Məhkəmə qərarları › İş №2(021)-1183/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1183/2024

27.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1183/2024 27.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə 27 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB-nin Tərtər Regional qaz idarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 777,60 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Xanağalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda yaşayandan mavi qazdan istifadə edir. İstifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Cavabdeh İB-nin Tərtər Regional qaz idarəsinin Bərdə rayon filialının əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə sayğaca baxış keçirilmiş, ******* saylı akt yazılmışdır. Aktda qeyd olunmuşdur ki, hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Sayğac istismara yararsızdır.Sayğaca müdaxilə olunub deyə 777.60 manat cərimə edilmiş və həmin cəriməni qanunsuz hesab edir. Ona görə ki, onlar qaz sayğacına heç bir müdaxilə etməmiş, kim tərəfindən sayğaca müdaxilə edildiyini bilmirlər. Hesab edir ki, hazırki iş üzrə Cavabdeh İB-nin Tərtər Regional qaz idarəsinin Bərdə rayon filialının əməkdaşları tərəfindən qanunsuz hesablanmış 777.60 manat cərimə məbləğinin silinməsi barədə məhkəmədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Bərdə rayonu Xanağalı kəndində anadan olmuşdur, Bərdə rayonu Xanağalı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli 12 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Xanağalı kəndində yaşayır. 23 oktyabr 2023-cü il tarixli ******* nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı Bərdə rayonu Xanağalı kəndində yerləşən yaşayış evində quraşdırılmış, qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. “Dəymir ziyanın bərpasına dair” 30 oktyabr 2023-cü il tarixli Tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 6 x 12 x 90 = 6480 m3. Abonentin saldosundan görünür ki, Bərdə rayonu Xanağalı kəndində yaşayan İddiaçı 2023-cü ilin oktyabr ayında 777,60 manat cərimə hesablanmışdır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması, xətaların normadan artıq olması, minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq sonuncu tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işə əlavə edilməmişdir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilən zədənin istehlakçı tərəfindən yetirilməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, abonent tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdehnə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 30 oktyabr 2023-cü il tarixli ******* nömrəli Aktı əsasında İddiaçı yazılmış 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində cərimə silinsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tərəfindən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar