Məhkəmə qərarları › İş №2(021)-1207/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1207/2021

22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1207/2021 22.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı İddiaçı Ələsgər qızının, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı Ələsgər qızının cavabdeh "xxxx" ASC -yə qarşı “cərimənin silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Ələsgər qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə qanunsuz hesablanmış 583.42 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ələsgər qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla ailə üzvləri ilə birlikdə Bərdə rayon Cəyirli kəndində yaşayır. Həmin fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılmış, elektrik enerjisindən istifadəyə görə işıq pulunu gecikdirmədən ödəmişdir. "xxxx" ASC-nin əməkdaşları 21.11.2020-ci il tarixdə sayğaca baxış keçirərək akt tərtib etmişlər ki, elektrik sayğacının üst hissəsindən enerji uçotu pozulmuşdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacı yenisi ilə əvəz olunmuşdur. İstismardan çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılaraq rəy verilməsi üçün "xxxx" ASC-nin əməkdaşları tərəfindən aparılmışdır. Hazırda cavabdeh "xxxx" ASC-nin əməkdaşları ona bildirirlər ki, həmin sayğaca müdaxilə olunduğundan aylıq enerji sərfiyyatı düzgün hesablanmamış və nəticədə ona 583.42 manat cərimə hesablanmışdır. Cərimənin ona hansı səbəbdən yazıldığı məlum deyildir. Belə ki, elektrik enerjisinə görə ödənişini hər zaman vaxtında ödəmiş, onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Hesab edir ki, yazılmış borc əsasızdır. Buna görə də iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Ələsgər qızı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 bildirdi ki, abonent İddiaçı Ələsgər qızının evinə quraşdırılmış sayğaca müdaxilə olunaraq kənar xətdən istifadəyə görə Akt yazılaraq cərimələnmişdir. Yazılmış cərimədən cəmi 150 manat ödəmiş, qalan cərimə pulunu ödəməmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AZE № 0******* saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Ələsgər qızı xx.xx.1950-ci ildə Kəlbəcər rayon Almalıq kəndində anadan olmuşdur. Kəlbəcər rayonu Laçın kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 292 saylı 17.02.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Ələsgər qızı Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Bərdə rayon Cəyirli kəndində yaşayır. Mülki işə əlavə edilmiş 21.11.2020-ci il tarixli № 201207 nömrəli Aktdan görünür ki, İddiaçı Ələsgər qızının Bərdə rayonu Cəyirli kəndində yerləşən evində elektrik sayğacına EEİQ-nə uyğun baxış zamanı məlum olmuşdur ki, bir fazlı elektrik sayğacının üst hissəsindən xüsusi dəlik açılaraq sayğaca müdaxilə olunmuş, enerji uçotu pozulmuşdur. İ=9A, U=0.22v, P=1.98 kvt Mülki işə əlavə edilmiş Abunə haqqında cədvəldən görünür ki, İddiaçı Ələsgər qızının Bərdə rayonu Cəyirli kəndində yerləşən evində elektrik enerjisindən istifadəyə görə ümumi borcu 583.42 manat təşkil edir. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin № 201207 saylı İcra Vərəqəsindən görünür ki, İddiaçı Ələsgər qızının Bərdə rayonu Cəyirli kəndində yerləşən evində elektrik enerjisindən kənar istifadəyə istifadəyə görə cəmi borc 586.68 manat təşkil edir. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* saylı Protokoldan görünür ki, İddiaçı Ələsgər qızının adına olan elektrik sayğacına baxış keçirilərək, Akta əsasən sayğacın dəyişdirilib yenisi ilə əvəz olunması, istismardan çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanılmaya göndərilməsi, abonentin iştirakının təmino lunması göstərilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş “sayğacların və cərəyan transformatorlarının yoxlanılması” haqqında Protokoldan görünür ki, İddiaçı Ələsgər qızının adına olan elektrik sayğacının yoxlama zamanı sayğacın gövdəsinin üst tərəfindən deşilib hesab mexanizminin müdaxiləli olduğu müəyyən olunmuşdur. Mülki işə əlavə edilmiş X3 X6 ünvanladığı ərizəsinin surətindən görünür ki, Bərdə rayonu Cəyirli kəndində anası İddiaçı Ələsgər qızına məxsus evdə yaşadığını, 24.11.2020-ci il tarixdə onun iştirakı ilə sayğacın üst hissəsi deşildiyi üçün 201207 saylı Akt yazıldığını, akta əsasən sayğacın smart-kart tipli əvəz olunduğunu, akta əsasən yaranmış 583 manat borcdan 100 manat ilkin ödəniş etdiyini, qalan 483 manat məbləğini hissəs-hissə ödənilməsinə kömək edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən sayğaca müdaxilə olunduğundan "xxxx" ASC tərəfindən cərimə yazılmışdır. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, yazılmış cərimə borcundan 150 manat ödənildiyini etiraf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə 4 təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydaları»n 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır Həmin «Qaydaları»n 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydaları»n 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət 5 abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X8 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə belə hesab edir ki, İddiaçı Ələsgər qızı Bərdə rayonu Cəyirli kəndində yerləşən evinə cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz cərimə yazılması tələbi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən cərimə borcundan 150 manat ödəməsini etiraf edib, qalan hissədə qəbul etmədiyindən, iddia tələbi qismən təmin edilməli, 583.42 manat məbləğində cərimə borcundan 150 manat silinməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı İddiaçı Ələsgər qızının cavabdeh "xxxx" ASC -yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı İddiaçı Ələsgər qızının cavabdeh "xxxx" ASC -yə olan 583.42 manat məbləğində borcdan 150 manat silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar