Məhkəmə qərarları › İş №2(019)-689/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-689/2021

01.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-689/2021 01.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi, fəaliyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X6 və maraqlı şəxs Balakən rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X3 iştirakı ilə Ərizəçi oğlu X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 1993-cü il tarixdə Balakən rayonu Qazma kəndində doğulmuş və Balakən rayonu Hənifə kəndində yaşayan oğlu X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonunda yaşayır. Oğlu 12.09.1993-cü il tarixdə doğulmuş X10 anadangəlmə “Daun xəstəliyi ağır dərəcəli əqli gerilik” diaqnozu ilə xəstədir. X2 rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır, 1-ci qrup daimi əlildir. Təqaüd alır. Oğlu Asim qeyd etdiyi diaqnozla xəstə olduğundan öz hərəkətlərinin mənasını başa düşmür. Onun həm xəstəliyi, təqaüdünün alınması və sair ilə bağlı müxtəlif təşkilatlara müəyyən sənədləşmə işlərinin aparılması üçün müraciət edərkən oğlu Asimin ağıl zəifliyi və ruhi xəstəliyi olduğundan o, sənədlərə imza edə bilmir. Buna görə də oğlu Asimin fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 ərizəyə etiraz etməyərək, izahatında göstərdi ki, X10 anadangəlmə xəstədir. O, ambulator şəraitdə psixiatriya kabinetdə qeydiyyatdadır. X10 xəstəliyi ilə əlaqədar olaraq əlildir və əmək qabiliyyəti yoxdur. X10 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 12 sentyabr 1993-cü ildə doğulmuş X6 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən fəaliyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X10 izahat verə bilməmiş və məhkəmənin və proses iştirakçılarının suallarına cavab verməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X7 Hüquqi Şəxsi tərəfindən 02.06.2021-ci il tarixdə verilmiş 741 nömrəli arayışdan görünür ki, Balakən rayon Hənifə kənd sakini 1993 cü il təvəllüdlü X10 04.02.2000-ci ildən Balakən MRX-nın poliklinika şöbəsində psixiatriya kabinetində «Daun xəstəliyi ağır dərəcəli əqli gerilik» diaqnozu ilə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respubiikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 16 saylı regional ərazi filialı Balakən rayon qəbul şöbəsi tərəfindən 02.06.2020-ci il tarixdə verilmiş **********7 nömrəli arayışdan görünür ki, X10 İ qrup ümumi xəstəlikdən 280 manat məbləğində 13.09.2011-ci il tarixdən daimi sosial müavinət alır. İşdə olan Balakən rayon Qazma kənd soveti tərəfindən 02 dekabr 1989-cu il tarixdə verilmiş İV-JQ seriyalı 491027 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X1 arasında 17 avqust 2012-ci-cu il tarixdə 156 nömrə ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Ukalayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Qazma kənd icra hakimiyyəti tərəfindən 27 sentyabr 1993-cü il tarixdə verilmiş XVİİ-JQ seriyalı 388296 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 12 sentyabr 1993-cü il tarixdə anadan olmuş, atası X8, anası Ərizəçi yazılmışdır. İşdə olan Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01.06.2021-ci il tarixdə verilmiş 457 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən aşağıda qeyd edilən ailəsi var:əri-X8, oğlu-X9 və oğlu-X10 İşə əlavə olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 iyul 2021-ci il tarixli, 420 nömrəli rəyindən görünür ki, X10 uşaqlıqdan orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə, daun sindromu XBT-10 (Psixi və davranış pozuntuları beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İşdə olan 02.06.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin, qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 12 sentyabr 1993-cü ildə doğulmuş oğlu X10 anadangəlmə “Daun xəstəliyi ağır dərəcəli əqli gerilik” diaqnozu ilə xəstədir. X2 Mərkəzi Rayon Xəstəxanasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq X10 1-ci qrup əlildir və əmək qabiliyyəti yoxdur. X10 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 12 sentyabr 1993-cü ildə doğulmuş X6 xəstəliyi, yəni psixi qüsuru ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 iyul 2021-ci il tarixli, 420 saylı rəyinə əsasən X10 uşaqlıqdan orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə, daun sindromu XBT-10 (Psixi və davranış pozuntuları beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir, bununla əlaqədar olaraq X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 12 sentyabr 1993cü il tarixdə Balakən rayonu Qazma kəndində doğulmuş və Balakən rayonu Hənifə kəndində yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 sentyabr 1993-cü il tarixdə Balakən rayonu Qazma kəndində doğulmuş və Balakən rayonu Hənifə kəndində yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar