Məhkəmə qərarları › İş №2(021)-1222/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1222/2025

19.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1222/2025 19.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh X1rşı "kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz yazılmış 777,60 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında xüsusi mülkiyyətində fərdi yaşayış evi var. Hər kəsin qaz sayğacı çöldə olduğu kimi onlarında qaz sayğacı çöldə divarın üstündə yerləşdirilmişdir. Qaz sayğacı həyat yoldaşı X3 adına olmuşdur. Leyla İbrahimova 30 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən onların xəbərləri olmadan qaz sayğacına ümumi baxış keçirilmiş və baxış keçirildikdən sonra həyat yoldaşının adına 04 noyabr 2023-cü il tarixdə ******* saylı akt tərtib edilib. Aktda isə hesablama mexanizminin qoruyucu qapağının hesablama mexanizminin zavod qurğusunun plombu və zavod seriya nömrəsi yazılmış lövhə üzərində aşkar olunmadığını bildirirlər. Həmçinin aktda qeyd olunmuşdur ki, sayğac yenisi ilə əvəz olunmalıdır, sayğacın dəyəri və dəymiş ziyanın abonent tərəfindən ödənilməlidir. Qaz sayğacı dövlət yoxlanılmasından keçib gəldikdən sonra onlara məlum olmuşdur ki, qanunsuz olaraq onlara 777,60 manat məbləğində cərimə yazılmışdır. Hesablama mexanizminin qoruyucu qapağının hesablama mexanizmi zavod qurğusunun plombu və zavod seriya nömrəsi yazılmış lövhə üzərində aşkar olunmadığından nə onun, nə də ailə üzvülərinin xəbəri olmamışdır. Onlar hər ay davamlı olaraq qaz pulundan ödəmişdirlər və ən son qaz pulunu ödədikləri zaman onlara belə qanunsuz cərimə yazıldığını bilmişdirlər. Qanunsuz yazılmış cəriməyə görə hal-hazırda onların qaz xəttini kəsmək istəyirlər. Bu isə qanunsuzluqdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qaz sayğacı həyətdən kənarda, küçədə quraşdırılmışdır, qaz sayğacına heç bir müdaxilə edilməmişdir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Bərdə rayon Saatlı kəndində anadan olmuşdur. Bərdə rayon Balaqəcər kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı ilə X9 arasında xx.xx.1980-cı il tarixdə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİ №359536 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında №5252593 saylı xx.xx.2023cü il tarixli Aktdan görünür ki, abonent kodu: **********01130 olan abonent X3 adına olan qaz sayğacı növbədən kənar dövlət yoxlamasına göndərilmişdir. Mülki işə əlavə edilmiş X8 tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən Abonent kodu: **********01130 olan abonent X2 adına olan sayğaca baxış keçirilən zaman hesablama mexanizminin qoruyucu qapağının hesablama mexanizminin zavod qurğusunun plombu və zavod seriya nömrəsi yazılmış lövhə üzərində aşkar olunmamışdır. Sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Sayğacın yenisi ilə əvəz olunmalı olduğu, sayğacın dəyərinin və dəymiş ziyanın abonent tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş X8 tərəfindən tərtib edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Abonent kodu: **********01130 olan abonent X3 adına olan ünvan 1ində yerləşən mənzildə istifadə olunan qaza görə dəymiş ziyan 6480 m3 kimi hesablanmışdır. Mülki işə əlavə edilmiş abonentin saldosundan görünür ki, Abonent kodu: **********01130 olan abonent X3 adına olan ünvan 1ində yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2023-cü il üçün 777,60 manat qalıq borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qaz abonenti İddiaçı ünvan 1ində yerləşən mənzilə qoyulmuş qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək sayğaca müdaxilə olunduğu əsas gətirilərək borc yazılmışdır. Sayğac həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Təbii qaz abonenti İddiaçı barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Cavabdeh isə məhkəmə iclasına nümayəndəsinin göndərməmiş və iddiaya dair etirazını bildirməmişdir. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən ünvan 1ində yerləşən mənzildə qazdan istifadəyə görə Abonent kodu: **********01130 olan abonent mərhum X4 əsassız yazılmış 777,60 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. ünvan 1ində yerləşən mənzildə qazdan istifadəyə görə Abonent kodu: **********01130 olan abonent mərhum X4 hesablanmış 777,60 manat əsassız yazılmış cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar