Məhkəmə qərarları › İş №2(021)-1028/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1028/2024

30.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1028/2024 30.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əbilov Qamət Mehman oğlunun sədrliyi X1 iclas katibliyi, İddiaçı iştirakı ilə , Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “cərimənin silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qanunsuz yazılmış 1157,50 manat borc məbləğin silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərilə birlikdə Bərdə rayonu, Kətəlparaq kəndində yaşayır. Ona məxsus fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılmışdır. Elektrik enerjisindən İstifadəyə görə işıq pulunu vaxtlı-vaxtında ödəmişdir. Azərişıq ASC-nin əməkdaşları 12 yanvar 2024-cü il tarixdə ona məxsus sayğaca baxış keçirərək akt tərtib etmişlər ki, "guya" abonent sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilir, ampermasa ilə ölçü zamanı sayğacın giriş və çıxış xəttinin cütündən keçən enerji 27.,8 A təşkil edir. Onun və ailə üzvləri tərəfindən yaşdıqları fərdi yaşayış evinə heç bir kənar xətt qşulmamışdır, sayğaca heç bir müdaxilə olunmamışdır. Baxış keçirilən zaman heç bir akt tərtib edilməmişdir. Bir neçə gün keçdikdən sonra yəni 25 yanvar 2024-cü ildə Azərişıq ASC-nin əməkdaşları formal şəkildə tərtib edilmiş akt əsasında fərdi yaşayış evinə çəkilmiş elektrik naqillərini qanunsuz olaraq kəsmişlər. Hazırda ailədə 6 nəfərik, 2 azyaşlı uşaq vardır, qış ayları olduğundan elektrik enerjisinə tələbat çoxdur. Hazırda ona qanunsuz olaraq 1157,50 manat cərmə yazılmışdır. Borc məbləğinin hansı səbəbdən yazıldığı mənə məlum deyildir. Azərişıq ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt qanunsuz və əsassızdır. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin ounmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhəkəməyə videodisk və iddia tələbinə öz etirazını təqdim edərək bildirdi ki, hazırki iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞ-nin "Proqram bazasında" **********00574 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Bərdə rayonu, Kətəlparaq kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək yaşayış evinə quraşdırılmış Luna- Lun10 tipli, zavod nömrəsi No20323585 olan elektrik hesablama sayğacı vasitəsi ilə və xx.xx.2024-cü il tarixdən hal-hazıra kimi Paud NP106 tipli, zavod nömrəsi No**********5 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2024-cü il tarixdə "Mərkəzi Aran" RETSİ-in enerji Satış şöbəsinin əməkdaşları Abuşov Rəsul, Əhmədov Fərid, Adıgözəlov Rəfail və Muradov Elnur tərəfindən "EEİQ"nın tələblərinə uyğun olaraq İddiaçı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı abonentin kənar "O" xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsi aşkar edilmişdir. Sayğacdan keçən enerjisinin yükü xüsusi ölçmə vasitəsi olan "Ampermaşa" vasitəsi ilə ölçüldükdə giriş və çıxış xəttinin cütündən keçən enerji ölçülərək 27,8 A amper, yəni İ=27,8 A=6,1 kvt təşkil etdiyi" barədə aktda müvafiq qeydiyyat aparılmışdır. Aktın tələb hissəsində "kənar "0" xətt" ləğv edilsin qeydiyyatı aparılmışdır. İddiaçı ona məxsus elektrik hesablama sayğacına baxış keçirilməsində pozuntu faktı ilə əlaqədar Akt tərtib edilməsində iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə aktda enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə müvafiq qeydiyyat aparılmışdır. Akta əsasən "Mərkəzi Aran" RETSİ də fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 771,37manat təşkil edən 6149 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. "Azərişıq” ASC-nin "Aktlar üzrə Komissiya"sı "Mərkəzi Aran" RETSİ tərəfindən aparılmış hesabatla razılaşmamış, yəni hesabat aparılarkən yol verilmiş riyazi səhvi düzəldərək itirilmiş elektrik enerjisinin miqdarının 9223 kvts olmaqla dəyərinin 1156,99 manat təşkil etməsi qərarına gəlmişdir. İddiaçı barəsində Akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. xx.xx.2024-cü il tarixdə məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2024-cü il tarixli 666727Noli Protokola əsasən İddiaçı yaşadığı fərdi yaşayış evinə 323371 saylı akt tərtib edilməklə yeni elektrik hesablama sayğacı quraşdırılaraq möhürlənmişdir. Akt və akt əsasında hesabat "Qaydalar"-ın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik Enerjisindən istifadə Qaydalarında dəyişiklik edilmişdir. Həmin Qərarla "Qaydalar"ın 8.32 və 8.33-cü bəndləri çıxarılaraq 8.17-ci bəndi yeni redaksiyada verilmişdir. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. bendinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır." 8.17-2. bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17- ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur." Məhkəmənin nəzərinə çatdırıram ki, pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Bərdə rayon Kətəlparaq kəndində anadan olmuşdur. Bərdə rayon Kətəlparaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş R №323371 saylı xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, İddiaçı Bərdə rayonu Kətəlparaq kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca EEİQ-na uyğun baxış zamanı, abonentin kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi məlum olmuşdur. Mülki işə əlavə edilmiş Bildirişdən görünür ki, İddiaçı "xxxx" ASC-yə 1157,50 manat borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cərimənin silinməsini tələb etsə də, hazırkı yaranmış məbləğ cərimə deyil məhz elektrik enerjisindən kənar istifadə nəticəsində yaranmış borc məbləğdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı qızının cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar