Məhkəmə qərarları › İş №2(020)-1753/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1753/2024

04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1753/2024 04.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 avqust 2024-cü ildə anadan olan Akşin adlı uşağının atası olmasının müəyyən edilməsi, cavabdehdən 24 dekabr 2022-ci ildə anadan olan Adəm və 16 avqust 2024-cü ildə anadan olan Akşin adlı uşaqlarının saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə faktiki ailə münasibətlərinə daxil olaraq evlənmişlər. Birgə yaşadıqları müddətdə onların 24 dekabr 2022-ci ildə Adəm adlı uşaqları anadan olmuşdur. Adəm adlı uşaqlarına cavabdeh atalıq vermiş və həmin uşağa cavabdehin soyadı ilə doğum haqqında şəhadətnamə almışdır. Cavabdehlə ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. O, atası evinə qayıdandan sonra 16 avqust 2024-cü il tarixdə Akşin adlı bir uşağı da anadan olmuşdur. Oğlu Akşinə isə cavabdeh atalıq vermədiyindən doğum şəhadətnaməsi ala bilməmişdir. Cavabdehdən uşağa doğun şəhadətnaməsi götürməsini xahiş etmişdir. Lakin cavabdeh razılaşmamışdır. O, məcbur qalaraq oğluna öz soyadı olan Şəmmədov soyadını götürmüşdür. O, heç bir yerdə işləmir, uşaqlarını saxlamaqda həddindən artıq çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib,iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, iddiaçı onun nəvəsidir. İddiaçı ilə Cavabdeh el adəti ilə toy edərək, evlənmişlər və o, toy məclisində iştirak etmişdir. Onlar nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahından iki övladı var və ikinci övladları Akşin 16 avqust 2024-cü ildə doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, İddiaçı xalasıdır. İddiaçı ilə Cavabdeh el adəti ilə toy edərək, evlənmişlər və o, toy məclisində iştirak etmişdir. Onlar nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahından iki övladı var və ikinci övladları Akşin 16 avqust 2024-cü ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X3 atası Cavabdeh və anası İddiaçıdır. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan və AZ-İ seriyalı 448275 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki,xx.xx.2022-ci ildə Beyləqan rayonunda İddiaçı doğulmuş X3 atası Cavabdeh hesab edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində 67 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Beyləqan rayon Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında X1 doğumu 583 № ilə qeyd edilmişdir. Doğum tarixi -xx.xx.2024-cü il tarixidir. Valideynləri anası İddiaçı, atası X2r. Ata haqqında məlumat ananın deməsinə görə yazılmışdır. xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər faktiki nikaha daxil olaraq ailə qurmuş və onların birgə faktiki nikahından ilk öncə xx.xx.2022-ci il təvəllüdlü X7 doğulmuş və Gözəlov Adəmin ərizəsində əsasən həmin uşağın atası olması müəyyən edilmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixdə X5 doğulmuş, lakin cavabdeh həmin uşağın atası olmasına dair müvafiq qeydiyyat şöbəsinə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2.-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə iş materiallarını və şahid ifadələrini nəzərə alaraq hesab edir ki, iddia tələbi Cavabdehxx.xx.2024-cü il tarixdə Beyləqan rayonunda doğulmuş X1 atası olmasının müəyyən edilməsi hissəsində iddia tələbi əsaslıdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşaqların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşaqın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin maddi vəziyyəti və uşaqların mənafeyi nəzərə alınmalı və uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 180 (yüz səksən) manat miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən, alimentin tutulmasının əvvəli 07.10. 2024-cü il tarixdən hesablanmalıdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdə Beyləqan rayonunda doğulmuş X1 atası olması müəyyən edilməli, habelə xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, cavabdehdən hər ay hər uşağa görə 180 manat miqdarında aliment sabit pul məbləğində tutularaq, iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. “Dövlət rüsumu” haqqında Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qiymətləndirilməyən iddia tələbi olan atalığın müəyyən edilməsi ilə, yanaşı aliment tələbi ilə də məhkəməyə müraciət etmişdir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, Cavabdeh isə dövlət nəfinə 63,20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdə Beyləqan rayonunda doğulmuş X1 atasının Cavabdeh olması müəyyən edilsin. xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh ödənilmiş 63,20 (altmış üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət bdcəsi hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar