Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1015/2021 08.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi , iddiaçı Anqbazov Rauf Əli oğlunun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əli qızına və Balakən Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu faktı və miras qalan əmlakdan düşən payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Əli oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 , Cavabdeh3 Əli qızına və Balakən Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN 800 seriya nömrəli, kod 40109018 olan Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X20, Cavabdeh2 və Cavabdeh1 adına Balakən rayonu, Meşəşambul kəndində verilmiş 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Anqbazova Zəhra Əli qızına məxsus hissəsinə mirasın faktiki qəbulu, vərəsəliyin açılması və mərhumdan miras qalan əmlakdan ona düşən payın müəyyən olunaraq mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Anqbazov Rauf Əli oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə baxışında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN 800 seriya nömrəli, kod 40109018 olan Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X20, Cavabdeh2 və Cavabdeh1 adına Balakən rayonu, Meşəşambul kəndində verilmiş 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Anqbazova Zəhra Əli qızına məxsus hissəsinə mirasın faktiki qəbulu və mərhumdan miras qalan əmlakdan İddiaçı düşən payın müəyyən olunaraq mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı Əli oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki,o, ailəsi ilə birlikdə Balakən rayonu, Meşəşambul kəndində yaşayır. Mərhum X3 07 iyun 2004-cü il tarixdə vəfat etmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X10, Cavabdeh2 və Cavabdeh1 Əli qızına Balakən rayonu Meşəşambul kəndində 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mərhum anası vəfat etdikdən sonra həmin əmlaka o, sahiblik etməyə başlamışdır. Qardaşı Cavabdeh2 və bacısı Cavabdeh1 uzun illərdir ki, Rusiya Federasiyasında yaşayırlar. Cavabdeh2 anasının dəfn mərasiminə gəlmiş, 3 gündən sonra çıxıb Rusiyaya getmişdir. Bundan sonra bir daha geri qayıtmamışdır. 2013-cü il tarixdə Regionda baş verən zəlzələdə ata mülkündə olan yaşayış evi yararsız vəziyyətə düşmüş və FHN tərəfindən həmin həyətdə yaşayış evi tikilmişdir. Evin tikilməsində iştirak etmiş, müəyyən xərclər FHN tərəfindən, müəyyən xərclər isə onun tərəfindən ödənilmişdir. Cavabdeh1 və Cavabdeh2 Rusiya Federasiyasında yaşayırlar. Cavabdeh3 Balakən rayonu, Xalatala kəndində yaşayır. Onlar 7 övladdırlar. Digər vərəsələr ilə bağlı aralarında hər hansı bir mübahisə yoxdur. Yalnız vərəsələrdən Cavabdeh1, Cavabdeh2 və X24 ilə aralarında mübahisə vardır.Mərhum anasından miras qalmış əmlak ilə bağlı Balakən Asan Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Lakin vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bunun üçün mirasın qəbulu faktı və miras qalan əmlakdan payının müəyyən olunması tələbinə dair məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh3 iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı Əli oğlu doğma qardaşıdır. Atası X26, X3dır. Valideynlərinin İsmayıl, Məleykə,Mata, Ömər,Siracəddin,Möminət , Yaşar və Mətanət adlı uşaqları olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X10, Cavabdeh2 və Cavabdeh1 Əli qızına Balakən rayonu Meşəşambul kəndinin ərazisindən 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.X3 isə 07 iyun 2004-cü il tarixdə vəfat etmişdir. Anası vəfat edənə kimi onunla birlikdə bacısı Mətanət yaşamışdır. Anasının ölümündən sonra da Mətanət tək qaldığı üçün bibisi, yəni atasının bacısı ilə birlikdə həmin evdə yaşamış,miras əmlakı idarə etmişdir. Anası öləndən 2-3 il sonra Mətanət Rusiyaya təhsil almaq üçün getmişdir. Anasının ölümündən 1-2 ay əvvəl Rauf Rusiyadan qayıtmış , anası öləndən 1 həftə sonra Rusiyaya getmişdir. Raufun özünə məxsus evi var. Anasının ölümündən əvvəl və sonra Rauf özünə məxsus evdə yaşayıbdır. Mətanət Rusiyaya gedəndən sonra anasına məxsus evdə o yaşamış, anasına, Mətanətə və Yaşara verilmiş torpaq sahəsindən o istifadə etmişdir. Rauf həmən evdən və torpaqdan istifadə etməyibdir. 5 il əvvəl Rauf ona bildirmişdir ki, qızını evləndirəcək və Rusiyadan gələndə anasının evində bir müddət yaşamaq istəyir. O, da buna razılıq vermişdir.Qızının toyu olduqdan sonra Rauf Rusiyaya getmişdir. Hazırda həmin evdə heç kim yaşamır, evə torpaq sahəsinə o nəzarət edir.İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Süleymanova (Anqbazova) Möminət Əli qızı məhkəmə iclasında göstərdi ki,Rauf qardaşı, Mətanət və Mata bacısıdır.Anası 2004-cü ildə ölübdür. Rauf 2001-ci ilə qədər anasına məxsus evdə yaşayıb. 2001-ci ildə Rusiyaya gedib. Anası ölməzdən il yarım əvvəl qayıdıb, anası ilə birgə həmin evdə yaşayıbdır. 2005-ci ilin may ayına qədər Rauf həmin evdə yaşayıb, qızının toyu da həmin evdə olub. Onun anasının evindən heç bir tələbi yoxdur. Anası ölənə kimi anasına məxsus evdə Rauf ailəsi və bacısı Mətanət yaşayıblar.Anası öləndən sonra bibisi 1-2 ay bacısı Mətanətlə yaşayıb. Sonra Mətanət qardaşı Rauf və onun ailəsi ilə birgə yaşayıblar. Raufun özünə aid torpağı var. Orada taxta ev olub sonra ev uçubdur. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, Rauf atasıdır.O,2005-ci ilə kimi nənəsinin evində yaşamışdır. 2005-ci ildə ailəsi ilə birlikdə Mahaçkalaya getmişlər.2015-ci ildə nənəsinə məxsus evə qayıtmışlar və onun toyu olmuşdur. Nənəsi ölənə qədər o, nənəsi ilə ona məxsus evdə yaşamışdır. Atası Rauf nənəsi ölənə qədər Rusiyaya gedib gəlmiş, nənəsi öləndən sonra il yarım Balakəndə yaşamışdır. Onların öz evləri olmuş, ancaq köhnə və balaca olduğu üçün ev yararsız vəziyyətə düşərək dağılıbdır. Nənəsi öləndən sonra o, anası, atası, qardaşı və bibisi Mətanət nənəsinə məxsus evdə yaşamışlar. Atasının bibisinin həmin evdə yaşadığını görməmişdir. Cavabdehlər Cavabdeh1 , Cavabdeh2, Balakən Asan Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş şəxslər- X15, X12, X27, X16 hüquqi varisi- X17 və X4 hüquqi varisi- X18 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5ci maddəsinə əsasən işə məhkəmə iclasına gəlməmiş cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Balakən Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı Əli oğluna ünvanlanmış 26 yanvar 2021-ci il tarixli 701 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən siz mərhum X7 mirasının qəbulu üçün müddəti ötürmüşsünüz.Odur ki, ötürülmüş müddətin bərpası və ya mirasın qəbulu faktını müəyyən etmək üçün və digər vərəsələrlə aranızda olan mübahisənin həlli ilə əlaqədar məhkəməyə müracət etməlisiniz”. İşdə olan keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-800, KOD 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X10, Cavabdeh2, Cavabdeh1 Əli qızına Balakən rayonu Meşəşambul kəndi ərazisindən 1.43 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 avqust 2019-cu il tarixdə verilmiş 1210 nömrəli çıxarışdan görünür ki, Anqbazova Zöhrə Əli qızı 06 iyun 2004-cü ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Meşəşambul kənd inzibati ərazi dairəsi tərəfindən 19 sentyabr 2019-cu il tarixdə verilmiş 634 nömrəli arayışın surətindən görünür ki, Anqbazova Zöhrə Əli qızının vərəsələri-əri X26, oğlu X15, qızı X13, qızı Cavabdeh3, oğlu X27, oğlu X5, qızı Süleymanov Möminət Əli qızı, oğlu Cavabdeh2 və qızı Cavabdeh1dır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 sentyabr 2019-cu il tarixdə verilmiş 1398 nömrəli çıxarışın surətindən görünür ki, X28 və Həsənova Zəhra Əli qızının nikahı haqqında 20 aprel 1963-cı il tarixdə 39 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlanandan sonra arvada Anqbazova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 avqust 2019-cu il tarixdə verilmiş 1209 nömrəli çıxarışın surətindən görünür ki, Anqbazov Əli Ömər oğlu 07 iyun 1995-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 avqust 2019-cu il tarixdə verilmiş 1208 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı 16 fevral 1969-cu ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuş, atası X26, X3 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 sentyabr 2019-cu il tarixdə verilmiş 1397 nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 Əli oğlu 24 fevral 1978-ci ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuş, atası X26, X3 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 may 2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X22 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən Balakən rayonu Meşəşambul kəndində yerləşən mənzilini (evini) oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Bundan əlavə olaraq aşağıdakılara sərəncam vermişdir,bu vəsiyyətlə əlaqədar olaraq, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və məhkəmə iclasına gəlmiş cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Əli oğlunun atası Anqbazov Əli Ömər oğlu, X3dır. Onların X15,Bağmanova (Anqbazova) Məleykə Əli qızı, Murtuzova (Anqbazova) Mata Əli qızı,X27,X5, Süleymanova (Anqbazova) Möminət Əli qızı, oğlu Cavabdeh2 və qızı Cavabdeh1 adında uşaqları olmuşdur.Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X10, Cavabdeh2 və Cavabdeh1 Əli qızına Balakən rayonu Meşəşambul kəndinin ərazisindən 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı Əli oğlunun atası Anqbazov Əli Ömər oğlu 07 iyun 1995-ci ildə,X3 isə 07 iyun 2004-cü il tarixdə vəfat etmişdir. Vərəsələrdən heç biri qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. X2 ölümündən sonra ona məxsus evdə vərəsələrdən Cavabdeh1 Əli qızı yaşamış, miras əmlaka o sahiblik etmiş, o idarə etmişdir. İddiaçı Əli oğlu 2001-ci ildən həmin kənddə inşa etdirdiyi evdə və Rusiya Federasiyasında yaşamışdır. O, qanunla müəyyən edilmiş 6 ay ərzində anasından miras qalan əmlaka sahiblik etməmiş, onu idarə etməmişdir.O,altı aydan sonra da hərdən valideynlərinə məxsus evə gəlib getsə də yenə də miras əmlaka sahiblik etməmiş,onu idarə etməmişdir.On yeddi ildən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçının miras əmlak olaraq qeyd etdiyi torpaq sahəsi X7 deyil,X9 mülkiyyətindədir. İddiaçı Əli oğlu da məhz Anqbazova Zəhra Əli qızının mülkiyyətində olan torpaq sahəsindən pay tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1151.1-1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd emişdir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qərarda həmçinin göstərilmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Məhkəmə işin yuxarıda qeyd edilmiş hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Əli oğlu tərəfindən miras qəbul edilməmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir. İddiaçı Əli oğlunun anasına məxsus evdə 2005-ci ilin may ayına kimi yaşaması barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Süleymanova (Anqbazova) Möminət Əli qızının izahatına və şahid Şahid ifadəsinə məhkəmə tənqidi yanaşaraq həmin izahat və ifadəni işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etmir. Belə ki, Süleymanova (Anqbazova) Möminət Əli qızının özünün izahatından aydın oldu ki, anası öldükdən sonra valideynlərinə məxsus evdə bacısı Mətanət tək qalmaması üçün bibisi ilə birlikdə yaşamışdır. Həmçinin şahid Şahid iddiaçının qızıdır. Mətanət Anqbazovanın anasının ölümündən sonra valideynlərinə məxsus evdə bibisi ilə birgə yaşadığı məhkəmə iclasında tam təsdiq olunmasına baxmayaraq Şahid ifadəsində Mətanətin bibisinin həmin evdə yaşadığını görmədiyini bildirmişdir. Bununla da təsdiq olunur ki, o da həqiqətəuyğun olmayan ifadə vermişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əli qızına və Balakən Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu faktı və miras qalan əmlakdan düşən payının müəyyən edilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əli qızına və Balakən Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu faktı, vərəsəliyin açılması və miras qalan əmlakdan düşən payının müəyyən edilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilsin . 10 manat dövlət rüsumu xərci iddiaçı İddiaçı Əli oğlunun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-1015/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1015/2021
08.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver