Məhkəmə qərarları › İş №2(018)-86/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-86/2024

25.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-86/2024 25.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X13 oğlunun katibliyi və Cavabdeh iştirakları ilə, İddiaçı X4 (mərhum X5 hüquqi varisi) Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 11 oktyabr 2023-cü il tarixdə Astara Rayon Məhkəməsində Cavabdeh qarşı «bağışlama müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatında olan zaman iddiaçı X8 17 yanvar 2024-cü il tarixdə vəfat etmişdir. Buna görə də Astara Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(018)- 86/2024 saylı qərardadı ilə mülki işin icraatı iddiaçı X5 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surəti ilə müəyyən edilmişdir ki, X8 ilə X7 arasında 30 mart 2018-ci il tarixdə nikah bağlanmışdır. Astara rayon İHB-nın Təngərüd kənd inzibat ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 may 2024-cü il tarixli, 41 saylı arayışla müəyyən edilmişdir ki, mərhum X8 uzun müddət Rusiya Federasiyasında yaşadığına görə vərəsələrini müəyyənləşdirmək mümkün deyil. Astara rayon Notariat ofisi tərəfindən verilmiş 15 may 2024-ci il tarixli, 250 saylı arayışla müəyyən edilmişdir ki, 17 yanvar 2024-cü il tarixdə vəfat etmiş X5 adına Astara rayon Notariat ofisində hal-hazıradək vərəsəlik işi açılmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla Astara Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(018)-86/2024 saylı qərardadı ilə mülki işin icraatı təzələnmişdir. Astara Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(018)-86/2024 saylı qərardadı ilə X5 arvadı onun hüquqi varisi - X7 hazırki mülki iş üzrə iddiaçı kimi əvəz edilmişdir. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, Astara rayon Dövlət Notariat kontorunda bağlanılmış 16 mart 2017-ci il tarixli «Daşınmaz əmlakın bağışlanması» müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşamışdır. Buna baxmayaraq Astara rayonu Təngərüd kəndində yerləşməklə xüsusi mülkiyyətində fərdi yaşayı evi olmuşdur. Hər il həyat yoldaşı ilə Astara rayonuna gəlib həmin evdə bir neçə ay istirahət etmişdir. 2016-cı ildə ürəyində ağrılar başladığından bir müddət müalicə olunsa da, lakin sonradan əməliyyat olunmuşdur. 01 mart 2017-ci il tarixdə Astara rayonu Təngərüd kəndində 0,01264 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.3 kv.m, yaşayış sahəsi 53.2 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017, reyestr nömrəsi: **********85-10301) almışdır. 08 iyul 2023-cü il tarixdən 01 oktyabr 2023-cü il tarixədək Astara rayonu Təngərüd kəndində yerləşən evində yaşamış və sonuncu tarixdən etibarən Rusiya Federasiyasına getmişdir. Getməyinə az qalmış ona məlum olmuşdur ki, yaşadığı və mülkiyyətində olan evi 2017-ci ildə qardaşına bağışlamışdır. Bu səbəbdən də 30 sentyabr 2023-cü il tarixdə hüquqlarının müdafiəsi üçün digər qardaşı Nümayəndə etibarnamə vermiş və sonuncu tərəfindən sözügedən evin bağışlanması barədə müqavilə əldə olunduqdan sonra hüquqi prosedura başlanılmışdır. 2017-ci ildə ağır xəstə vaxtında qardaşı, iş üzrə Cavabdeh onu notariat orqanına aparanda onun hər-hansı sənədlərə imza etdiyini bilməmişdir. Həmin vaxt elə dərk etmişdir ki, cavabdehə etibarnamə verir. Çünki, cavabdeh ona bildirmişdir ki, "sən mənə etibarnamə ver, özün burada olmayanda sənlə bağlı sənədləşmə işlərini apara bilim”. Bu səbəbdən də qeyd olunan müqaviləyə imza etmişdir. Qətiyyən latın əlifbası ilə yazıb-oxuya bilməmiş, eləcə də Rusiya Federasiyasının vətəndaşı olduğu üçün qeyd olunan sənəddə yazılan məlumatların mahiyyətini anlaya da bilməmişdir. Hətta müqaviləyə diqqət yetirəndə görmək olur ki, öz soyadını kiril əlifbası ilə rus dilində yazmışdır. Görünür cavabdeh sözügedən əmlaka mülkiyyət hüququ əldə etdikdən bir neçə gün sonra sonra xəstəliyindən istifadə edərək belə bir iş görmüşdür. Notarius isə qanunvericiliyin tələbini pozmaqla sözügedən müqaviləni təsdiq etmişdir. Bundan əlavə 2017-ci ildən bu yana, yəni 2023-cü ilədək sözügedən əmlakda hər il müəyyən aylarda yaşamışdır. Cavabdeh isə bu barədə ona heç bir irad bildirməmişdir. Qeyd olunanların nəzərə alınaraq, Astara rayonu dövlət notariat kontorunun dövlət notariusu tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017, reyestr nömrəsi: **********85-10301) əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmaqla Astara rayonu Təngərüd kəndində 0,01264 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.3 kv.m, yaşayış sahəsi 53.2 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə dair 16 mart 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçı X7 10 iyun 2024-cü il tarixdə Astara Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 25 iyun 2024-cü il tarixə təyin olunmuş məhkəmə prosesində iştirak edə bilməyəcəyini və məhkəmə iclasının avqust ayına təxirə salınmasını xahiş etmişdir. İş üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmamasını, işə iddiaçının iştirakı olmadan, mahiyyəti üzrə baxılaraq nəticə verilməsini xahiş etmişdir. Məhkəmə mülki işin icraata 11 oktyabr 2023-cü il tarixdən daxil olmasını, işin baxılması üçün prosessual müddətlərin bitəcəyini nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı X8 ona qarşı qaldırdığı iddanı qəbul etmir. Belə ki, 16 mart 2017-ci il tarixli, 4Ə-118 saylı bağışlama müqaviləsi Astara rayonu Notariat kontorunda rəsmiləşdirilmiş, müqavilə rəsmiləşdirilən zaman heç bir qanuna zidd hərəkətlər olmamışdır. Əksinə, qanunun tələbləri tam olaraq yerinə yetirilmişdir. Halhazırda həmin evdə özü yaşayır. X8 ona qarşı qərəzli olaraq iddia qaldırmışdır. Onlar arasında bağışlama müqaviləsi bağlanmış, müqavilə bağlanan zaman hər hansı bir təzyiqdən söhbət belə getməmişdir. Bağışlanma müqaviləsi 16 mart 2017-ci ildə notariat orqanında bağlanılmış, notariusun iştirakı ilə hər iki tərəfə bağışlanma müqaviləsinin məzmunu izah edilmiş və şəkilləri çəkilmişdir. Bundan başqa hazırda iddiaçı olan X2 Şahmar Xasməmməd oğlu ilə bağışlama müqaviləsindən bir il sonra, 30 mart 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Qeyd olunanları nəzərə alaraq, ona qarşı qaldırılmış “bağışlanma müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsini, ona əlavə olunmuş sənədləri və iş üzrə toplanmış materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X5 (hazırda iddiaçı X4) Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.

1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Astara rayonu Təngərüd kəndində 0,01264 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.3 kv.m, yaşayış sahəsi 53.2 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 03 (üç) otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X5 mülkiyyətində olmuşdur. Bu barədə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyat aparılmışdır.

2. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs rəsmiləşdirilmiş 16 mart 2017-ci il tarixli, 4Ə-118 reyestr nömrəli bağışlama müqaviləsi və ona əlavə olunan sənədlərdən görünür ki, X8 xüsusi mülkiyyətində olan Astara rayonu Təngərüd kəndində 0,01264 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.3 kv.m, yaşayış sahəsi 53.2 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 03 (üç) otaqlı fərdi yaşayış evini öz iradə ifadəsi əsasında Cavabdeh bağışlamışdır. Həmin bağışlama müqaviləsinə X8 imza etmiş, müqavilə Astara rayon Dövlət notariat kontoru tərəfindən imza edilərək möhürlə təsdiq edilmişdir.

3. İş materiallarına əlavə edilmiş iddiaçının hüquqi varisinin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 rayonu Pensər kəndində qeydiyyatda olmaqla Astara rayonu Pensər kəndində yaşayır.

4. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Raqibə İskəndər qızı arasında nikah 30 mart 2018-ci il bağlanmışdır.

5. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 yanvar 2024-cü il tarixdə vəfat etmişdir Beləliklə, məhkəmə iclasında Astara rayonun Təngərüd kəndində 0,01264 ha. torpaq sahəsində yerləşən ümumi sahəsi 95.3 kv.m, yaşayış sahəsi 53.2 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 03 (üç) otaqlı fərdi yaşayış evinə dair X8 ilə Cavabdeh arasında 16 mart 2017-ci il tarixdə Maraqlı şəxs bağışlama müqaviləsi bağlanılması, Astara rayonu Təngərüd kəndində yerləşən həmin fərdi yaşayış evini Cavabdeh bağışlaması, Cavabdeh öz növbəsində hədiyyəni qəbul etməsi, hazırda həmin evdə yaşaması, tərəflər arasında olan bağışlama müqaviləsinin bağlanmasından yeddi ildən artıq vaxtın keçməsi və iddiaçı X5 (hazırda iddiaçı X4) həmin müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırması müəyyən edildi. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır (Mülki Məcəllənin 666.1, 666.2 və 666.3-cü maddələri). Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Həmçinin həmin qərarda göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2015-ci il tarixli qərarı). Göründüyü kimi, mülki hüquq münasibətlərinin yaranması əsaslarından biri olan əqdin etibarlı hesab olunması üçün əqdin bağlanması zamanı həmin əqdin iştirakçısı olan şəxslərin iradə ifadəsi olması və əqdin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsində göstərilir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Mübahisə predmeti olan bağışlama müqaviləsi bağlanarkən tərəflər – yəni, istər öz əmlakını verən X8, istər hədiyyəni qəbul edən Cavabdeh, istərsə də həmin müqaviləni rəsmiləşdirən səlahiyyətli orqan (notariat orqanı) qanunun tələblərinə uyğun hərəkət etmişlər: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Astara rayonunun Təngərüd kəndində 0,01264 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.3 kv.m, yaşayış sahəsi 53.2 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində olmuşdur. Onun bu hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur; - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1 və 668.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq X8 xüsusi mülkiyyətində olan və Astara rayonu Təngərüd kəndində 0,01264 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.3 kv.m, yaşayış sahəsi 53.2 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 03 (üç) otaqlı fərdi yaşayış evini qardaşı Cavabdeh bağışlamışdır (16 mart 2017-ci il tarixli, 4Ə-118 reyestr nömrəli bağışlama müqaviləsi); - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh X5 ona bağışladığı Astara rayonunun Təngərüd kəndində 0,01264 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.3 kv.m, yaşayış sahəsi 53.2 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 03 (üç) otaqlı fərdi yaşayış evini xüsusi mülkiyyəti kimi qəbul etmiş və həmin evdən hazırda istifadə edir. (Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı bağışlama müqaviləsinə aid tələblərə tam riayət edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı müqavilə bağlanarkən aldadıldığını qeyd etsə də, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıdığı halda, öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə bağışlama müqaviləsinin X5 iradə ifadəsi olmasını, müqavilənin onun həqiqi niyyətinin təzahürü kimi bağlanmasını aşağıdakı sübutlar təsdiq edir: - Bağışlama müqaviləsinin səlahiyyətli dövlət orqanında bağlanmaqla, müqavilənin doğuracağı hüquqi nəticələrin notarius tərəfindən ona izah edilməsi; - Cavabdeh ona bağışlanılmış Astara rayonu Təngərüd kəndində 0,01264 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.3 kv.m, yaşayış sahəsi 53.2 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 03 (üç) otaqlı fərdi yaşayış evini xüsusi mülkiyyətinə keçirməsi və hazırda orada mülkiyyət hüquqlarını həyata keçirməsi; Digər tərəfdən məhkəmə bağışlama müqaviləsinin bağlanmasından 07 (yeddi) il keçdikdən sonra cavabdehə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbi ilə bağlı iddia müddətləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şəhr edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçı hazırda mübahisələndirdiyi bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı bir illik iddia müddətini ötürməklə də məhkəməyə müraciət etmişdir. Bağışlama müqaviləsinin bağlanmasından yeddi ildən artıq vaxt keçmişdir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı X4 Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiasının maddi və qanuni əsasları mövcud deyildir, ona görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddiaçı X4 Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar