Məhkəmə qərarları › İş №2(018)-95/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-95/2023

14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-95/2023 14.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı 30 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında 8640 kub metr qaza görə hesablanmış 1036 (bir min otuz altı) manat, 80 (səksən) qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə etdi və məhkəmədə verdiyi izahatında göstərdi ki, o, Astara rayonu, Şiyəkəran kəndində yaşayır və aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin, “Azəriqaz” X2 RQİİ-nin Astara xidmət sahəsinin əməkdaşları onun evinin qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirmişlər, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunduğundan 30 sentyabr 2022-ci il tarixli ******* saylı akt tərtib etmişlər. Nəticədə ona 8640 kub metr qaza görə 1036 (bir min otuz altı) manat, 80 (səksən) qəpik borc hesablanmışdır. Qaz sayğacı küçədə quraşdırılmış və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsi səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə olunmuş 30 sentyabr 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, qaz sayğacına baxış keçirmişlər, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Mülki işə əlavə olunmuş «Azəriqaz» X2 X5 idarəsi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən məlum olur ki, X1 qaz sayğacına müdaxilə olunduğu üçün itirilmiş qazın bərpası məqsədilə 8640 kubmetr həcmində dəymiş ziyan hesablanmışdır. Beləliklə, məhkəmə baxışı iclasında müəyyən olundu ki, İddiaçı Astara rayonu, Şüvi kəndində yaşayır və aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin, “Azəriqaz” X2 RQİİ-nin Astara xidmət sahəsinin əməkdaşları onun evinin qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirmişlər, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyindən 30 sentyabr 2022-ci il tarixli ******* saylı akt tərtib etmişlər. Nəticədə ona 1036 (bir min otuz altı) manat, 80 (səksən) qəpik borc hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 16 oktyabr 2021-ci il tarixli, 13 nömrəli Azərbaycan Respublikası tarif (qiymət) şurasının təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərarına əsasən 01 noyabr 2021-ci il tarixdən başlayaraq təbii qazın ilkin limitin bir m3 üçün qiyməti 12 qəpikdən hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacların göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsirinin müəyyən olunmadığı, o cümlədən, qaz sayğacları düzgün işləmədiyi halda, itirilmiş qazın dəyərinin hesablanaraq iddiaçıdan tutulmasını məhkəmə ağlabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı, 31 may 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı qaz sayğaclarına zərər vurması, onun əməllərinin qanuna zidd olması və iddiaçının qanunazidd əməlləri ilə nəticəsi arasında səbəbli əlaqənin olması işin mötəbər sübutları ilə sübuta yetirilmədiyindən «Azəriqaz» X2 X5 idarəsinin Astara xidmət sahəsi iddiaçıdan itirilmiş qazın bərpası üçün borcu və yeni qaz sayğacının dəyərini tələb etməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İddiaçının təqsiri sübut olunmadığından, habelə cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verdiyi səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğacların onun mülkiyyətində olan ərazidə yox, yolda quraşdırılmış olmalarını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz onun tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş və sayğaclar çıxarılan zaman müdaxilə əməkdaşlar tərəfindən aşkar olunmamışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının göstəricilərinə əsasən təbii qazın dəyəri düzgün hesablanmadığından, təbii qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar etibarsız hesab edilməli və iddiaçı üçün itirilmiş qaza görə hesablanmış borclar silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair” iddiası təmin edilsin. “Azəriqaz” X2 RQİİ-nin Astara xidmət sahəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, habelə həmin akta əsasən İddiaçı hesablanmış 1036 (bir min otuz altı) manat, 80 (səksən) qəpik cərimə silinsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar