Məhkəmə qərarları › İş №2(018)-960/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-960/2024

14.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-960/2024 14.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilib ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilib ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Notariat Ofisində 4Ə-323 reyestr nömrəsilə 30 mart 2023-cü il tarixdə qeydə alınmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 74.3 kv/m, yaşayış sahəsi 49.1 kv/m olan 4 otaqlı mənzilin mülkiyyət hüququ ilə Cavabdeh bağışlanmasına dair müqavilənin etibarsız hesab edilib ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh doğma övladıdır. O, xx.xx.1973-cü il tarixdə Astara şəhərində anadan olmuş hazırda Rusiya Federasiyasının vətəndaşı X4 ilə evlənmişdir. Yaşamağa başqa yerləri olmadığı üçün müvəqqəti olaraq mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 4 otaqlı mənzildə yaşamağa razılıq vermişdir. Bir müddət Cavabdeh və onun əri ona qarşı mehribanlıq, qayğı göstərmişlər. Bunun müqabilində mülkiyyətində olan məznili ona bağışlamasını xahiş etmişdir. Doğma övladı olduğuna görə ona inanmışdır və onun tələbi ilə mübahisə edilən mənzili Astara rayon Notariat ofisində 30 mart 2023-cü il tarixdə bağışlamışdır. Bir müddət onunla mehriban yaşasalarda sonradan ona qarşı münasibətləri kəskin halda dəyişmişdir. O, xx.xx.1950-ci il tarixdə anadan olmuşdur, artıq 74 yaşı vardır. Yaşına hörmət qoymayıb ona böhtan atır, nəlayiq söyüşlər deyir, bununlada şərəf və ləyaqətini alçatmışlar və bu hərəkətləri davam etdirirlər. Onu bağışladığı mənzildən çıxarıb küçələrə atmaq istəyirlər. Cavabdehin əri X3 xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadıqları mənzildə növbəti dəfə onu döyərək xəsarət yetirmişdir. Bu barədə Astara rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən şikayəti ilə əlaqədar araşdırma aparmışlar və X1 hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində İnzibati Xəta haqqında Protokol yazılaraq məhkəmə məsuliyyətinə verilmişdir. Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(018)-395/2024 saylı Qərarı ilə təqsirli bilinib 300 manat məbləğində tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin qəbul etdiyi qərardan həm Cavabdeh və onun əri Rauf Seyidov daha da şiddətlənmiş və onu hədələyirlər. Artıq qızı Cavabdeh və onun əri ilə aralarında olan münasibətlər tamamilə pozulmuşdur. Onlar ilə bir mənzildə yaşamaq mümkün deyildir, onun həyatı təhlükə qarşısındadır. Onun başqa yerdə yaşamağa və sığınmağa yeri yoxdur. Bu yaşda evdən çıxarılıb küçəyə atılırsa, ağır bir duruma düşər. Hesab edir ki, vacib əhəmiyyətli yanılma təsiri altında yaşadığı mənzili nankor övlada bağışlamışdır. Bağışlama müqaviləsi yanılma nəticəsində bağlandığından etibarsız hesab edilməlidir. Astara rayon Notariat Ofisində 4Ə-323 reyestr nömrəsilə 30 mart 2023-cü il tarixdə qeydə alınmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 74.3 kv/m yaşayış sahəsi 49.1 kv/m olan 4 otaqlı mənzilin mülkiyyət hüququ ilə Cavabdeh bağışlanmasına dair müqavilənin etibarsız hesab edilib ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etdiyini lakin, anasının iddia ərizəsində ifadə etdiyi fikirlərin yanlış olduğunu və ona qarşı heç bir təhqiramiz hərəkətlərə yol vermədiklərini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş Astara rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 4Ə-323 saylı, xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi Tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı, X2 verilmiş **********73-05101-093042 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 74.3 m2 4 otaq Cavabdeh hədiyyə verilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3(018)-395/2024 saylı qərara əsasən, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş AR-İİİ saylı 456627 sayı etibarnamə sənədindən görünür ki, Cavabdeh etbarnamədə qeyd edilən səlahiyyətlərinin həyata keçirilməsini 03 il müddətinə Seidov Raufa etibar etmişdir. İş materialına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuş, ünvan 3 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı qeyd olunan bağışlama müqaviləsinin etibarsız sayılmasını və ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddianın təmin olunan hissəsi, yəni bağışlama müqaviləsinin ləğv olunması tələbini təmin edərkən aşağıda qeyd olunan maddi hüquq normalarının iddia tələbinin qanuni əsasları kimi qəbul edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinə əsasən, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli qərarına əsasən, ailə hüquq münasibətləri dedikdə, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür. Ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Həmçinin həmin plenum qərarına əsasən, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. İşin yuxarıda qeyd olunan faktiki hallarını, maddi hüquq normasının tələblərini, cavabdehin iddianı qəbul etməsini və istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarını əsas götürən məhkəmə hesab edir ki, Cavabdeh və onun əri X4 bağışlama müqaviləsi əsasında əmlakı əldə etdikdən sonra İddiaçı qarşı ailə hüquq münasibətlərini pozacaq davranışlara yol verərək İddiaçı hüquqlarını kobud şəkildə pozmuşlar. Odur ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Astara rayon notariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 30 mart 2023-cü il tarixli, 4Ə-323 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Astara rayon notariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 30 mart 2023-cü il tarixli, 4Ə-323 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi ləğv olunsun. İddia qalan hissəsi təmin olunmasın. Qətnamədən alındığı gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar