Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2081/2025 10.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akta görə hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akta görə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azərişıq” ASC-nin xx.xx.2023-cü il tarixli AKT Rİ 313933 nömrəli akt üzrə hesablanmış 526,81 manat cərimənin (maddi ziyanın) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Yeni Mil qəsəbəsində yaşayır. İşıq sayğacı onun adınadır. İşıqdan istifadə edərkən bütün qəbzlər onun adına gəlir. Həmçinin elektrik sayğacı evlərindən xeyli kənarda quraşdırılmışdır. O, kənd ərazisində təsərüffatla məşğul olduğu üçün sayğaca hər zaman nəzarət edə bilmir. Yoldan keçən hər hansı bir şəxs də sayğaca müdaxilə edə bilər. İstifadə etdiyi elektrik enerjisinin pulunu da vaxtlı-vaxtında ödəyir. Lakin "xxxx" ASC-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə, AKT Rl №313933 saylı akt tərtib edərək guya sayğaca müdaxilə etmişdir. O, həmin aktı qanunsuz hesab edir. Həmin aktla razı deyil. Sayğaca onun və ailə üzvlərinin iştirakı olmadan baxış keçirilmiş və tərtib olunmuş akta heç biri imza etməmişdilər. Həmçinin akta onun iştirakı salınmamışdır. O və ailə üzvləri heç vaxt sayğaca müdaxilə etməmişdilər. Odur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə, AKT Rl № 313933 saylı akt əsasında qanunsuz hesablanmış 519,68 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmalıdır. Cavadeh "xxxx" ASC tərəfindən iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli Akt 313933 saylı aktın ləğv edilməsinə dair tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bəhrəm oğlu "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli R 313933 №-li akt əsasında hesablanmış 526,81 manat maddi ziyanın silinməsi barədə qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, "xxxx" ASC-nin X3 Təchizatı və Satışı İdarəsinin Balans Bölməsinin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydalarına və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2023-cü il tarixdə İddiaçı Bəhrəm oğluna məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, abonent həyətdən keçən 0,4 kvt-luq xəttə kənar xətt qoşaraq kənar xəttdən istifadə edir. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Nəticədə bu əməlinə görə İddiaçı Bəhrəm oğlu barəsində xx.xx.2023cü il tarixli R 313933 №-li akt tərtib edilərək hesabat aparılmışdır. 1,8 kvt x 24 saat x 0,7 x 150 gün = 4536 kvts, tarif (- 1000 kvts x 0,08 manat = 80,00 manat, tarif (- 500 kvts x 0,09 manat = 45,00 manat, tarif (-3036 kvts x 0,13 manat = 394,68 manat, cəmi 519,68 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 4536 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. EEİQ-nın 8.17-1-ci bəndində göstərilir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunduğu kimi, qüvvədə olan EEİQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və on iki aydan çox olmayan müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan “EEİQ”-nın 8.17-ci bəndindən görünür ki, məişət abonenti (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərədə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən 24 saatı nəzərə alınmaqla buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı xx.xx.2023-cü il tarixli R 313933 №-li akt ilə rəsmiləşdirilmişdir. Bu halda yenidən hesablaşma aparmaq enerji təchizatı müəssisəsinin nəinki hüququdur, hətta borcudur. Beləliklə, iddiaçı 519,68 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində həmin pozuntunun video yazısı aparılmışdır. Bu bir daha onun qeyri-səmimi olduğunu göstərir. EEİQ-nın 9.1 -ci bəndinə əsasən “İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.4-cü bəndinə əsasən “İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir”. Həmin Qaydaların 7.7-ci bəndində əsasən hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların EEİQ-nın 3.4-cü bəndinə əsasən “xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür”. Məlumdur ki, enerji daşıyıcıları strateji təyinatlı məhsullardır və ondan düzgün istifadə edilməsi dövlət maraqları ilə bilavasitə bağlıdır. Beləliklə, qeyd edilənlər İddiaçı Bəhrəm oğlunun iddia tələbinin əsassız olduğunu, buna görə də əməkdaşları tərəfindən tərtib edilmiş müvafiq aktın qanuni və əsaslı olduğunu təsdiq etdiyindən həmin tələblərə etiraz edir və hesab edirlər ki, tələb məhkəmə tərəfindən təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "Azərişıq” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli 313933 nömrəli Aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, abonent həyətdən keçən 0.4 kv-luq xəttə kənar xətt qoşaraq, kənar xətdən istifadə edir. Axan xətt ampermaşa vasirəsilə ölcüldü. Tələb – hesablanaraq məbləğ tam ödənilsin. Kənar xətt ləğv edilsin. Əks halda enerji verilişi dayandırılsın. Abunə haqqında sənəddən görünür ki, abunə kodu **********00002 olan İddiaçı Bəhrəm oğluna xx.xx.2023-cü il tarixli 313933 nömrəli enerji istifadə qaydalarının pozulması aktı üzrə ona 519,68 manat məbləğində borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasın Qanunun 19.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları"nın 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********00002) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, həmin ünvanda kənar xətdən istifadə faktı aşkar edilmiş, bununla əlaqədar 313933 nömrəli akt tərtib edilmiş və akta əsasən 519,68 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, akt tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”nın və “Elektroenergetika haqqında” Azərbaycan Respublikasın Qanunun 19.16-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən sayğaca müdaxilə Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etməli və İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olduğu halda, cavabdeh tərəfindən bu tələblərə riayət edilmədən, abonentə akt üzrə dəymiş zərər hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli 313933 saylı akt əsasında hesablanmış 519,68 manat məbləğində borc silinməlidir. İddiaçı iddia tələbində xx.xx.2023-cü il tarixli 313933 saylı akt əsasında hesablanmış 526,81 hesablanmış maddi ziyanın silinməsini xahiş etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 313933 saylı akt əsasında hesablanmış 519,68 manat məbləğində borc hesablanmışdır. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti də 519,68 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli 313933 saylı akta əsasən hesablanmış 519,68 (beş yüz on doqquz manat 68 qəpik) manat məbləğində borc **********00002 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №2(020)-2081/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2081/2025
10.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver