Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1271/2023 30.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, Bərdə rayon “ASAN Xidmət” mərkəzində notariat ofisində Cavabdeh1 Cavabdeh2 Bərdə şəhəri, H.Əliyev prospekti 410 ünvanında (əvvəlki ünvan ünvan 2 dair bağlanmış 01 may 2022-ci il tarixli, 4Ə- 806 nömrəli müqavilənin və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, sənədlərin əvvəlki vəziyyətə qaytarılması və tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh1 onun doğma atasıdır. Atası 1971-ci il tarixdə anası X16 ilə ailə həyatı qurmuşdur. Nikahlarını 28 fevral 1975-ci il tarixdə rəsmiləşdirmişlər, birgə nikahdan iki övladları olmuş 1972-ci il təvəllüdlü qardaşı X10 və 1975-ci il təvəllüdlü X7. 2001-ci ildən atası anası ilə ayrı yaşamağa başlamışdır. 2004–cü ilin oktyabr ayında isə nikahları ləğv edilmişdir. Anası X16 2004-cü ildə Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlə birgə nikah dövründə tikdirdikləri evin bölünməsini və ona dəyən payın qızı X3 mülkiyyətinə keçməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsi 03 noyabr 2004-cü il tarixli qətnaməsi (hakim İ.Ə.Əsədov) ilə “İddia təmin edilsin. Cavabdeh1 adına olan Bərdə şəhəri Nizami küçəsi 10/3-də yerləşən ümumi sahəsi 60 kv\m yaşayış sahəsi 60.0.kv.m olan evin, ½ hissəsi X1 Gülnarə Rüstəm qızının mülkiyyətinə keçirilməklə mülkiyyət hüququ tanıdılsın”. Bərdə Rayon Məhkəmisinin sözügedən qətnaməsi qanuni qüvvəyə minmiş qətnamə olmaqla hazırda da qüvvədədir. Cavabdeh Rüstəmov X8 rayon sakini olan 1953-cü il təvəllüdlü X11 ilə nikahını Bərdə rayon Qeydiyyat şöbəsində 15 may 2008-ci il tarixdə 264 nömrəsi ilə qeyd etdirməklə evlənmişdir. Nikah bağlandıqdan sonra arvada Rüstəmova soyadı verilmişdir. Bu günlərdə ona məlum olmuşdur ki, atası Bərdə şəhəri H.Əliyev prospekti 410 ünvanında yerləşən (keçmiş ünvan 4 evə və onun üzərində tikdirdiyi 0,0305 ha torpaq sahəsinə öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daçınmaz Əmlakın Dövlət Reyestrindən 07 aprel 2022-ci il tarixli, Qeydiyyat nömrəsi ********** olan Çıxarış almışdır. Həmin çıxarışa əsasən yaşayış evi tam olaraq Cavabdeh1, həmin evin üzərində yerləşdiyi torpaq sahəsi isə Cavabdeh1 ilə X5 birgə mülkiyyətindədir. Daha sonra isə ona məlum olmuşdur ki, atası Cavabdeh1 Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə notariat qaydasında rəsmiləşdirdiyi 01 may 2022-ci il tairlxi, 4Ə-806 resyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən Bərdə şəhəri, H.Əliyev prospekti 410 ünvanında yerləşən, ümumi sahəsi 66,3 kv/m, yaşayış sahəsi 37,5 kv.m yardımçı sahəsi 28,8 kv.m olan 2 otaqlı fərdi yaşayış evini bütünlüklə və həmin evin üzərində tikdirdiyi, Bərdə şəhəri Heydər Əliyev prospekti, 410 ünvanında yerləşən 0.0305 ha torpaq sahəsinin özünə məxsus olan hissəsini bütovlüklə hədiyyə alan Cavabdeh2 bağışlamışdır. O, Bərdə Rayon Məhkəməsinin qanuni qüvvədə olan sözügedən 03 noyabr 2004-cü il tarixli qətnaməsini də təqdim etməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmaqla rəsmiləşdirilərək ona bu barədə mülkiyyət sənədlərinin verilməsi təmin edilsin. Lakin 7 saylı Bərdə Ərazi İdarəsi onun müraciətini təmin etməkdən imtina edərək 09 sentyabr 2022ci il tarixli **********46 nömrəli cavabı ilə ona rəsmi qaydada bildirilmişdir ki, “aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, məhkəmə qətnaməsi əsasında üzərində ½ hissəsi ilə mülkiyyət hüququnun dövlət reyseterində qeydiyyata alınması məqsədi ilə təqdim edilən ərizədə qeyd olunan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi atası Cavabdeh1 adına 2022-ci il tarixdə qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Odur ki, şərh etdiyi səbəblərdən cavabdehlərə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcburdur ki, onun pozulmuş mülkiyyət hüququnun məhkəmə ilə bərpasına nail olsun. Çünki cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş ********** olan reyestr çıxarışı və cavabdeh Bərdə Regional ASAN Xidmət mərkəzində Notariat ofisi tərəfindən verilmiş 01 may 2022-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsi qanunsuzluqlar, həmin hüquq müəyənedici sənədlər Bərdə Rayon Məhkəməsinin qanuni qüvvədə olan 03 noyabr 2004-cü il tarixli qətnaməsi nəzərə alınmadan verilmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiyini, işə iştirakları olmadan baxılmaqla, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının qeyd etdiyi məhkəmə qətnaməsindən xəbəri vardır. Qətnaməni başa düşməyiblər, iddiaçıya isə gələcəkdə pay verməyi düşünüblər. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 24 avqust 1975-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli, 33790 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh1 xx xxxx 1942-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş 01 may 2022-ci il tarixli, 4Ə-806 qeydiyyat nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, Heydər Əliyev prospekti 410 ünvanında yerləşən ümumi sahəsi 66.3 kv.m, yaşayış sahəsi 37.5 kv.m, yardımçı sahəsi 28.8 kv.m olan iki otaqlı fərdi yaşayış evini və birgə mülkiyyət hüququ üzrə 0.0305 ha torpaq sahəsini Cavabdeh2 İzət qızına bağışlamışdır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2004-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddianın təmin olunması, Cavabdeh1 adına olan Bərdə şəhəri, Nizami küçəsi 10/3-də yerləşən, ümumi sahəsi 60.0 kv.m, yaşayış sahəsi 60.0 kv.m olan evin 2/1 hissəsi X1 Gülnarə Rüstəm qızının mülkiyyətinə verilməklə mülkiyyət hüququnun tanınması qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZE 0******* saylı şəxsiyyt vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxx 1942-ci ildə doğulmuşdur, Bərdə şəhəri, Nizami küçəsi məh. döngə 10, ev 3-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İİ 791144 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 24 avqust 1975-ci ildə doğulmuşdur, atası Cavabdeh1, anası X12r. İş materiallarına əlavə olunmuş Dövlət Reyestirindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətinə Bərdə şəhəri, Heydər Əliyev prospekti 410 ünvanında yerləşən ümumi sahəsi 66.3 kv.m, yaşayış sahəsi 37.5 kv.m, yardımçı sahəsi 28.8 kv.m olan iki otaqlı fərdi yaşayış evi və birgə mülkiyyət hüququ üzrə 0.0305 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ 424049 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X13 15 may 2008-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Rüstəmova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş ******* nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh1 ünvan 9 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 oğlu tərəfindən Bərdə regional Asan Xidmət Mərkəzində notariat ofisinə ünvanlanmış ərizədə mülkiyyətində olan əmlakını Cavabdeh2 bağışlamaq istədiyini göstərmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vəzifələrindən biridir. Həmin Məcəllənin 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin prinsiplərindən biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Göründüyü kimi mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki hüquq subyektləri müqavilə azadlığı hüququna malikdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (Mülki Məcəllənin 6, 389-390-cı maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan RespublikasiKonstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki İşlər üzrəMəhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir ki, ... hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İstinad olunan maddi hüquq normasının tələbindən aydın müəyyən olunur ki, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunun tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə hal-hazırda qanuni qüvvədə olan məhkəmə qətnaməsi vardır ki, həmin qətnamə ilə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamənin mövcudluğundan cavabdehlərin məlumatları olmuş və həmin qətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestrində olmamasından istifadə edərək mübahisəli daşınmaz əmlakla bağlı qanunvericiliyin tələblərinə zidd olaraq bağışlama müqaviləsi bağlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, verilmiş iddia tələbində iddiaçı tam haqlı olduğundan iddia tələbi tam təmin edilməli, 01 may 2022-ci il tarixli, 4Ə-806 qeydiyyat nömrəli bağışlanma müqaviləsi və onun hüquqi nəticələri etibarsız hesab edilməklə sənədlər əvvəlki vəziyyətə qayatarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsum da cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Bərdə rayon “ASAN Xidmət” mərkəzində notariat ofisində Cavabdeh1 Cavabdeh2 Bərdə şəhəri, H.Əliyev prospekti 410 ünvanında (əvvəlki ünvan ünvan 2 dair bağlanmış 01 may 2022-ci il tarixli, 4Ə-806 nömrəli müqavilə, həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilsin və sənədlər əvvəlki vəziyyətə qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı Rüsəm qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1271/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1271/2023
30.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver