Məhkəmə qərarları › İş №2(020)-867/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-867/2025

08.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-867/2025 08.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akta görə hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akta görə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azərişıq” ASC-nin xx.xx.2025-ci il tarixli Akt 004081 nömrəli akt üzrə hesablanmış 788,78 manat cərimənin (maddi ziyanın) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Beyləqan şəhəri, E.Məmmədov küçəsi, ev 29-da yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evinin sayğacı mərhum atası X2 adınadır. Atası xx.xx.2021-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. O, atasının qanuni vərəsəsidir. O, ailə üzvləri mütəmadi olaraq işıqdan istifadə edirlər və işlətdikləri işığın pulunu vaxtlı-vaxtında ödəyirlər. Lakin Azərişıq ASC-nin əməkdaşları o, və ailə üzvləri evdə olmayanda yaşadıqları evə gələrək elektrik naqillərinə baxış keçirib akt tərtib etmişdilər. Baxış zamanı guya onun həyətindən kənar xətt keçdiyi müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Bu məqsədlə də əsassız olaraq xx.xx.2025-ci il tarixli AKT NİM № 004081 nömrəli akta əsasən ona 788,78 manat maddi ziyan hesablanmışdır. Həmin aktla razı deyil. Azərişıq ASC-nin əməkdaşlarının həmin hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur. Odur ki, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, AKT NİM № 004081 saylı akt əsasında hesablanmış 788,78 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavadeh "xxxx" ASC tərəfindən iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli Akt 004081 saylı aktın ləğv edilməsinə dair tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nə qarşı mərhum atası X5 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli NİM 004081 №-li akt əsasında hesablanmış 788,78 manat maddi ziyanın silinməsi barədə qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə Beyləqan rayon məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, "xxxx" ASC-nin Nəzarət İdarəsinin Satışa Nəzarət Şöbəsinin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 11 fevral 2025-ci il tarixdə iddiaçının yaşadığı evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının qoşulma sxemi pozulmuşdur və kənar mənbədən sıfır xətti götürülərək elektrik sayğacını dövrədən qismən kənarlaşdırılmışdır. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Nəticədə bu əməlinə görə xx.xx.2025ci il tarixli NİM 004081 №-li №-li akt tərtib edilərək 788,78 manat məbləğində əlavə ödəniş hesablanmışdır. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. EEİQ-nın 8.17-1-ci bəndində göstərilir ki, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17ci və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunduğu kimi, qüvvədə olan EEİQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və on iki aydan çox olmayan müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan “EEİQ”-nın 8.17-ci bəndindən görünür ki, məişət abonenti (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərədə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən 24 saatı nəzərə alınmaqla buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı xx.xx.2025-ci il tarixli NİM 004081 №-li akt ilə rəsmiləşdirilmişdir. Bu halda yenidən hesablaşma aparmaq enerji təchizatı müəssisəsinin nəinki hüququdur, hətta borcudur. Beləliklə, iddiaçı 788,78 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində həmin pozuntunun video yazısı aparılmışdır. Bu bir daha onun qeyri-səmimi olduğunu göstərir. Məlumdur ki, enerji daşıyıcıları strateji təyinatlı məhsullardır və ondan düzgün istifadə edilməsi dövlət maraqları ilə bilavasitə bağlıdır. Beləliklə, qeyd edilənlər İddiaçı iddia tələbinin əsassız olduğunu, buna görə də əməkdaşlarımız tərəfindən tərtib edilmiş müvafiq aktın qanuni və əsaslı olduğunu təsdiq etdiyindən həmin tələblərə etiraz edir və hesab edirik ki, tələb məhkəmə tərəfindən təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "Azərişıq” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli 004081 nömrəli Aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacınbın qoşulma sxemi pozulmuşdur və kənar mənbədən sıfır xətti götürülərək. Eklektrik sayğacı dövrədən qismən kənarlaşdırılmışdır. Tərəflərindən xəttdən axan yük ölçülmüşdür. Promer: 2kv.t, 0.5 kv.t. Qoyulmuş güc sayğacın nominalına əsasən P.qay-17,6 kv.m təşkil edir. EEİQ-na uyğun olaraq sayğac sxem bərpa edilsin və kənar xətt ləğv edilsin. Akt istehlakçı tərəfindən imzalanmamışdır. Abunə haqqında sənəddən görünür ki, abunə kodu **********03997 olan X3 enerji istifadə qaydalarının pozulması aktı üzrə ona 788,78 manat məbləğində borc hesablanmışdır. AZ-İİ seriyalı 142818 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X2 vərəsələri X4, İddiaçı və X6r. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasın Qanunun 19.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları"nın 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2025ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçının mərhum atasına məxsus ünvanda (abunə kodu **********03997) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, həmin ünvanda kənar xətdən istifadə faktı aşkar edilmiş, bununla əlaqədar 004081 nömrəli akt tərtib edilmiş və akta əsasən 788,78 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, akt tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”nın və “Elektroenergetika haqqında” Azərbaycan Respublikasın Qanunun 19.16-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən sayğaca müdaxilə Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etməli və İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olduğu halda, cavabdeh tərəfindən bu tələblərə riayət edilmədən, abonentə akt üzrə dəymiş zərər hesablanmışdır. Eyni zamanda 11 fevral 2025-ci il tarixdə akt, xx.xx.2021-ci il tarixdə ölmüş şəxsin yəni X2 adına tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmiş 11 fevral 2025-ci il tarixli 004081 saylı akt əsasında hesablanmış 788,78 manat məbləğində borc silinməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti də 788,78 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli 004081 saylı akta əsasən hesablanmış 788,78 (yeddi yüz səksən səkkiz manat 78 qəpik) manat məbləğində borc **********03997 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar