Məhkəmə qərarları › İş №2(018)-90/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-90/2023

15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-90/2023 15.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin və uşağın “serebral iflic” xəstəliklə əlaqədar müalicə pulunun miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Astara şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin, xəstəliyə görə müalicə pulunun miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 04 noyabr 2013-cü il tarixli, 2(018)-1068/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin miqdarının artırılması, 02 fevral 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat manat sabit pul məbləğində alimentin, həmin uşağın müalicəsi ilə əlaqədar Şirvan Apelyasiya Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(106)-935/2020 saylı qətnaməsi müəyyən edilmiş Cavabdeh alınan 70 (yetmiş) manat pulun artırılaraq 300 (üç yüz) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Astara Rayon Məhkəməsinin 04 noyabr 2013-cü il tarixli, 2(018)-1068/2013 saylı qətnaməsi ilə 02 fevral 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 (bir yüz) manat alimentin tutulması qət edilmişdir. O, yenidən məhkəməyə müraciət etmiş və Astara Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(018)- 1976/2017 saylı qətnaməsi ilə 02 fevral 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 120 (bir yüz) manat, həmin uşağın müalicəsi ilə əlaqədar xərclərin miqdarının isə 200 (iki yüz) manat miqdarında müəyyən edilmişdir. Cavabdeh apelyasiya şikayəti əsasında Şirvan Apelyasiya Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(106)-935/2020 saylı qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(018)-1976/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması hissəsi lğv edilmiş və müalicə xərci isə 70 (yetmiş) manat miqdarda müəyyən edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı həddindən azdır. Belə ki, 2013-cü il tarixdən etibarən malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Qeyd etdi ki, alimentin artırılması ilə bağlı mediasiya şurasına müraiət etmişdir. 05 dekabr 2022-ci il tarixdə keçirilmiş “ilkin mediasiya sessiayası”-nda cavabdehə mediasiya sessiyasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, mediasiya sessiyasında iştirak etməmişdir. O, mediasiyaya dair 55 (əlli beş) manat məbləğində olan xərci ödəmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinin və Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxx 1980-cı il tarixdə ünvan 1 ünvanında yerləşən evdə oğlu 02 fevral 2004-cü il təvəllüdlü X2 ilə birlikdə yaşayır. Mülki işə əlavə edilmiş Astara Rayon Qeydiyyat Şöbəsinin 17 noyabr 2022-ci il tarixli 3677 saylı arayışından görünür ki, X2 02 fevral 2004-cü il tarixdə anadan olmuşdur. Onun atası kimi Cavabdeh, anası kimi isə İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(018)- 1976/2017 saylı qətnaməsinin surətindən görünür ki, 02 fevral 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdar hər ay 120 (bir yüz iyirmi) manat məbləğində, onun müalicəsi ilə əlaqəadr xərclər isə hər ay üçün 200 manat məbləğində məbləğində müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(106)- 935/2020 saylı qətnaməsinin surətindən görünür ki, Astara Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(018)-1976/2017 saylı qətnaməsi ilə 02 fevral 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması hissəsi ləğv edilmiş, onun müalicəsi ilə əlaqəadr xərclər isə hər ay üçün 70 (yetmiş) manat məbləğində məbləğində müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, 30 sentyabr 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 14 gün əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 50 (əlli) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd edilənləri əsas tutaraq Məhkəmə hesab edir ki, iddia tələbinin Astara Rayon Məhkəməsinin 04 noyabr 2013-cü il tarixli, 2(018)-1068/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması hissəsi təmin edilə bilməz. Belə ki 02 fevral 2004-cü il təvəllüdlü X2 artıq yetkinlik yaşına çatmışdır. Məhkəmə həmçinin hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(106)-935/2020 saylı qətnaməsi ilə 02 fevral 2004-cü il təvəllüdlü X1 müalicəsi ilə müəyyən edilmiş 70 (yetmiş) manat pul həddindən azdır və iddiaçı onun müalicəsində çətinlik çəkir. 02 fevral 2004-cü il təvəllüdlü X1 “serebral iflic” xəstəliyi sağalmamışdır. Lakin İddiaçı Cavabdeh aylıq qazancı və gəlirləri barədə məhkəməyə heç bir subut təqdim etməmişdir. Ona görə də, iddia bu hissədə qismən təmin edilməli, həmin pulun miqdarı artırılaraq Cavabdeh hər ay 150 (bir yüz əlli) manat pulun tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, 05 dekabr 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 14 gün əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun yarısı, yəni 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin və uşağın “serebral iflic” xəstəliklə əlaqədar müalicə pulunun miqdarının artırılması tələbinə dair” aiddiası qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(106)-935/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 02 fevral 2004-cü il təvəllüdlü X1 müalicəsi ilə bağlı Cavabdeh hər ay alınan 70 (yetmiş) manat pulun məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddianın alimentin artırılması hissəsi və müalicə xərcinin hər ay 150 (bir yüz əlli) manat hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar