Məhkəmə qərarları › İş №2(018)-978/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-978/2024

22.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-978/2024 22.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovun sədrliyi və məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Demirbaş Tuncaya qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə verərək, maraqlı şəxs Demirbaş Tuncayı cəlb edərək, 17 iyul 2024-cü il tarixli, MŞB/8/2024-01557 saylı barışıq sazişinə əsasən Demirbaş Tuncay ilə aralarında bağlanılmış 5 saylı Bakı Asan Xidməti Mərkəzi Qeydiyyat şöbəsində 04 avqust 2017-ci il tarixdə 2364 qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, nikahın pozulması haqqında tələbə barışıq sazişinin təsdiqi qaydasında baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməli, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 16. Nikaha xitam verilməsi qaydası Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Maddə 17. Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi 17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. 17.2. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: 17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 17.4. Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 18. Müvafiq icra hakimiyyəti orqanında nikahın pozulması zamanı ər-arvad arasında yaranan mübahisələrə baxılması Ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır. Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Maddə 20. Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Maddə 21. Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında pozulması 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 21.2. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. 21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 01 (bir) aydan tez olmayaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə; 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Sadalanan maddi və prosessual qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, Ərizəçi məhkəməyə barışıq sazişinin təsdiqi barədə ərizə ilə deyil, nikahın pozulmasına qarşı Demirbaş Tuncayı cavabdeh qoymaqla, iddia icraatı qaydasında, iddia ərizəsi ilə müraciət etməli idi. Odur ki, Ərizəçi izah edilməlidir ki, o iddia icraatı qaydasında nikahın pozulmasına dair ərizə ilə aidiyyatı məhkəməyə müraciət edə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri və əsaslı hesab edir ki, Ərizəçi eyni məzmunlu ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 19 iyul 2024-cü il tarixli, 2(018)- 969/2024 saylı qərardadı ilə ərizə geri qaytarılmışdır. Digər birinci instansiya məhkəməsinin oxşar iş üzrə mövqeyi məhkəmə üçün əsas sayıla bilməz və ərizəçiyə hazırki qərardaddan şikayət verməsi tövsiyyə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 152.1.1, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Demirbaş Tuncaya qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar