab edilsin, habelə həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat borc **********007040 saylı abonent kodundan silinsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar