Məhkəmə qərarları › İş №2(020)-181/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-181/2024

30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-181/2024 30.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Rəhimova (Abbasova) Leylan Şəmil qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Rəhimova (Abbasova) Leylan Şəmil qızı ərizə ilə məhkəməyə müraciət edərək X4 adına verilmiş «Torpağın mülkiyyət hüququna dair» J№-521 A; kod: 60707018 saylı Şəhadətnamədəki qeydin Rəhimova (Abbasova) Leylan Şəmil qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Rəhimova (Abbasova) Leylan Şəmil qızı ərizəni müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinə Torpağın Mülkiyyətə verilməsinə dair №-521 A; kod: 60707018 seriyalı Şəhadətnamə ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli, 31 saylı qərarına əsasən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin Şəhadətnamədə o, Ərizəçi olduğu halda səhvən X1 yazılmışdır. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin Şəhadətnamə ilə şəxsiyyət vəsiqələrinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X4 adına verilmiş «Torpağın mülkiyyət hüququna dair» J№-521 A; kod: 60707018 saylı Şəhadətnamədəki qeydin Rəhimova (Abbasova) Leylan Şəmil qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» №-521 A; kod: 60707018 saylı Şəhadətnamədən görünür ki, ərizəçi və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. X2 Leylan Şəmil qızı səhvən X1 yazılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə nikah haqqında şəhadətnamədən görünür ki, X5 19 may 1986-cı ildə X7 ilə nikaha daxil olduqdan sonra Rəhimova soyadını daşımışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair» J№-521A saylı Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi və ailə üzvlərinin mülkiyyətinə Torpağın Mülkiyyətə verilməsinə dair №-521 A; kod: 60707018 seriyalı Şəhadətnamə ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997ci il tarixli, 31 saylı qərarına əsasən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 Leylan Şəmil qızı səhvən X1 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X4 adına verilmiş «Torpağın mülkiyyət hüququna dair» J№-521A, kod 60707018 saylı Şəhadətnamədəki qeydin Rəhimova (Abbasova) Leylan Şəmil qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar