Məhkəmə qərarları › İş №2(021)-1385/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1385/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1385/2021 29.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, A200349 saylı Torpaq sahəsinin plan və ölçü sənədinin Məmmədov Cavanşir Nuru oğluna məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.07.2006-ci il tarixli 6 nömrəli qərarı ilə X13 Nuru oğluna fərdi yaşayış evi tikdirmək üçün 639.34 kv.m torpaq sahəsi ayrılmış və X9 qeydə alınaraq A200349 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişlər. X13 Nuru oğlu 25.01.2010-cu il tarixdə vəfat etmişdir. Hazırda həmin torpaq sahəsində tikilmiş evdə özü də yaşayır. Torpaq sahəsi və ev ünvan 1 ünvanında yerləşir. X13 Nuru oğlunun adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədində adı Məmmədov “Canahgir” Nuru oğlu kimi qeyd edilmişdir. Bu səbəbdən də əri ilə birgə nikah dövründə alınmış torpaq sahəsi və torpaq sahəsində tikilmiş evə dair mülkiyyət hüquqnu təsdiq sənəd alınması və vərəsəlik hüququnun həyata keçirilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X10 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İ 295165 saylı Çıxarışdan görünür ki, Məmmədov Cavanşir Nuru oğlu ilə Ərizəçi arasında 15.11.1961-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ № 387740 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Məmmədov Cavanşir Nuru oğlu 25.01.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verimiş A № 200349 saylı “Torpaq sahasənin planı və ölçüsü” sənədinin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.07.2006-ci il tarixli, 06 nömrəli qərarı ilə Bərdə şəhərində yerləşən 639.34 kv.m torpaq sahəsi Məmmədov Cahangir Nuru oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********68 nömrəli 22.02.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Ərizəçi A № 200349 saylı “Torpaq sahasənin planı və ölçüsü” sənədində səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, A № 200349 saylı “Torpaq sahasənin planı və ölçüsü” sənədində yanlışlıq olaraq Məmmədov Cavanşir Nuru oğlunun adı– “Məmmədov Cahangir Nuru oğlu” kimi, qeyd edilmişdir. A № 200349 saylı “Torpaq sahasənin planı və ölçüsü” sənədinin Məmmədov Cavanşir Nuru oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, A № 200349 saylı “Torpaq sahasənin planı və ölçüsü” sənədinin Məmmədov Cavanşir Nuru oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. A № 200349 saylı “Torpaq sahasənin planı və ölçüsü” sənədində qeyd olunmuş mülkiyyətçi “Məmmədov Cahangir Nuru oğlu” yazısının Məmmədov Cavanşir Nuru oğluna məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar