Məhkəmə qərarları › İş №2(020)-908/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-908/2024

08.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-908/2024 08.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və maddi ziyanın silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X2 RQİİ-nin Təbii qazdan istifadə qaydalarını pozulması haqqında 21 fevral 2024-cü ii tarixli, ******* saylı aktın etibarsız hesa edilməsi və 777.60 manat maddi ziyanın (cərimənin) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonu Günəşli kəndində yaşayır, yaşadığı fərdi yaşayış evi üçün mütəmadi olaraq qazdan istifadə edir və işlətdiyi qaz pulunu vaxtlı vaxtında ödəmişdir. 21 fevral 2024-cü il tarixdə Tərtər RQİİ-nin Beyləqan Xidmət Sahəsinin əməkdaşları yaşadığı evə gələrək onun iştirakı ilə qaz sayğacını istismara qəbu haqqında akt tərtib edib çıxararaq labarotoriyaya aparmışlar. Köhnə sayğacın plombunu da Qaz İstismar İdarəsinin işçiləri qıraraq yeni sayğacı quraşdırmışlar. Bundan sonra ona heç bir məlumat vermədən və iştirakı olmadan akt tərtib edərək 21 fevral 2024-cü il tarixli, ******* saylı akta əsasən qanunsuz olaraq ona 777.6 manat cərimə hesablanmışdır. Sayğacı quraşdıran usta ona demişdir ki, “sayğacı elə edəcəm ki, az yazsın”. O, razılaşmış və sahəyə getmişdir. Sahədən qayıdanda ustanın getdiyini görmüşdür. Ola bilər ki, sayğaca həmin usta müdaxilə etsin. O, limiti keçməmək üçün qonşunun qazından istifadə etmişdir. Ola bilər ki, sayğac evindən kənarda küçədə yerləşdiyindən küçədən keçənlər və digər şəxslər də müdaxilə edə bilərlər. Sayğacın təhlükəsizliyinə o halda cavabdeh olar ki, həmin sayğac onun həyətində yerləşsin. Bundan başqa sayğa aparan “Azəriqaz”-ın işçiləri sayğacı onun iştirakı ilə yoxlayan zaman sayğacda hər han bir müdaxilənin olması barədə ona heç bir söz deməmişlər. Lakin barəsində akt tərti edərkən guya sayğacın hesablama mexanizminin plasmas borusunun deşici aləti deşilməsi müəyyən edilmişdir. Evində qaz piltəsindən əlavə kombi quraşdırılmış və 2016-cı ildən evi isitmək üçün kombidən istifadə edir. Odur ki, cavabdeh “Azəriqaz” X2 RQİİ-nin Təbii qazdan istifadə qaydalarını pozulması haqqında 21 fevral 2024-cü ii tarixli, ******* saylı aktın etibarsız hesa edilməsi və 777.60 manat maddi ziyanın (cərimənin) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. İşdə olan poçt xəbərnaməsindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri haqqında göndərilən məhkəmə bildirişi Azəriqaz İB-nin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına nümayəndəsini göndərmədiyindən və işə onların iştirakı olmadan baxılmasını və ya başqa vaxta təxirə salınmasını xahiş etmədiyindən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 fevral 2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı Məhəmmədəli Seyidəliyevin yaşadığı fərdi yaşayış evində quraşdırlmış sayğacın çıxış plasmas borusunun fiziki təsir nəticəsində deşilməsi, sayğacın 2 parametrdə 08, 1 parametrdə isə 100 % nisbi xəta ilə işləməsi, sayğacın keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, İddiaçı 777.60 manat ziyan hesablanmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib onlara hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Tərtər RQİİ-nin əməkdaşları İddiaçı fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Tərtər RQİİ-nin əməkdaşlarının tərtib etdikləri 21 fevral 2024-cü il tarixli, 0398491saylı aktda sayğaca müdaxilə müəyyən edilmişdir. İddiaçı özü də qaz sayğacına müdaxilə olunmasını etiraf etmişdir. Lakin həmin müdaxilənin onun tərəfindən deyil, qazı quraşdıran usta tərəfindən olunmasını göstərmişdir. Lakin məhkəmə onun həmin izahatını əsaslı hesab etmir. Çünki qaz sayğacını quraşdıran ustanın həmin hərəkətlərə yol verməsi inandırıcı deyildir. Belə bir hal baş vermişsə iddiaçı özü buna şərait yaratmışdır və cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənayə qaz qurğularının istifadəsi üçün isə qaz istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarına əlavə edilən iddiaçıya aid abonent saldosunu nəzərdən keçirərkən müəyyən edildi ki, iddiaçı tərəfindən sərfiyyatı az göstərilmiş və bununla əlaqədar istifadə edilmiş qaza görə hər ay cüzi miqdarda ödəmişlər edilmişdir. Halbu ki, iddiaçı evində 2016-cı ildən qaz piltəsindən əlavə kombi quraşdırılmasını və evi isitmək üçün kombidən istifadə edilməsini göstərmişdir. İddiaçının evinə qaz verildiyi halda onun limitin keçməməsinə görə onun qonşunun qazından istifadə etməsi barədə izahatını məhkəmə əsaslı hesab etmirş İddiaçı hesablanmış ziyanı ödəməkdən boyun qaçırdığına görə belə bir izahat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında cavabdehin təqsiri üzündən iddiaçıya ziyan dəyməsi və X1 Tərtər RQİİ-nin əməkdaşları tərəfindən düzgün olaraq ziyan hesablanmış və həmin ziyanın silinməsi üçün əsaslarmüəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müdafiə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Beləliklə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən məhkəmə hesab edir ki,iddia əsassızdır, ona görə rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh X1 Tərtər RQİİ-nin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 fevral 2024-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 777.60 manat cərimənin (ziyanın) silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar