Məhkəmə qərarları › İş №2(021)-1030/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1030/2024

25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1030/2024 25.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən qanunsuz hesablanmış 1982,88 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1-də fərdi yaşayış evi var. Uzun müddətdir ki, həmin evdə yaşayır. Qaz idarəsinin əməkdaşları tərəfindən yaşadığı evə quraşdırılmış qaz sayğacına baxış keçirilib, sayğaca heç bir müdaxilə etmədiyi halda baxış zamanı qeyd olunub ki, “abonent sayğacdan kənar 50 mm-lik dəmir boruya 15 mmlik boru ilə qanunsuz qoşularaq oğurluq məqsədi ilə qazdan istifadə edib”. Onun həmin borudan heç bir məlumatı olmamışdır. Həmin evdə yaşayandan həmin boru orada olmuş, ancaq hansı məqsədlə olduğunu bilməmişdir. Qoca, yaşlı adamdır, onun bu yaşında ona yaraşmaz ki, qaz xəttinə qanunsuz qoşulub oğurluq etsin. Bundan başqa qaz idarəsinin əməkdaşları mütəmadi olaraq qaz sayğacına nəzarət edirlər və hər ay bir neçə dəfə gələrək sayğaca baxırlar. Əgər belə bir hal mövcud olubsa nəyə görə onu xəbərdar etməmiş və qanunsuz xətti bağlamamışlar. Qaz sayğacı evindən çöldədir və qaz idarəsinin əməkdaşları mütəmadi olaraq sayğaca nəzarət edə bilirlər. Heç bir əsas olmadan ona 1982,88 manat məbləğində cərimə yazılmışdır. Hesab edir ki, qaz idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş cərimə ədalətsizdir. Onun qaz idarəsinə heç bir borcu olmamış, istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəmişdir. Yaşlı adamdır, belə bir soyuq havada qaz idarəsinin əməkdaşları onun qazını kəsmişlər, soyuqda qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, onun aşkar edilən xətdən məlumatı olmamış, heç vaxt həmin xətdən istifadə etməmişdir. Bakı şəhərində oğlunun yanında daimi olaraq yaşayır, 2-3 aydan bir Bərdə şəhərinə yaşadığı evə gələrək 2-3 gün qalıb gedir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı yaşadığı ünvan 1-də Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və sayğacdan kənar 50 mm-lik dəmir boruya 15 mm-lik boru ilə qanunsuz qoşularaq qazdan istifadə edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçıya debitor borc hesablanmışdır. İddiaçı hər ay 3-4 manat qaz pulu ödəmiş, bu da onlarda şübhələr yaratmışdır. Bu səbəbdən dəfələrlə iddiaçının yaşadığı ünvana Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, lakin heç pozuntu aşkar etmək mümkün olmamışdır. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında baxış keçirilərkən isə qeyd olunan nöqsan aşkar edilmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1947-ci ildə Bərdə rayonu Məmmədli kəndində anadan olmuşdur, Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 34-də qeydiyyatdadır. Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli 22 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 34-də yaşayır. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 28 dekabr 2023-cü il tarixli XS-30-03789/23 nömrəli müqavilədən görünür ki, paylayıcı-Cavabdeh İB-nin Tərtər RQİİ Bərdə Xidmət Sahəsi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçı-İddiaçı keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 07 yanvar 2024-cü il tarixli ******* nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, abonent sayğacdan kənar 50 mm-lik dəmir boruya 15 mm-lik boru ilə qanunsuz qoşularaq oğurluq məqsədi ilə qazdan istifadə edir. “Dəymir ziyanın bərpasına dair” 30 dekabr 2023-cü il tarixli Tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ-4 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 270 gün qəbul edilməklə, PQ-2 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 0,3 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 270 gün qəbul edilməklə, 2 ədəd İran sobasının maksimal saatlıq qaz sərfi 3,0 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə, QSSQ-160 İ-lik maksimal saatlıq qaz sərfi 1,6 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 1.2x12x270=3888 m3, 0.3x12x270=972 m3,3.3x12x180=6480 m3,1.6x12x270=5184 m3, cəmi 16524 m3. Abonentin saldosundan görünür ki, ünvan 1-də yaşayan İddiaçı 2023-cü ildə 1982,88 manat cərimə hesablanmışdır. Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli 172 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1-də yaşayır. 2023-cü ilin yanvar, mart, iyun, iyul, oktyabr, noyabr, dekabr aylarında həmin evdə yaşayış olmamış, Bakı şəhərində yaşamışdır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı abonentin sayğacdan kənar 50 mm-lik dəmir boruya 15 mm-lik boru ilə qanunsuz qoşularaq oğurluq məqsədi ilə qazdan istifadə etməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi şübhələr yarandığından dəfələrlə iddiaçının yaşadığı ünvana Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirildiyini, lakin heç pozuntu aşkar etmək mümkün olmadığını, yalnız 2023-cü ilin dekabr ayında keçirilən baxış zamanı nöqsanın aşkar edildiyini bildirmişdir. İşin hallarından görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən mütəmadi olaraq iddiaçının yaşadığı ünvana quraşdırılmış sayğaca baxış keçirilmiş, lakin heç bir qanunsuz qoşulma halı aşkar etməmişlər. Lakin sonuncu dəfə 2023-cü ilin dekabr ayında baxış keçirilərkən xəttə qanunsuz qoşulma aşkar etmişlər. Lakin bütün bunlara baxmayaraq iddiaçıya 180-270 gün üçün hesablama aparılmışdır. Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli 172 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı 2023-cü ilin yanvar, mart, iyun, iyul, oktyabr, noyabr, dekabr aylarında yaşadığı evdə olmamış, Bakı şəhərində yaşamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında isə Bakı şəhərində oğlunun yanında daimi olaraq yaşadığını, 2-3 aydan bir yaşadığı evə gələrək 2-3 gün qalıb yenidən Bakı şəhərinə getdiyini bildirmişdir. Bundan başqa iddiaçı 1947-ci ildə anadan olmaqla yaşlı qadındır, ünvan 1 ünvanında tək yaşayır, ilin çox hissəsini isə Bakı şəhərində oğlunun yanında qalır. Ona görə də onun sayğacdan kənar xəttə qoşulması inandırıcı deyil. Qeyd olunan qanunsuz xəttin kim tərəfindən, hansı məqəsdlə qoşulması barədə isə hər hansı bir sübut işə əlavə edilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçıya 180-270 gün üçün deyil, 30 gün üçün hesablama aparılaraq müvafiq məbləğ cavabdehə ödənilməli, iddia tələbi qismən təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu qismən silinməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdehnə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 07 yanvar 2024-cü il tarixli, ******* nömrəli Aktı əsasında İddiaçı yazılmış 1982,88 (bir min doqquz yüz səksən iki manat 88 qəpik) manat məbləğində cərimənin 1652,4 (bir min altı yüz əlli iki manat 40 qəpik) manat hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar