Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1345/2021 22.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə qanunsuz hesablanmış 261.17 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bərdə rayon Mirzalıbəyli kəndində yaşayır. Həmin fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılmış, elektrik enerjisindən istifadəyə görə işıq pulunu gecikdirmədən ödəmişdir. "xxxx" ASCnin əməkdaşları 06.11.2020-ci il tarixdə sayğaca baxış keçirərək akt tərtib etmişlər ki, elektrik sayğacının möhürünə müdaxilə edilməklə hesab mexanizminin rəqəmlərinə müdaxilə olunmuşdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacı yenisi ilə əvəz olunmuşdur. Onun və ailə üzvlərinin iştirakı olmadan çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılaraq rəy verilməsi üçün "xxxx" ASC-nin əməkdaşları tərəfindən aparılmışdır. Sayğac laboratoriya şəraitində yoxlanılarkən onlar dəvət olunmamış və onların iştirakı olmadan yoxlama aparılmışdır. Hazırda cavabdeh "xxxx" ASC-nin əməkdaşları ona bildirirlər ki, həmin sayğaca müdaxilə olunduğundan aylıq enerji sərfiyyatı düzgün hesablanmamış və nəticədə ona 261.17 manat cərimə yazılmışdır. Cərimənin ona hansı səbəbdən yazıldığı məlum deyildir. Belə ki, elektrik enerjisinə görə ödənişini hər zaman vaxtında ödəmiş, onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Hesab edir ki, yazılmış borc əsasızdır. Buna görə də iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul tməyərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AZE № 0******* saylı vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1940-cı ildə Bərdə rayon Mirzalıbəyli kəndində anadan olmuşdur. Bərdə rayon Mirzalıbəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Haklimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 254 saylı 11.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Mirzalıbəyli kəndində yaşayır. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş “sayğacların və cərəyan transformatorlarının yoxlanılması” haqqında 207840 saylı Protokoldan görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən, İddiaçı adına olan elektrik sayğacının yoxlama zamanı sayğacın zavod “A” möhürlərinin müdaxiləli olduğu, hesab mexanizminin rəqəmlərində müdaxilə izlərinin aşkarlandığı müəyyən olunmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* saylı Protokoldan görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən, İddiaçı adına olan elektrik sayğacına baxış keçirilərək, köhnə tipli sayğacın dəyişdirilib yenisi ilə əvəz olunması, istismardan çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanılmaya göndərilməsi göstərilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin № 207840 saylı 18.02.2021-ci il tarixli İcra Vərəqəsindən görünür ki, İddiaçı Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən evində elektrik enerjisindən kənar istifadəyə istifadəyə görə (“sayğacın zavod möhürünə və hesab mexanizminə müdaxilə olunduğundan ”) cəmi borc 260.64 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə 4 təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydaları»n 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır Həmin «Qaydaları»n 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydaları»n 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət 5 abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin «Qaydaları»n 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.8. İstehlakçı (məişət abonenti istisna olmaqla) aşağıdakı məlumat və hesabatları təqdim etməyə borcludur: 9.8.2. enerjitəchizatı müəssisəsinin və ya «Dövlət Enerjinəzarət» İdarəsinin tələbilə, enerjitəchizatı müəssisəsindən alınmış, subabonentlərə ötürülmüş elektrik enerjisinin miqdarını hesablayan elektrik sayğaclarının (uçot sistemlərinin) göstərişlərinin hər bir hesablaşma dövrünün sonuncu günündə 24 saatlıq qeydiyyatını aparmağa, nəticələri barədə enerjitəchizatı müəssisəsinə və «Dövlət Enerjinəzarət» İdarəsinə məlumat verməyə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı barəsində cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 260.64 manat əsassız borc silinsin. Qalan hissədə iddia tələbi rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-1345/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1345/2021
22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver