Məhkəmə qərarları › İş №2(021)-1712/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1712/2024

20.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1712/2024 20.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X3” qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 777.60 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur və orada ailə üzvlərlə birlkdə yaşayır. Daim mavi yanacaqdan istifadəyə görə hesablanmış qaz pulunu heç vaxt gecikdirmədən ödəmişlər. "Azəri Qaz" İB-nin X6 İdarəsinin Bərdə rayon filialının əməkdaşları onların yaşadıqları evə quraşdırılmış sayğaca baxış keçirib, xx.xx.2023-cü il tarixli, ******* nömrəli "Akt" tərtib etmişlər ki, "sayğacın borusu deşilmişdir və yenisi ilə əvəzlənməlidir." Hansı ki, sayğacın plombu yerindədir. Bununla da, sayğacın dəyəri və dəymiş zərərin həcminin 777,60 manat olması barədə "Abonent Saldosu" verilmişdir. Tərəflərindən sərf olunmuş mavi yanacağın dəyəri sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq vaxtı-vaxtında ödənilmişdir. Onlar tərəfindən quraşdırılmış sayğaca hər hansı bir kənar müdaxilə olunmamışdır. Belə ki, qaz sayğacı hasarın çöl hissəsində quraşdırılmışdır. Bu səbəbdən də hesab edir ki, sayğaca onun tərəfindən kənar müdaxilə edilmədiyindən qanunsuz yazılmış dəbbə məbləği silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, sayğac həyətindən kənarda küçədə darvazasından 25 metr aralıda quraşdırılmışdır. Ona qaz idarəsinin əməkdaşları bildirmişdir ki, sayğacın köhnəsini açıb təzəsini quraşdıracaqlar. Onun iştirakı olmadan sayğacı açıblar. O, sayğca heç bir müdaxilə etməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Azəriqaz ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə iclası barədə bildiriş cavabdehin ünvanına çatmışdır. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmirşdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzssiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarında olan Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında №5188107 saylı xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Abonent kodu: **********00390 olan abonent İddiaçı adına olan qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan X4 tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən MSK-14-2-213-5-9134\Q001 saylı Akta əsasən Abonent kodu: **********00390 olan abonent İddiaçı adına olan sayğaca baxış keçirilən zaman qaz sayğacının çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın membranının işləmədiyi, qazın keçmədiyi və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Sayğacın yenisi ilə əvəz olunmalı olduğu, sayğacın dəyərinin və dəymiş ziyanın abonent tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur. İş materiallarında olan X4 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Abonent kodu: **********00390 olan abonent İddiaçı adına olan Bərdə rayon M.Ə.Sabir küçəsində yerləşən mənzildə istifadə olunan qaza görə dəymiş ziyan 6480 m3 kimi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Abonent kodu: **********00390 olan abonent İddiaçı adına olan Bərdə rayon M.Ə.Sabir küçəsində yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2023-cü il üçün qalıq və aktlar üzrə borc 777.60 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qaz abonenti İddiaçı Bərdə rayon M.Ə.Sabir küçəsində yerləşən mənzilə qoyulmuş qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək sayğaca müdaxilə olunduğu əsas gətirilərək borc yazılmışdır. Sayğac həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Təbii qaz abonenti İddiaçı barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Cavabdeh isə məhkəmə iclasına nümayəndəsinin göndərməmiş və iddiaya dair etirazını bildirməmişdir. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486- VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən Bərdə rayon M.Ə.Sabir küçəsində yerləşən mənzildə qazdan istifadəyə görə Abonent kodu: **********00390 olan abonent İddiaçı əsassız yazılmış 777,60 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00390) hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar