Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-911/2024 21.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında 6480 kub. metr qaza görə hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək iddiasını müdafiə edərək iddianın təmin edilməsi və iştirakı olmadan qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Astara rayonu, Təngərüd kəndində yaşayır, özünə məxsus fərdi yaşayış evim vardır və ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri edir. "Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin Astara xidmət sahəsinin işçiləri evinin qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçiriblər. Sonradan guya sayğacın qoruyucu qapağına mənşəyi məlum olmayan plomb vurulduğuna görə ******* saylı akt tərtib etmişlər. Azərbaycan Respublikası "Qaz təchizatı haqqında" Qanunun, "Qazdan istifadə qaydaları"nın tələblərinə əsasən evinin qaz xətti üzərində olan qaz sayğacı ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt və onun əsasında hesablanmış 6480 m³ qaz, yəni 777,60 manat cərimə məbləği məndən tələb edilməsi qanunsuz və əsassızdır. Qaz sayğacları kənd ərazisində, o cümlədən evinə gedən qaz xəttinin üzərində qaz sayğacı küçədə quraşdırılmışdır, üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Qaz sayğacının həyətdə yox, evdən aralıda küçədə olması və üzərinin qoruyucu qutusu qurulmadığından qaz sayğacına ediləcək müdaxiləyə abonent məsuliyyət daşımamalıdır. Deməli, fiziki şəxs olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə o, cavabdeh deyil. Əgər qaz sayğacı onun tərəfindən zədələnibsə, onda bu təqsirin hüquqi əsası göstərilməli və ona sübut edilməlidir. Belə sübut isə yoxdur. Ona görə də müdaxilə ilə bağlı tərtib edilmiş akt qanunsuz və əsassız hesab edilməlidir. Cavabdeh "Təbii qazdan istifadə istifa qaydalarının pozulması haqqında"kı xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında 6480 kub. metr qaza görə hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması xx.xx.2024-cü il tarixli ******* saylı nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucusunun üzərində mənşəyi məlum olmayan plomb və zavad seriya nömrəsi yazılmış kağız lövhə aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı Əliislam oğluna məxsus Astara rayonu, Təngərüd kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6480 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan ******* nömrəli aktdan məlum olur ki, İddiaçı adına “Elstor G4” markalı ******* nömrəli qaz sayğacı çıxarılmış “Zenner G2,5T” markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan XS-36-01737/23 saylı müqavilədən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə müqavilə bağlanmış və Astara rayonu, Təngərüd kəndində “GT-4” markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan **********05010 nömrəli abonent saldosundan məlum olur ki, İddiaçı Əliislam oğluna məxsus “Zenner G2,5T” markalı **********3 nömrəli qaz sayğacı üçün itirilmiş qazın bərpası üçün 2024-cü ilin aprel ayına 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik qalıq və aklar hesablanmışdır. İş materillarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Astara rayonu, Təngərüd kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Rüdəkəran kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Təngərüd kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-911/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-911/2024
21.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver