Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1163/2025 21.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı X7 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qanunsuz yazılmış cərimə üçün ödənilmiş 170 manat pulun geri qaytarılması və qanunsuz yazılmış cərimədən qalmış 32 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 Bərdə rayonu Şorəlli kəndində xüsusi mülkiyyətində fərdi yaşayış evi vardır. Həyat yoldaşı xx.xx.2024-cü il tarixdə vəfat etdikdən sonra fərdi yaşayış evində o, ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda həyat yoldaşı vəfat etdiyi üçün qaz sayğacı müqavilə ilə xx.xx.2025-ci il tarixdə onun adına rəsmiləşdirilmişdir. Hər kəsin qaz sayğacı çöldə olduğundan onların da qaz sayğacı çöldə divarın üstündə yerləşdirilmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən onların xəbəri olmadan qaz sayğacına baxış keçirilmişdir. Baxış keçirildikdən sonra Aydın Cəfərovun adına xx.xx.2021-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Aktda qaz sayğacına ümumi baxış keçirildiyini, sayğacın LCD ekranında informasiya əks olunduğunu, klapanın açıq olduğunu, qazın keçdiyini, müvvəqəti elementin quraşdırlması, LCD ekranında Checkine file sistemində əks olunmadığını, informasiyanın oxunmadığını, istismara yarasız olduğunu bildirmişdir. Həmçinin qeyd edilmişdir ki, sayğac yenisi ilə əvəz olunmalıdır. Həyat yoldaşı qaz sayğacının yenisi ilə əvəz edilməsindən imtina etmişdir. Qaz sayğacı yoxlamadan keçdikdən sonra onlara bəlli olmuşdur ki, 202 manat məbləğində cərimə yazılmışdır. Qanunsuz yazılmış cəriməyə görə onların qazlarını kəsmək istəyirlər. Yazılmış cərimədən 170 manatını hissə-hissə ödəmişdir, 32 manatı qalmışdır. Cərimə qanunsuz yazıldığından 170 manat məbləğində pulun geri qaytarılmasını və 32 manat cərimənin silinməsini istəyir. Məhkəmə iclasında iddiaçı X8 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Tovuz rayonu Bozaqanlı kədində anadan olmuşdur. Bərdə rayonu Şorəlli kəndində yaşayır. xx.xx.2021-ci il tarixli X11 Dair Tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 10.5×0.10=105m³ 0145331 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğaca baxış keçirilmiş. Sayğacın LCD ekranında informasiya əks olunmur, klapanı açıqdır. İnformasiya oxunmur. Sayğac yenisi ilə əvəz olunmalıdır. 4472547 nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac növbədən kənar yoxlamaya göndərilmişdir. Abonent saldosundan görünür ki, **********01580 nömrəli abonent kodu olan X5 198.50 manat məbləğində borcu mövcuddur. AZ-İİ 453967 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. İİİ-JQ 458082 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X1 arasında xx.xx.1964-cü il tarixdə Bərdə rayon VVAQ şöbəsində 137 nömrəli rəsmi nikah aktı qeyd edilmişdir. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı, smart sayğac ekranından zədə alması, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, abonent X7 tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq sonuncu tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işdə mövcud deyildir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilən zədənin istehlakçı tərəfindən yetirilməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta və abonentin saldosunda əks olunmuş qalıq aktlar bölməsində göstərilmiş mötəbər sübutlara istinad edərək iddianın qismən təmin edilməli olduğunu və cəmi 10 manat 50 qəpik həcmində yazılmış cərimənin silinməsini qanuni və əsaslı hesab edir. İddia qalan hissədə təmin edilməməlidir. Beləliklə, abonent tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Mərhum abonent X6 xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən yazılmış 10.50 (on manat əlli qəpik) manat məbləğində cərimə silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1163/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1163/2025
21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver