Məhkəmə qərarları › İş №2(020)-1074/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1074/2025

25.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1074/2025 25.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tərtib olunmuş 22 yanvar 2025-ci il tarixli, AKT R № 378026 nömrəli akt əsasında hesablanmış 764.04 manat maddi ziyanın silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərişıq” ASC-nin onun barəsində tərtib etdiyi 22 yanvar 2025-ci il tarixli, AKT R №378026 nömrəli akt əsasında hesablanmış 764.04 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsindən görünür ki, onun Beyləqan şəhəri, SMD-4 qəsəbəsində fərdi yaşayış evi vardır. O, eyni zamanda ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Beyləqan rayonunda yerləşən evinə isə ayda bir neçə dəfə gəlir. Sonradan məlumatı olmuşdur ki, onun barəsində akt tərtib edərək onu maddi ziyana salıblar. O, mütəmadi olaraq X1 edir və işlətdiyi elektrik enerjisinin pulunu vaxtlı-vaxtında ödəyir. Lakin "Azərişıq'' ASC-nin əməkdaşları guya onun şəbəkəyə məxsus naqili yaralayaraq əlavə xətt vasitəsi ilə mənzilinə kənar xətt daxil etməsini müəyyən etmişlər və bu barədə akt tərtib etmişlərş O, sayğaca heç bir müdaxilə etməmiş və mənzilinə hər hansı kənar qeyri xətt çəkməmişdir. Buna baxmayaraq barəsində 22 yanvar 2025-ci il il tarixli, AKT R № 378026 akt tərtib edilmişdir. Aylıq 20-30 manat məbləğində X1 edir. "Azərişıq'' ASC-nin əməkdaşları sayğacına baxış keçirilən zaman evdə olmamışdır. Həmçinin sayğaca baxış keçirilən zaman heç bir video çəkilişdən istifadə olunmayıb. Həmçinin qonşulardan kimisə də çağırıb şahid kimi qeyd etməyiblər. Akta enerji idarəsinin əməkdaşları özləri imza etmişlər. O, "xxxx" ASC-nin Nəzarət departamenti Satışa Nəzarət İdarəsinin aktı ilə razı deyildir. Odur ki, "xxxx" ASC-nin onun barəsində tərtib etdiyi 22 yanvar 2025-ci il tarixli, AKT R № 378026 nömrəli akt əsasında hesablanmış 764.04 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə baxışı iclasında məhkəməyə poçt vasitəsi ilə ərizə göndərərək, yataq xəstəsi olduğundan məhkəmə iclaslarında iştirak edə bilməyəcəyin, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddiasını təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstrəmədən məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh "xxxx" ASC-nin vəkalətli nümayəndəsi X5 məhkəməyə ərizə göndərərək mülki işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün X2 əməkdaşlarının şahid kimi dindirilməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 satış xidmət rəisi X4 və həmin şəbəkənin aparıcı mühəndisi X3 ifadələrində göstərdilər ki, xx.xx.2025-ci il tarixdə iddiaçının yaşadığı evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının sayğacına sxemindən kənar faza xətti daxil olmaqla kənar xətt vasitəsilə X1 etməsi faktı aşkar olunmuşdur. Bu barədə hazırda videogörüntü təqdim edə bilmirlər. Həmin vaxt yaşayış evində heç kim olmamışdır. Dəymiş maddi ziyanın məbləği barədə mütəxəssislər hesablama aparmışlar və şəbəkəyə 685.83 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. İşdə olan “X1 qaydalarına riayət olunmasının yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli, AKT R №378026 saylı aktın surətindən görünür ki, istehlakçılar tərəfindən işıqdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı məxsus Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən yaşayış evinə quraşdırlmış sayğaca baxış keçrilərkən şəbəkəyə məxsus 2x10 mm2 naqil yarılaraq əlavə xətt vasitəsi ilə kənar xətt vasitəsilə X1 etməsi faktı aşkar olunmuşdur. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, İddiaçı akt üzrə 685.83 manat məbləğində sayğacdan kənar xətdən istifadə ilə bağlı ziyan hesablanmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, şahid ifadələrini dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan İddiaçı məxsus yaşayış evinin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçrilmişdir. Baxış zamanı İddiaçı sayğacdan kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akta İddiaçı imza etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş X1 Qaydalarının 7.10-cu maddəsində qeyd olunmuşdur ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinəəsasən mülki hüquqi və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görəmüqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli ozunuidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın uzərinə düşür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının kənar xətdən istifadə etməsi nəticəsində onun fərdi yaşayış evinə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələməsi və sayğacdan çıxarması halı müəyyən edilməmişdir. Cavabdeh təşkilatın nümayəndələrinin tərtib etdiyi aktda da belə bir halın mövcud olması öz əksini tapmamışdır. Bütün bu hallarla yanaşı cavabdeh təşkilata iddiaçının sayğacdan kənar xətdən istifadə etməsi nəticəsində zərər vurulması qismən də olsa sübuta yetmişdir. Ona görə də iddiaçı qismən də olsa həmin sayğaca müdaxiləyə görə məsuliyyət daşımalıdır. Çünki iddiaçının həmin sayğaca olan müdaxiləsindən məlumatlı olması, lakin cavabdeh təşkilata məlumat verməməsi öz təsdiqini tapmışdır. İddiaçının ailə üzvləri həmin vaxt evdə olmamış və tərtib olunan akta imza etməmişlər. Daha doğrusu akt onların iştirakı olmadan tərtib edilmişdir. Lakin məhkəmədə müəyyən edildi ki, iddiaçı sayğacdan kənar xətdən istifadə etmədiyi halda hər ay təxminən 10-15 manat dəyərində X1 etmiş və istifadə etdiyi enerjinin dəyərini ödəmişdir. Belə olan halda ona həddən artıq yüksək məbləğdə, yəni 685.83 manat məbləğində ziyan hesablanmışdır. Ona görə də iddia qismən təmin edilməli, həmin məbləğ azaldılmaqla 100 (yüz) manat məbləğində saxlanılmalıdır. Həmçinin iddiaçı iddia ərizəsində ona 764.04 manat ziyan hesablanmasını göstərsə də bu məbləğin işdə olan sənədlərə əsasən 685.83 manat olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı barəsində sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı "xxxx" ASC-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli, AKT R № 378026 saylı akt qismən ləğv edilsin. xx.xx.2025-ci il tarixli, AKT R №378026 saylı akta əsasən hesablanmış 685.83 manat məbləğində maddi ziyanın məbləği azaldılaraq 100 (yüz) manat həcmində saxlanılsın. Qalan 585.83 (beş yüz səksən beş manat səksən üç qəpik) manat maddi ziyan silinsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar