Məhkəmə qərarları › İş №2(019)-189/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-189/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-189/2021 23.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “xxxx” ASC) nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 64,89 ( almış dörd manat, 89 qəpik ) manat, faiz borcu üzrə 109,4( bir yüz doqquz manat,04 qəpik) manat olmaqla, cəmi 174,29 ( bir yüz yetmiş dörd manat, 29 qəpik ) manat borcun, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh "xxxx" ASC-inin xeyrinə 64,89 manat əsas borc, 123,54 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 9,11 manat faiz (illik 5%) olmaqla, cəmi 197,54 (yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində borc, 20 manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC-nin "Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Bank kartlarının aılnması və onlardan istifadə edilməsinə dair müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi aldığı kartı, onun istifadə etmə müddət ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, Bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 6.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi, kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələri yerinə yetirilməsini öhdəsinə götürür. Həmçinin 6.2-ci bəndinə əsasən Bank, əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malikdir. Filialın müştərisi olan Cavabdeh məxsus plastik kart hesabına (********************) xx xxxxxx 2015-ci il tarixdə 133 manat mədaxil edilmiş, sonuncu həmin vəsaiti Türkiyə Respublikasından məxaric etmişdir. Məlum olduğu kimi, xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikasında 2-ci devalvasiya baş vermiş, 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşdırılmışdır. xx xxxxxx 2015-ci il tarix cümə gününə təsadüf etdiyindən, xaricdə aparılmış həmin əməliyyatın təsdiqi xx xxxxxx 2015-ci il tarixdə həyata keçirildiyindən (əməliyyatın təsviri: NİGDE SUBE-20151218-94) məzənnə dəyişikliyi ilə əlaqədar həmin yeni məzənnə ilə hesablanmış, 197,89 manat vəsaitin kart hesabından məxaric edilməsi, 388101944********** hesabda öz təsdiqini tapmışdır. Göründüyü kimi, Cavabdeh məxsus plastik kart hesabına 133 manat mədaxil edilməsinə baxmayaraq, sonuncu kart hesabından 197,89 manat vəsaiti məxaric etmiş, nəticədə cavabdeh 64,89 manat əsassız olaraq varlanmışdır. Bundan əlavə həmin vəsaitə ümumilikdə 123,54 manat faiz hesablanmışdır. Bankın "Zaqatala” filialı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka əsas borc üzrə 64,89 (altmış dörd manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 123,54 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 9,11 manat faiz (illik 5%) olmaqla, cəmi 197,54 (yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində borcu vardır. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul və etiraf edərək, “xxxx” ASC-nin ona qarşı 64.89 AZN əsas borc və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 9,11 manat faiz (illik 5%) borcunu, cəmi 74 manat borcu qəbul etdiyini, 123,54 manat faiz borcunu isə qəbul etmədiyini göstərərək, iddianın qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixli bank kartlarının alınması və ondan istifadə edilməsinə dair müqavilədən görünür ki, Cavabdeh oğluna “xxxx” ASC tərəfindən məqsədli istifadə üçün plastik kart verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı “xxxx” ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. İş materiallarına əlavə olunmuş «xxxx» AS-nin Zaqatala filialının xx.xx.2021-ci il tarixli, 380 №-li arayışında Cavabdeh "xxxx" ASC-yə 64,89 manat əsas borc, 123,54 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 9,11 manat faiz (illik 5%) olmaqla, cəmi 197,54 (yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində borcunun olması, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh Balakən Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, “ xxxx” ASC-nin ona qarşı iddiasını qismən-64,89 manat əsas borc və faiz borcu 5 % olaraq hesablanmış 9,11 manat faiz borcunu, cəmi 74 manat borcu qəbul və etiraf edir, bu barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı “ xxxx” ASC-nin "Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqaviləyə əsasən Bank tərəfindən cavabdehə istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Bank kartlarının aılnması və onlardan istifadə edilməsinə dair müqavilənin 4.1ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi aldığı kartı, onun istifadə etmə müddət ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa. Bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 6.1ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi, kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələri yerinə yetirilməsini öhdəsinə götürür. Həmçinin müqavilənin 6.2-ci bəndinə əsasən Bank, əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malikdir. İddiaçı “ xxxx” ASC-nin "Zaqatala” filialının müştərisi olan Cavabdeh məxsus plastik kart hesabına (********************) xx xxxxxx 2015-ci il tarixdə 133 manat mədaxil edilmiş, Cavabdeh həmin vəsaiti Türkiyə Respublikasından məxaric etmişdir. xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikasında 2-ci devalvasiya baş vermiş, 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşdırılmışdır. xx xxxxxx 2015-ci il tarix cümə gününə təsadüf etdiyindən, xaricdə aparılmış əməliyyatın təsdiqi xx xxxxxx 2015-ci il tarixdə həyata keçirildiyindən (əməliyyatın təsviri: NİGDE SUBE-20151218-94) məzənnə dəyişikliyi ilə əlaqədar həmin yeni məzənnə ilə hesablanmış 197,89 manat vəsaitin kart hesabından məxaric edilməsi 388101944********** hesabda öz təsdiqini tapmışdır. Cavabdeh banka 64,89 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 9,11 manat faiz (illik 5%) olmaqla, cəmi 74 (yetmiş dörd) manat məbləğində borcu mövcud olmaqla, 64,89 manat əsas borc və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 9,11 manat faiz (illik 5%) olmaqla, cəmi 74 (yetmiş dörd) manat məbləğində borc tələbi əsaslıdır. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə verməklə iddianı qismən-64,89 manat əsas borc və faiz borcu 5 % olaraq hesablanmış 9,11 manat faiz borcunu, cəmi 74 manat borcu qəbul və etiraf etmişdir Cavabdeh 123,54 manat faiz borcu barədə iddia tələbini qəbul etməmişdir. Cavabdeh 64,89 manat əsas borc və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 9,11 manat faiz (illik 5%) olmaqla, cəmi 74 (yetmiş dörd) manat məbləğində iddiaçının hesabına əsassız varlanmış və həmin məbləğdə iddiaçıya maddi ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4. 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 64,89 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 9,11 manat faiz (illik 5%) olmaqla, cəmi 74 (yetmiş dörd) manat məbləğində pul tələbi əsaslıdır və bu hissədə təmin olunmalıdır. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia cavabdehdən iddiaçının xeyrinə 123,54 manat faizin tutulması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı “xxxx” ASC-nin "Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilədə əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə cavabdehin hansısa məbləğdə iddiaçıya faiz ödəməli olması göstərilməmiş və şərtləşdirilməmişdir. İddiaçı xxxx” ASC də Cavabdeh xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əməliyyata görə faiz borcunun 123,54 manat təşkil etməsi, 123,54 manat məbləğdə faiz borcunu iddiaçıya ödəməsi öhdəliyini daşıması və həmin 123,54 manat faiz borcunu iddiaçıya ödəməli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, 123,54 manat faiz borcu hissəsində iddia tələbinin əsaslılığını sübut eə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Ona görə idda 123,54 manat faiz tələbi hissəsində əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iş üzrə Cavabdeh yazılı ərizə verməklə, iddianı qismən-64,89 manat əsas borc və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 9,11 manat faiz (illik 5%) olmaqla, cəmi 74 (yetmiş dörd) manat məbləğində qəbul və etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu qismən etirafı qəbul olunmalı və iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-inin xeyrinə 64,89 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 9,11 manat faiz (illik 5%) olmaqla, cəmi 74 (yetmiş dörd) manat məbləğində borc, 7,49 manat ödənilmiş dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh iddiaçı "xxxx" ASC-inin xeyrinə 64,89 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 9,11 manat faiz (illik 5%) olmaqla, cəmi 74 (yetmiş dörd) manat məbləğində borc, 7,49 manat ödənilmiş dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutulsun; iddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar