Məhkəmə qərarları › İş №2(019)-406/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-406/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-406/2020 01.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" X1 Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı" X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixli, E/0031 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 5000 (beş min) manat və 4500 (dörd min beş yüz) manat cərimə borcu olmaqla cəmi 9500 (doqquz min beş yüz) manat məbləğinin, habelə ödənilmiş dövlət rüsumu məbləği 30.40 manatın İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "İddiaçı" X1 nümayəndəsi X4 məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə göndərərək, məhkəmə baxışı zamanı Cavabdeh Cəmiyyətə müraciət edərək, xx.xx.2015-ci il tarixli, E/0031 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsi üzrə borcunun bir qismini icra edərək, yəni xx.xx.2020-ci il tarixində 1050 (min əlli) manat məbləğində ödəniş etdiyini və həmin ödəniş məbləğinin iddia tələbi üzrə əsas borcdan silindiyini bildirərək, Cavabdeh xx.xx.2015-ci il tarixli, E/0031 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 3950 (üç min doqquz yüz əlli) manat və 2000 (iki min i) manat cərimə borcu olmaqla cəmi 5950 (beş min doqquz yüz əlli) manat məbləğinin, habelə ödənilmiş dövlət rüsumu məbləği 30.40 manatın İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı "İddiaçı" X2 iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, E/0031 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsinə əsasən Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 23 saylı küçəsinin 14 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 56.5 kvm olan 1 otaqdan ibarət, ümumi dəyəri 39550 manat olan 7 saylı mənzili hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 2 (iki) ay müddətinə cavabdehə satılmışdır. Belə ki, xx.xx.2015-ci il tarixli, E/0031 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsinin 1.1, 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (alıcı) razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməyinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilini təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Bununla da iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə, bu zaman “Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində “Satıcı”ya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və “Alıcı” tərəfindən ödənilən məbləğdən tutularaq qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra “Alıcı”ya geri qaytarılır. Hazırda Cavabdeh xx.xx.2015-ci il tarixli, E/0031 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 3950 manat və 2000 manat cərimə borcu yaranmışdır. Həmin müqavilənin 3.1.2.3-cü bəndinə əsasən satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda İddiaçı bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Ərizəyə əlavə edilən Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsinə əlavənin 1.2-ci bəndinə görə “Alıcı” müqavilə öhdəliklərini yerinə yerinə bilmədikdə daşınmaz əşyaların alqı-satqı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı “Satıcı”ya qaytararkən hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır.Qeyd edilənlər nəzərə alınaraq, iddianın təmin edilməsi xahiş olunur. İddiaçı "İddiaçı" X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə baxışı iclasının Cəmiyyətin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixli E/0031 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilədən görünür ki, İddiaçı Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-PARK” yaşayış massivindəki 23 saylı küçəsində inşa edilən 14 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 56.5 kvm olan 1 otaqdan ibarət 7 saylı mənzili Cavabdeh 39550 manat dəyərində 2 ay müddətinə müqavilə ilə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı-nin xx.xx.2020-ci il tarixli, 3993 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli E/0031 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsi üzrə 5000 manat əsas, 4500 manat cərimə borcu olmaqla-cəmi 9500 manat təşkil edir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, hazırda Cəmiyyətin iddia tələbini qismən qəbul etdiyini, 1050 (min əlli) manat ödəniş etdiyini, tələbin cərimə hissəsinin güzəşt edilməsini, qalıq məbləği ilin sonunadək tam ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli E/0031 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-PARK” yaşayış massivindəki 23 saylı küçəsində inşa edilən 14 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 56.5 kvm olan 1 otaqdan ibarət 7 saylı mənzili hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 2 (iki) ay müddətinə Cavabdeh satılmışdır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı pretenziya qaydasına riayət edərək cavabdeh tərəfdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin borclu yenə də borcunu ödəməmişdir. İddiaçı hazırda cavabdehdən 3950 manat əsas borc və 2000 manat məbləğində cərimə olmaqla, ümumilikdə 5950 manat tələb edir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasənzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsi və fərdi yaşayış evini iddiaçıdan tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtləri əsasında satın alıb, müəyyən olunmuş 3950 manat borcu iddiaçıya ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı-nin hesabına həmin 3950 manat məbləğdə əsassız varlanmış və iddiaçıya 3950 manat məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də həmin 3950 manat məbləğ cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 3950 manat əsas borc tələbi əsaslıdır və tam təmin olunmalıdır. İddiaçı cavabdehdən həmçinin 2000 manat cərimə formasında dəbbə pulu tələb edir. Məhkəmə iddiaçının 2000 manat dəbbə pulu tələbinə hüquqi qiymət verərək, həmçinin belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tələb edilən əsas borca münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 2000 manat dəbbə pulu kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən, həmçinin kreditorun və borclunun mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasnın nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar tələb olunan 2000 manat dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» xx xxxx 2001-ci il tarixli qərarında X6 Avropa Məhkəməsi İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X5rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 2000 manat məbləğində cərimə növündə dəbbə pulu azaldılaraq, 50 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə, iddianı qismən-əsas borc hissəsində etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu qismən etirafı qəbul olunmalı və iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan hüquq normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh xx.xx.2015-ci il tarixli, E/0031 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə üzrə 3950 (üç min doqquz yüz əlli) manat əsas borc və 50(əlli) manat cərimə borcu olmaqla, cəmi 4000 (dörd min) manat və 20.17 manat ödənilmiş dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun; Cavabdeh xx.xx.2015-ci il tarixli, E/0031 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə üzrə 3950 (üç min doqquz yüz əlli) manat əsas borc və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 4000 (dörd min) manat və 20.17 manat ödənilmiş dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulsun; iddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar