Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-636/2020 02.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 vəkili X25 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 10500 (on min beş yüz) manat konpensasiya verilməklə cavabdehlərin iddiaçıya məxsus evdən çıxarılması və evdən istifadə hüquqlarına xitam verilməsitələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 3.500 (üç min beş yüz)manat, cəmi 10.500 (on min beş yüz) manat kompensasiya verilməklə onların onaməxsus ünvan 1 ünvanında yerləşən evdən çıxarılması və evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı 1949-cu ildə Balakən rayonu Mahamalar kənd sakini X1 ərə köçmüşdür. Ondan onun 1950-ci ildə X21 adında oğlu olmuşdur. Onun atası Məmməd Baknalovdan 1951-1952-ci illərdə boşanıb, müharibədə şəhid olmuş birinci əri X3 evinə getmişdir. Onun köhnə yararsız evində 1986-1987-ci illərə kimi yaşayıb, öz vəsaiti hesabına həmin yerdə hazırki birmərtəbəli, 2 otaqlı və bir köməkçi sahədən ibarət evi tikmişdir və 1987-ci ildən bu günə kimi həmin evdə yaşayır. Evini dövlət qeydiyyatından keçirib, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx xxxxxx 2008-ci ildə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış və texniki pasport almışdır. Mülkiyyətində 0,6 ha torpaq sahəsi vardır. Evinin və torpağın yeganə mülkiyyətçisi olmuşdur. ünvan 1-də yerləşən həyətyanı torpaq sahəsi və ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona xx xxxxxxx 2008-ci ildə Azərbaycan Respublikası Əmlak Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi İdarəsi tərəfindən MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Bundan əlavə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Əmlakını və ona məxsus torpaq sahəsini o, nəvəsi X22 vəsiyyət etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, onun evində qeyri-qanuni onun icazəsi olmadan yaşayırlar və onun torpaq sahəsindən istifadə edirlər. Onlarla onun və nəvəsi X13 arasında tez- tez mübahisələri olur. Cavabdeh1 birgəyaşayış qaydalarına əməl etmir, tez-tez evdə mübahisələr yaradır. Dəfələrlə o, Balakən Rayon Polis Şöbəsinə bu barədə müraciət etmişdir. Ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Keçmiş gəlini 2013-cü ildə oğlu X4 boşanmış, lakin sonra 2018-ci ildə yenidən X21 ilə nikaha girmiş, iki aydan sonra isə oğlu X21 rəhmətə getmişdir. Hal-hazırda cavabdeh birgəyaşayış qaydalarına əməl etmir, bütün yediyi meyvə-tərəvəz məhsullarını, qarpızı və.s olan zibili həyətinə, yoluna tullayır. Həyətdə qanunsuz tikinti aparmaq məqsədi ilə tikinti materiallarını gətirib həyətinə tökmüş, yalnız evdən istifadə hüququ olduğu halda, onun evini dağıdıb evin içərisində hamam və digər tikililər tikmək istəyir. Bununla bağlı aralarında tez-tez yenə mübahisələr baş verir. Onların ailəsi münaqişəli ailə kimi Balakən Rayon Polis Şöbəsində qeydiyyatdadır. Məhkəmə işə baxarkən mübahisəli evin və həyətyanı sahənin onun mülkiyyətində olmasını nəzərə almalıdır. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 3500 (üç min beş yüz) manat, cəmi 10500 (on min beş yüz) manat kompensasiya verilməklə onların ona məxsus evdən çıxarılması və evdən istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili X37 iddianı qəbul etməyərək, göstərdi ki, təklif edilən kompensasiya cavabdehlərin Balakən şəhərində eyni şəraitdə yaşaması üçün kifayət etmir. Həmçinin cavabdehlər evin yerləşdiyi torpaq sahəsinin birgə mülkiyyətçiləridir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hal-hazırda Bakı şəhərində yaşayır və oxuyurlar. İddia əsassızdır və təmin olunmamalıdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********00-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45.1 kv.m yaşayış, 44.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala rayon Ərazi idarəsi 635 invertar qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Mahamalar kəndi fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli, 1850 nömrəli, xx.xx.2020-ci il tarixli, 1851 nömrəli, xx.xx.2020-ci il tarixli, 1852 nömrəli və xx.xx.2020-ci il tarixli, 1853 nömrəli arayışlarından görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 №-li evdə yaşayırlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli, 1859 nömrəli arayışından görünür ki, ailə başçısı İddiaçı (1924-cü il təvəllüdlü), gəlini Cavabdeh1 (xx.xx.1956-cı il təvəllüdlü), nəvəsi X14 (xx.xx.1993-cü il təvəllüdlü), nəvəsi Cavabdeh3 (xx.xx.1995-ci il təvəllüdlü), nəvəsi X30 (xx.xx.1974-cü il təvəllüdlü), nəticəsi X33 (xx.xx.2009-cu il təvəllüdlü), gəlini X9 (xx.xx.1971-ci il təvəllüdlü), nəticəsi Cavabdeh2 Akif qızı (xx.xx.2010cu il təvəllüdlü) və 1-ci gəlini X34 (xx.xx.1956-cı il təvəllüdlü) ünvan 2 №-li evdə qeydiyyatdadırlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sahibkar-biznesmen X15 verdiyi xx.xx.2020-ci il tarixli, 05 №-li arayışdan görünür ki, Balakən şəhərində bir nəfər üçün aylıq kirayə haqqı 50 manatdır. Balakən şəhərində bir mərtəbəli, 2 otaqlı, 45.1 kv.m yaşayış sahəsindən ibarət və köməkçi sahəsi 44.9 kv.m olan fərdi yaşayış evinin orta satış qiyməti 25.000-30.000 manat civarındadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(019)-198/2009 nömrəli qətnaməsindən görünür ki, ilk iddia təmin edilmiş, İddiaçı Balakən rayonu Mahamalar kəndində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45 1 kv.m yaşayış, 44.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə mülkiyyət hüququnun bərpa edilməsi, İddiaçı və X13 ailə üzvləri ilə birlikdə həmin evə köçürülmələri, yaşayış evinin 20.9 kvm olan hissəsinin digər 24.2 kvm olan yaşayış otağından və yardımçı sahələrdən təcrid edilməsi, evin ön fasadında yerləşən sağdan ikinci pəncərə divardan çıxarılaraq yerinə giriş qapısının salınması, bağa eyvanda DSP materialdan yüngül arakəsmə və binaya girişdə metal borular üzərində pilləkən və pilləkən meydançasının quraşdırılması, yenidənqurma işlərinin iş üzrə verilmiş mütəxəssis rəyi və evin bölgü sxeminə uyğun aparılması, evin bölgüsü zamanı aparılacaq yenidənqurma işlərinə çəkilməli olan bazar qiymətləri ilə təqribən 800.00 manat xərcin evin mülkiyyətçisi İddiaçı üzərinə qoyulması, evin 20.9 kvm olan yaşayış otağından və ona bitişik yardımçı sahələrdən Cavabdeh1 ailə üzvləri ilə birlikdə evin digər 24.2 kvm yaşayış otağı və ona bitişik yardımçı sahələrdən isə İddiaçı və X13 ailə üzvləri ilə birlikdə istifadə qaydalarının müəyyən edilməsi, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2 (107)-655/2018 saylı qətnaməsindən görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X26 tərəfindən 6500 manat kompensasiya ödənməklə cavabdehlər X10 və X8 iddiaçı X11 mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmiş, cavabdehlər X10 və X18 iddiaçı X16 mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və X11, X7 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 2762,90 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmiş, cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ciiltarixli, 2(019)-672/2017 nömrə qətnaməsi iddiaçı X26 tərəfindən 6500 manat kompensasiya ödənməklə cavabdehlər X10 və X8 iddiaçı X11 mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi hissəsində dəyişdirilmiş, iddiaçı X26 tərəfindən cavabdeh X5 3500 manat və cavabdeh X12 3500 manat olmaqla 7000 manat kompensasiya ödənməklə cavabdehlər X10 və X8 iddiaçı X11 mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının x xxx 2013-cü il tarixli, 1(102)-346/2013 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RPŞ-nin TQ-nun təhqiqatçısı Ə.İ.Cəmilovun cinayət işi başlanmasının rədd olunması barədə xx xxxxxxx 2008-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********00-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli Çıxarışla Balakən rayonu Mahamalar kəndində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45.1 kv.m yaşayış, 44.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mübahisə predmetini təşkil edən evin hazırki ünvanı ünvan 2 №-li evdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia predmetini təşkil edən həmin evə köçürülməklə, orada yaşadıqlarından və həmin ev hazırda iddiaçının mülkiyyətində olduğundan (iş materiallarına əsasən cavabdehlər həmin evə köçürülüb orada yaşamağa başladığı zaman mübahisəli ev mülkiyyətdə olmamışdır) cavabdehlərin mübahisəli ünvan 2 №-li ünvanda yerləşən fərdi yaşayış evinə faktiki sahiblik və istifadə hüququ yaranmışdır. Cavabdeh2 və Cavabdeh3 hal-hazırda Bakı şəhərində yaşayır və oxuyurlar. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin hər birinə 3500 manat kompensasiya olmaqla ümumi 10500 manat kompensasiya verilməklə cavabdehlərin onun xüsusi mülkiyyətində olan evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X19 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X20”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X40 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli iş üzrə qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə İddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Belə olan halda, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsinə) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür.Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olubolmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İşin məhkəmədə araşdırılmış hallarından görünür ki, cavabdehlər iddiaçının razılığı ilə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 saylı evdə yaşamaqla sahiblik və istifadə hüququ əldə etmişlər. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 hal-hazırda Bakı şəhərində yaşayır və oxuyurlar. Tərəflər arasında mübahisəli yaşayış evindən istifadə ilə bağlı mübahisələr yaranmışdır və hazırda da bu mübahisələr davam edir. Tərəflər arasında dəfələrlə evdən istifadə ilə bağlı mübahisələr polisdə araşdırılmışdır, bu ailə münaqişəli ailə kimi Balakən Rayon Polis Şöbəsində qeydiyyatdadır. İddiaçı evin mülkiyyətçisi kimi cavabdehlərin mübahisəli evdən istifadə etməsinə etiraz edir və cavabdehlərin həmin evdən istifadə hüquqlarına cəmi 10500 manat kompensasiya verməklə (hər bir cavabdehə 3500 manat kompensasiya olmaqla) xitamını təkid edir. Məhkəmə təklif olunan kompensasiyanın cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının xitamı üçün bazar qiymətlərinə uyğun, yetərli olub-olmamasını müzakirə edərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli evdəki istifadə hüquqlarına xitam verilməsi üçün təklif edilən cəmi 10500 manat (hər cavabdeh üçün 3500 manat) məbləğdə kompensasiya ağlabatan olmaqla, onların mənafeyinə uyğundur. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan yaşayış evinə oxşar evdə bir nəfər üçün kirayə haqqı aylıq 50 manat olmaqla, üç nəfər üçün hər ay 150 manatdır. Belə olan halda təklif olunan 10500 manat kompensasiya elə bir əvəzləşdirmədir ki, cavabdehlərin davamlı surətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasına imkan verir. Bu xüsusda təklif olunan kompensasiya bazar qiymətlərinə uyğun, ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarının itirilməsi üçün yetərlidir. Yuxarıda istinad olunan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə də iddiaçı X26 tərəfindən cavabdeh X5 3500 manat və cavabdeh X12 3500 manat olmaqla ümumilikdə 7000 manat kompensasiya verilməklə onların X11 xüsusi mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmişdir. X42 Məhkəməsi həmin qətnaməsi ilə Balakən rayonunda bir şəxsin evdən istifadə hüquqlarına xitam verilməsi üçün kompensasiya məbləğini 3500 manat, iki şəxs üçün isə 7000 manat məbləğində müəyyən etmişdir. Hazırki işdə də iddiaçı tərəfindən cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi üçün bir şəxsə görə 3500 manat olmaqla, üç nəfər üçün cəmi 10500 manat kompensasiya məbləği təklif edilir. Digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 №-li evdə cavabdehlərdən başqa daha 5 nəfər qeydiyyatdadır və yaşayır. Belə olan halda bir nəfərə verilən kompensasiyanın məbləği 3500 manat olduğu təqdirdə, həmin 5 nəfərin istifadə hüquqlarına xitam verilməsi üçün ödənilməli olan kompensasiyanın cəmi məbləği 17500 manat edir. Həmin 17500 manatla cavabdehlərə təklif edilən 10500 manat kompensasiya məbləği toplandıqda cəmi kompensasiya məbləği 28000 manat edir ki, bu da iş materiallarına əsasən həmin evin orta bazar qiymətini təşkil edir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, 05 №-li arayışdan görünür ki, Balakən şəhərində 45.1 kv.metr yaşayış və 44.0 kv.metr köməkçi sahədən ibarət evin (iddia predmetini təşkil edən evin yaşayış və köməkçi sahələri eynidir) orta satış qiyməti 25000- 30000 manat civarındadır. Hazırki iş üzrə yuxarıda qeyd olunan hallar təklif edilən kompensasiya məbləğinin yetərli olması qənaətinə gəlməyə əsas verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 3500 manat, cəmi 10500 manat kompensasiya verilməklə cavabdehlərin İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli və cavabdehlər həmin evdən çıxarılmalıdır. Məhkəmə onu da xüsusi qeyd etməyi lazım bilir ki, əslində istifadə hüququ mülkiyyət hüququnu məhdudlaşdıran bir hüquqdur və bunun üçün qanunda nəzərdə tutulmuş xüsusi şərtlər olmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən mülkiyyət hüququ mütləq hüquq deyildir və bu hüquq dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək məqsədilə məhdudlaşdırıla bilər. X46 Avropa Məhkəməsi mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı qiymətləndirmə testi (meyarları) müəyyən etmişdir. Belə ki, Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X28 zavodları Yunanıstana qarşı, X17rşı, Slivçenko Litvaya qarşı və.s.) mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərlə bağlayır:1) müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. X6 1 saylı Protokolunun 1-ci maddəsinə və Avropa Məhkəməsinin qərarlarına görə mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün mülkiyyətçiyə kompensasiya ödənilməlidir. Bu mənada mülkiyyət hüquqlarına hər hansı müdaxilənin qanunda nəzərdə tutulmaması, bunun qanuni məqsəd daşımaması, təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməməsi, qeyri-müəyyən müddəti əhatə etməsi, bu zaman fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmaması və bu müdaxilə ilə bağlı mülkiyyətçiyə səmərəli, ağlabatan və vaxtında ödənilməli olan kompensasiyanın ödənilməməsi mülkiyyət hüquqlarının pozuntusudur. Bu da qanunun tələbinə əsasən yolverilməzdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 3500 (üç min beş yüz) manat, cəmi 10500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətdiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 3500 (üç min beş yüz) manat, cəmi 10500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-636/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-636/2020
02.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver