Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1276/2023 15.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh və ya “Azəriqaz” İB) qarşı “cərimə məbləğinin silinməsi və sayğacın dəyərinin cavabdehə aid edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona əsassız olaraq hesablanmış 1036,80 manat borcun silinməsi və sayğacın dəyərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Bərdə rayonu Həsənqaya kəndində yerləşən mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış 10034977 nömrəli qaz sayğacına Bərdə qaz idarəsinin işçiləri baxaraq guya sayğaca müdaxilə edildiyini bildirmiş və 2022-ci il ilin noyabr ayında sayğacı sökərək yoxlamaya göndərmişlər. xx.xx.2022-ci il tarixdə isə ona guya müdaxilə nəticəsində 1036.80 manat cərimə yazılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh “Azəriqaz” İB nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olmuşdur, Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli 755 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Həsənqaya kəndində yaşayır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilən 30 noyabr 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı Bərdə rayonu Həsənqaya kəndində yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır, minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. Abonentin saldosundan görünür ki, Bərdə rayonu Həsənqaya kəndində yaşayan İddiaçı 2022-ci ilin noyabr ayında 1036,80 manat cərimə hesablanmışdır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi və bunun mübahisələndirilən aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində göstərilmişdir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarının 4.9-cu maddəsinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq iddiaçı tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işə əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, qaz sayğacına müdaxilə edilməsinin iddiaçının təqsirli hərəkətləri ilə baş verdiyi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbini cərimə borcunun silinməsinə dair hissədə mötəbər sübutlarla sübut edə bilmişdir. İddia tələbinin sayğacın dəyərinin cavabdehə aid edilməsi ilə bağlı hissəsinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində sayğacın dəyərini göstərmədiyindən və bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimə məbləğinin silinməsi və sayğacın dəyərinin cavabdehə aid edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 30 noyabr 2022-ci il tarixli ******* nömrəli aktı əsasında İddiaçı yazılmış 1036,80 (bir min otuz altı manat 80 qəpik) manat məbləğində cərimə silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1276/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1276/2023
15.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver