Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-982/2025 25.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsindən irəli gələn pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsindən irəli gələn pul» tələbinə dair iddia verərək, Cavabdeh borclu olduğu 5480 (beş min dörd yüz səksən) manat məbləğində pulun və 76 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cü ildə Masallı rayonu Kosakül kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. Masallı şəhəri Seybətin küçəsində yerləşən Nisa mebel salonunu işlədir. Əvvəllər tanımadığı Cavabdeh müştəri kimi salona daxil olaraq bəyəndiyi mebellərin qiymətini ondan soruşmuşdur. Cavabdehin aldığı mebellər aşağıdakılardan ibarətir: Kosova yataq dəsti, kosova kamod, kosova qorka, mətbəx masası, stul dəvə, stol panel, mətbəxt-3 metr, tək çarpayı, pufik, döşək, dəmirdən ibarət mebel dəstlərini nisyə alğı-satqı müqaviləsinə əsasən götürmüşdür. Ümumilikdə mebellərin qiyməti 8280 manat etmiş, cavabdeh ona söz vermişdir ki, qızının toyunun səhəri pulun hamısını bağlayacaq. O da cavabdehə inanıb razılaşaraq mebelləri ona vermişdir. Üzərindən bir həftə keçdikdən sonra cavabdeh iş yerinə gələrək pulun hamısını bağlaya bilməyəcəyini demiş və ona mebellərin pulundan cəmi 1600 manat pul vermişdir. Yerdə qalan 6600 manat pulu isə 18 aya bölüb hər ay 366 manat ödəyə biləcəyini bildirdirmişdir. Məcburiyyət qarşısında qalaraq və cavabdehə inanaraq onunla razılaşmış və aralarında 18 aylıq müqavilə bağlamışlar. Bu adam həmin müqaviləyə də, əməl etməyərək aylıq ödənişlərini vaxtında ödəməməyə başlamışdır. Sonradan onun barəsində Masallı rayon polis şöbəsinə şikayət etmiş, şikayəti əsasında cavabdehin izahatı alınmış və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək barədə ona hüquqları izah edilmişdir. Cavabdehin sonuncu ödənişinin tarixi təxminən 6 ay bundan qabağ olmuş və ondan sonra ödəniş etməmiş və cavabdehin hazırda 5480 manat borcu qalmışdır. Dəfələrlə borcumu tələb etsədə heç bir nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, iddiaçıdan qızı üçün cehiz əşyaları aldığını, lakin pulun hamısını birdəfəlik ödəyə bilmədiyini, borclu olduğu 5480 manat məbləğində pulu hissə-hissə ödəyə biləcəyini dediyini, lakin iddiaçının razılaşmadığını, hissə-hissə ödəniş etmək imkanında olduğunu bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş razılaşma sənədindən görünür ki, satıcı İddiaçı ilə borcalan Cavabdeh arasında 6600 AZN məbləğində pulun 18 ay ərzində hər ay 366 manat olmaqla hissə-hissə ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan, satış müqabiləsi adlı sənəddən görünür ki, Cavabdeh 8280 manat dəyərində əşya almışdır. İş materiallarında olan, Masallı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı bildirilmişdir ki, onun Masallı rayon Polis Şöbəsinə ünvanladığı müraciətə baxılmış, Astara şəhəri, Səməd Vurğun küçəsində yaşayan Cavabdeh qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 76 manat dövlət rüsumu ödəmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 567.1-ci maddəsinə görə, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdi ki, Cavabdeh 8280 manat dəyərində cehizlik əşyalar almış, ümumilikdə iddiaçıya 5480 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya aldığı əşyalara görə 5480 manat borclu olduğunu etiraf etmiş, iddia tələbini qəbul etmişdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan mallar almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 76 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5480 (beş min dörd yüz səksən) manat məbləğində pul və 76 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-982/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-982/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver