Məhkəmə qərarları › İş №2(021)-1071/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1071/2024

05.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1071/2024 05.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 061296 saylı Aktla qanunsuz yazılmış 200 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon Şərəfli kəndində yaşayır və işıq istehlakçısıdır. İşığa olan borcunu həmişə vaxtlı-vaxtında ödəmişdir və heç bir vaxt sayğaca toxunmamışdır, qayda pozuntusuna yol verməmişdir. 04 avqust 2024-ci il tarixdə Bərdə rayon Azərişıq idarəsindən bildiriş gəlmişdir ki, onun Azərişığa 200 manat borcu var. Lakin o, sonradan araşdırmışdır ki, bu cərimə borcuna görə deyil və guya o, sayğaca toxunmuşdur. Azərişığın ona tərtib etdiyi 061296 saylı Akt qeyri-qanunsuzdur. O, sayğaca heç bir müdaxilə etməmişdir. Azərişığa qoyduğu sayğac yaşadıqları evdən çox uzaqda olduğu üçün tam mühafizə edə bilmirlər. O, Azərişığn ona göndərdiyi bildirişlə razılaşmır. Onun hüquqları pozulmuşdur. Borcunu vaxtlı-vaxtında ödəmişdir. Yuxarıda qeyd etdiyi kimi o, heç bir qayda pozuntusuna yol verməmişdir.Yenə də qeyd edir ki, o, heç vaxt işığın pulunu ləngitməmişdir, borcu qalmamışdır, Azərişığın ona qarşı qərəzli qayda pozuntusu haqqında göndərdiyi bildiriş qanunsuzdur, ləğv olunmalıdır. O, birliyin əməkdaşlarına bu barədə fikrini bildirmişdir, tələb etmişdir ki, bu işdə onun təqsirini ona izah etsinlər, yaxud da ki, barəsində çıxarılmış əsassız borcu ləğv etsinlər. Lakin onun məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat verərək, sayğaca müdaxilə etmədiyini, hazırda borcu ödəməyə imkanı olmadığını bildirərək borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (qeyri-istehlakçı qrupu üzrə) kimi Bərdə EŞ-nin “Proqram bazasında" **********63 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Bərdə rayonunun, Şərəfli kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Viko M580 DBOT tipli, zavod nömrəsi N°3570997 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmiş, xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi Paud MP-106 tipli zavod nömrəsi N°**********9 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə Bərdə EŞin enerji Satış şöbəsinin əməkdaşları N.Muxtarov, N.Nərimanlı və S.Ağayev tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq İddiaçı Bərdə rayonunun, Şərəfli kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının həmin ərazidə yerləşən və subartezian quyularını elektrik enerjisi ilə qidalandıran Transformator məntəqəsinin şitində quraşdırıldığı, subartezian quyularını elektrik enerjisi ilə təchiz edən elektrik sayğacının “qısa qapanma” nəticəsində yanması, yanğının iddiaçıya və həmin ərazidə yaşayan digər 5 nəfər abonentə xidmət edən elektrik hesablama sayğaclarını da yandıraraq istismara yararsız vəziyyətə salması müəyyən edilmişdir. Faktla bağlı iddiaçı və digər 5 nəfər abonent barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq aktlar tərtib edilmişdir. İddiaçı barəsində akt R N°061296 saylı akta tərtib edilmişdir. Aktın tələb hissəsində “sayğacı yenisi ilə əvəz edib möhürləmək məqsədə uyğundur” qeydiyyatı aparılmışdır. Bərdə EŞ-nin rəhbərliyinin göstərişi ilə elektrik hesablama sayğacları istismara yararsız vəziyyətdə olduqları üçün yaşayış evləri bir başa şəbəkəyə qoşulmaqla elektrik enerjisi ilə təchiz edilmişlər. xx.xx.2023-cü il tarixdə Bərdə EŞ-nin sayğac quraşdırma və uçota nəzarət üzrə texniki Habil Muradov tərəfindən iddiaçının yanaraq sıradan çıxmış elektrik hesablama sayğacı yeni əvvəlcədən ödənişli Paud MP-106 tipli, zavod nömrəsi Na**********9 olan elektrik hesablama sayğacı ilə əvəz edilərək iddiaçı C.İddiaçı istifadəsinə verilmişdir. Bu barədə “sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 275010 Nsli Protokol tərtib edilmişdir. İddiaçı yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəriciləri sonuncu dəfə Bərdə EŞ-nin nəzarətçi mühəndisi tərəfindən xx.xx.2023-cü il tarixdə oxunarkən sayğacın 30 gün ərzində dəyəri 28,90 manat təşkil edən 289 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi və sayğacın ümumi sərfiyyat göstəricisinin 23938 kvt olması müəyyən edilir. Qeyd olunanlar iddiaçının Bərdə EŞ-nin proqram bazasında qeydiyyatda olan istehlakçı kodu üzrə “istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təstiqini tapır. "xxxx" ASC tərəfindən tərtib edilən aktın iddiaçının iddiasında göstərdiyi kimi sayğaca müdaxilə ilə əlaqədar deyil, sayğacın yanması ilə bağlı tərtib edildiyini, İddiaçı adına olan işıq sayğacında 158,35 manat qalıq borcunun yeni sayğacın quraşdırılması ilə əlaqədar sayğacın dəyərinin qalıq borcuna hesablanması ilə bağlı olduğunu bildirdi və iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı XX.XX.1952-ci ildə Bərdə rayonu Hacallı kəndində doğulmuş, Bərdə rayonu Şərəfli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 50 saylı, 31 yanvar 2024cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu Xanərəb kəndində yaşayır. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli, R №061296 aktdan görünür ki, İddiaçı Bərdə rayonunda yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca EEİQ-na uyğun baxış zamanı məlum olmuşdur ki, sayğac arteziana qulluq edən YM-nin şitində yerləşmişdir, artezianın sayğacı yanıb orada olan altı sayğacı da yandırmışdırmışdır. İş materiallarında olan Abunə haqqında cədvəldən görünür ki, abonent kodu: **********3 olan abonent İddiaçı adına olan Bərdə rayon Bəcirəvan kəndində yerləşən mənzildə istifadə olunan işıq sayğacında 158,35 manat qalıq borc yazılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cərimənin silinməsini tələb etsə də, hazırkı yaranmış məbləğ cərimə deyil, məhz yeni sayğacın quraşdırılması ilə əlaqədar sayğacın dəyərinin qalıq borcuna hesablanması nəticəsində yaranmış borc məbləğdir. Belə ki, Bərdə EŞ-in enerji Satış şöbəsinin əməkdaşları tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq İddiaçı Bərdə rayonunun, Şərəfli kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının həmin ərazidə yerləşən və subartezian quyularını elektrik enerjisi ilə qidalandıran Transformator məntəqəsinin şitində quraşdırıldığı, subartezian quyularını elektrik enerjisi ilə təchiz edən elektrik sayğacının “qısa qapanma” nəticəsində yanması, yanğının iddiaçıya və həmin ərazidə yaşayan digər 5 nəfər abonentə xidmət edən elektrik hesablama sayğaclarını da yandıraraq istismara yararsız vəziyyətə salması müəyyən edilmişdir. Faktla bağlı iddiaçı və digər 5 nəfər abonent barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq aktlar tərtib edilmişdir. Bərdə EŞnin rəhbərliyinin göstərişi ilə elektrik hesablama sayğacları istismara yararsız vəziyyətdə olduqları üçün yaşayış evləri bir başa şəbəkəyə qoşulmaqla elektrik enerjisi ilə təchiz edilmişlər. xx.xx.2023-cü il tarixdə Bərdə EŞ-nin sayğac quraşdırma və uçota nəzarət üzrə texniki Habil Muradov tərəfindən iddiaçının yanaraq sıradan çıxmış elektrik hesablama sayğacı yeni əvvəlcədən ödənişli Paud MP-106 tipli, zavod nömrəsi Na**********9 olan elektrik hesablama sayğacı ilə əvəz edilərək iddiaçı C.İddiaçı istifadəsinə verilmişdir. Bu barədə “sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 275010 Nsli Protokol tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar