Məhkəmə qərarları › İş №2(018)-89/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-89/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-89/2024 10.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə iştirakı ilə, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı «pul tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 31 may 2023-cü il tarixli, 000827 nömrəli müqavilə üzrə 775,25 (yeddi yüz yetmiş beş manat, iyirmi beş qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh2, Cavabdeh1 tərəfindən iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı “X1 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə iddianı müdafiə edib izahat verərək bildirdi ki, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında 31 may 2023-cü il tarixli, 000827 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 625 (altı yüz iyirmi beş) manat məbləğində bir ədəd “F65GW3G1H” (AĞ*RƏNG) markalı QAZ TAM BOY 12 (on iki) ay müddətinə, aylıq ödəniş 53 manat olmaqla, hər cari ayın 31 tarixinədək “alıcı” tərəfindən “satıcı”-nın hesabına nağd və ya nağdsız qaydada ödəniş edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh üzərində götürülmüş öhdəliyi lazımi qaydada icra etməmişdir. 31 may 2023-cü il tarixli, 000827 nömrəli zaminlik müqaviləsinə əsasən zamin olan Cavabdeh1 qeyd edilən nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı kimi zamin durmuşdur. Hal-hazırda Cavabdeh2, Cavabdeh1 qalıq borcu 519 (beş yüz on doqquz) manat, 256,25 (iki yüz əlli altı manat, iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 775,25 ((yeddi yüz yetmiş beş manat, iyirmi beş qəpik) manat məbləğində təşkil edir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci maddəsinə əsasən hazırki mülki işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 31 may 2023-cü il tarixli, 000827 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, 625 (altı yüz iyirmi beş) manat məbləğində bir ədəd “F65GW3G1H” (AĞ*RƏNG) markalı QAZ TAM BOY 12 (on iki) ay müddətinə, aylıq ödəniş 53 manat olmaqla, hər cari ayın 31 tarixinədək “alıcı” tərəfindən “satıcı”-nın hesabına nağd və ya nağdsız qaydada ödəniş edilməsi nəzərdə tutulmuşdur. Mülki işə əlavə edilmiş “Malın təhvil-təslim” aktından məlum olur ki, Cavabdeh2 31 may 2023-cü il tarixli, 000827 nömrəli alqı-satqı müqaviləsi üzrə bir ədəd “F65GW3G1H” (AĞ*RƏNG) markalı QAZ TAM BOY qaz sobasını təhvil almışdır. Mülki işə əlavə edilmiş X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 may 2023-cü il tarixli, 000827 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 31 may 2023-cü il tarixli, 000827 nömrəli alqı-satqı müqaviləsi üzrə Borcalan ilə birlikdə borc verən və ya satıcı qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 324.1-ci maddəsinə müvafiq olaraq əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan RespublikasıMM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan RespublikasıMM-in 567-ci maddəsində qeyd olunub ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə qeyd edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından da məlum olur ki, hazırki mülki iş üzrə satıcı X1 MMC alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları alıcılara vermişdir, lakin alıcılar əşyaların dəyəri olan pulu müəyyən olunmuş müddətdə satıcıya tam olaraq ödəməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməlidir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 31 may 2023-cü il tarixli, 000827 nömrəli müqaviləsi üzrə iddia etdiyi 256,25 (iki yüz əlli altı manat, iyirmi beş qəpik) manat məbləğində cərimə pulu azaldılaraq 50 (əlli) manat həddində müəyyən edərək, bu halı qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı «pul tələbinə dair»» iddiası qismən təmin olunsun. 31 may 2023-cü il tarixli, 000827 nömrəli müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 519 (beş yüz on doqquz) manat qalıq borcu və 50 (əlli) manat cərimə olmaqla, cəmi 569 (beş yüz altmış doqquz) manat pul alınıb, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun görə 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada alınıb, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar