Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-858/2021 30.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 29.09.2020-ci il tarixli ******* saylı “Alqı-satqı Müqaviləsi” üzrə əsas məbləğ 2264,88 manat, 226 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 29.09.2020-ci il tarixli ******* saylı “Alqı-satqı Müqaviləsi’nə əsasən modeli EGE 50 olan və ümumi dəyəri 2594,82 manat təşkil edən mopedi ilkin 330 manat ödəməklə geri qalan 2264,88 manat məbləğində pulu 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Moped işlək vəziyyətdə cavabdehə təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin cavabdeh həmin Müqavilə üzrə öhdəliyi icra etməməklə Müqavilənin 6-cı bəndində göstərilən tələbləri pozmuşdur. Hal-hazırda müqavilə üzrə əsas borc 2264,88 manat, əsas məbləğin 10 faizi cərimə 226 manat təşkil edir. “Alqı-satqı Müqaviləsi"nin 11-ci bəndinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh müxtəlif' bəhanələrlə müqaxilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq iddiaçı “AFN Trade“ Məhdud Məsuliyyətli Cəmiyyətinə ciddi ziyan vurmuşdur. Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə yazılı müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərindən mülki işə iştirakları olmadan baxıb, qətnamə çıxarılmasını xahiş etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan 29.09.2020-ci il tarixli ******* saylı Alqı-satqı Müqaviləsindən, ödəniş cədvəlindən, bildirişdən və satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, Cavabdeh modeli EGE 50 olan və ümumi dəyəri 2594,82 manat təşkil edən mopedi ilkin 330 manat ödəməklə geri qalan 2264,88 manat məbləğində pulu 12 ay ərzində hissəhissə ödəmək şərti ilə almışdır. İşdə olan 31.05.2021-ci il tarixli 38 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 29.09.2020-ci il tarixli 100140 saylı “Alqı-satqı Müqaviləsi” üzrə əsas borcu 2264,88 manat , cərimə borcu 226 manat təşkil edir. İş materiallarında olan 31.05.2021-ci il və 30.06.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh iddiaçıdan 29.09.2020-ci il tarixli ******* saylı “Alqı-satqı Müqaviləsi’nə əsasən modeli EGE 50 olan və ümumi dəyəri 2594,82 manat təşkil edən mopedi ilkin 330 manat ödəməklə geri qalan 2264,88 manat məbləğində pulu 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Moped işlək vəziyyətdə cavabdehə təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin cavabdeh həmin Müqavilə üzrə öhdəliyi icra etməməklə Müqavilənin 6-cı bəndində göstərilən tələbləri pozmuşdur. Hal-hazırda cavabdehin müqavilə üzrə əsas borc 2264,88 manat, cərimə borcu 226 manat təşkil edir. “Alqı-satqı Müqaviləsi"nin 11-ci bəndinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh müxtəlif' bəhanələrlə müqaxilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq iddiaçı “AFN Trade“ Məhdud Məsuliyyətli Cəmiyyətinə ciddi ziyan vurmuşdur. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcələnin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 29.09.2020-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə 2264,88 manat əsas məbləğ tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddiaçının 226 manat cərimə formasında dəbbə pulu tələbinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi 226 manat dəbbə pulu tələb edilən 2264,88 manat əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 226 manat məbləğində dəbbə pulu kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən, həmçinin kreditorun və borclunun mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar tələb olunan 226 manat dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X2rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tələb olunan 226 manat məbləğində cərimə növündə dəbbə pulu azaldılaraq, 5 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 29.09.2020-ci il tarixli ******* saylı “Alqı-satqı Müqaviləsi” üzrə əsas məbləğ 2264,88 manat, 5 manat cərimə, cəmi 2269,88 manat pul vəsaiti və ödənilmiş 27,34 manat dövlət tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Cavabdeh 29.09.2020-ci il tarixli ******* saylı “Alqı-satqı Müqaviləsi” üzrə əsas məbləğ 2264,88 manat, 5 manat cərimə, cəmi 2269,88 manat pul vəsaiti və ödənilmiş 27,34 manat dövlət tutulsun; iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-858/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-858/2021
30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver