Məhkəmə qərarları › İş №2(021)-1993/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1993/2021

24.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1993/2021 24.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı İddiaçı Abduləzim qızının nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Abduləzim qızının cavabdeh “X3” qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Abduləzim qızı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz yazılmış 525.60 manat cərimə borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Abduləzim qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qurumun əməkdaşları 2018-ci il üçün 525.60 manat borc yazmışlar. Borcun səbəbi kimi qaz sayğacının zavod qurğuşun plombunun kənar təsir nəticəsində müdaxilə olunduğu və qoruyucu örtüyün gövdədən aralanması göstərilib. Akt onun tərəfindən imzalanmamışdır, imzalamaqdan imtina etmişdir.Sayğac sökülüb götürülmüş, yerinə yeni sayğac quraşdırılmışdır. 02 sentyabr 2019-cu il tarixdə yeni sayğacın quraşdırılması üçün tərtib edilmiş 376274 saylı aktda isə yeni sayğacın quraşdırılma səbəbi olaraq köhnə sayğaca müdaxilə və ya hər hansı nasazlığı qeyd edilməmişdir. Buna görə sözügedən akta da imza etməmişdir. Müəyyən edilmiş borcun heç bir əsası yoxdur. Bu vətəndaşdan tutulan əsassız varlanmaya səbəb olan qanun pozuntusundan başqa bir şey deyildir. Sayğaca nəzarəti də qaz idarəsinin əməkdaşları həyata keçirirlər, qiymətləndirmə də özlərinə aiddir. Belə olan halda haradan əmin ola bilər ki, qaz idarəsi iddiasında doğrudur ya yanlış, ikincisi qaz sayğacı həyətdən çöldə quraşdırılıbdır, gecə saatlarında, yaxuda gündüz işdə olduğu vaxtlarda ona davamlı nəzarət edə bilmək imkanına sahib deyil, ümumiyyətlə vətəndaşın borcu da deyil ki, onun imkanları xaricində olan işlər üçün özünü məsuliyyətli hesab etsin. Vaxtında həmin sayğacı həyətin daxilində quraşdırsaydılar, onlar da bilərdilər ki, həmin sayğaca nəzarət tamamilə onların üzərindədir. Ağıl, məntiq tələb edir ki, hər insan onun imkanı və gücü daxilində ola biləcək öhdəliklərə görə məsul tutulsun. Amma belə görür ki, Azəriqaz İB ənənələrinə sadiqlik nümayiş etdirərərk, bu dəfə də vətəndaşı borclu çıxarmağı öz məntiqləri etibarı ilə daha məqsədə uyğun hesab edirlər. Azəriqaz hesab edir ki, sayğaclara həyətdən kənar nəzarət mütləq mənada vətəndaşın borcudur. Lakin vətəndaşın bu cür haqsız bir öhdəliyin hüquqi məsuliyyəti ilə yüklənməsi ədalətlilik prinsipinə ziddir. Olmalı olmayan öhdəlik üzərinə hüquqi məsuliyyət qurmağın adi vətəndaşı qanun adına soymağın mədəni formasıdır. Bu məsələ Azəriqaz İB tərəfindən qaranlığa daş atmaq kimi bir şeydir. Məhkəmə iclasında İddiaçı Abduləzim qızının nümayəndəsi X6 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh Azəriqaz ASC məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə iclası barədə bildiriş cavabdehin ünvanına çatmışdır. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmirşdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzssiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abduləzim qızı xx xxx 1953-cü ildə Bərdə rayonu Göyüşlü kəndində doğulmuş, Bərdə şəhəri M.F.Axundov küçəsi ev 20-də qeydiyyatdadır. İş materiallarında olan Asan-Bərdə tərəfindən verilmiş ******* nömrəli, 17 may 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Abdullayeva X7 rayonu Göyüşlü kədində yaşayır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quradşdırılması və istismara qəbulu haqqında 02 sentyabr 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən müəyyən olunur ki, həmin aktla Bərdə rayonu, Göyüşlü kəndində İddiaçı Abduləzim qızının fərdi evində quraşdırılmış sayğacın açılaraq, yeni smart sayğacla əvəz edilməsi, köhnə sayğacın dövlət yoxlamasına göndərilməsi aktlaşdırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********02220 olan İddiaçı Abduləzim qızının qalıq və aktlar üzrə borcu 525.60 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan küçədə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Sayğaca vaxtında baxış keçirilməməsi isə birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. İddiaçı Abduləzim qızının barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh məkhəmə prosesi barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, tərtib olunmuş aktın doğruluğunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Abduləzim qızının iddiası təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı Abduləzim qızına (abonent kodu: **********02220) hesablanmış 525.60 (beş yüz iyirmi beş manat 60 qəpik) manat cərimə borcu silinsin. “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumuna görə 20 manat dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar