Məhkəmə qərarları › İş №2(021)-210/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-210/2021

27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-210/2021 27.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi X1 və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması və aliment tələbi” barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı qızı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 may 2016-ci il təvəllüdlü Elgünün və 22 yanvar 2018-ci il təvəllüdlü Elcanın atası olması faktının müəyyən edilməsi və cavabdehdən hər ay hər uşaq üçün 170 manat aliment tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci ildə qeyrirəsmi olaraq ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 14 may 2016-ci il təvəllüdlü Elgün və 22 yanvar 2018-ci il təvəllüdlü Elcan adlı iki uşaqları anadan olmuşdur. Hazırda ailə münasibətləri pozulduğundan cavabdehlə ayrı yaşayırlar. Onların rəsmi nikahları olmadığından uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. Həmçinin qeyd etmişdir ki, o, təkbaşna uşaqları saxlamaqda çətinlik çəkir. Belə ki, cavabdeh uşaqların saxlanması üçün maddi köməklik göstərmir. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə dəqiqləşdirmə verərək, iddia ərizəsində tələbin atalığın müəyyən olunması və aliment tələbi olaraq qeyd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı qızının vəkili X7 iddia ərizəsini müdafiə edərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh oğlunun həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş və iddiaya münasibət bildirərək övladlarına baxdığını və onların bütün ehtiyaclarını ödədiyi barədə ərizəni məhkəməyə ünvanlandırmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını, cavabdehin ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddai ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı qızı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 265 saylı, 28.07.2020ci il tarixli Arayışdan qeyd olunur ki, İddiaçı qızı Bərdə rayon Arabaçılar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İV № 449082 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 14.05.2016cı il tarixdə anadan olmuşdur. Ata qrafası X11, ana qrafası İddiaçı qızı kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İV № 449083 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 22.01.2018ci il tarixdə anadan olmuşdur. Ata qrafası X11, ana qrafası İddiaçı qızı kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 1(021)78\2020 saylı 24.08.2020-ci il tarixli hökmündən görünür ki, Əsədzadə Rəşad Murad oğlu Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasıma məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən ona 1 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş Əsədzadə Rəşad Murad oğlunun məhkəməyə ünvanlanmış ərizəsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı qızı ilə 2015-ci ildən qeyri-rəsmi ailə münasibətləri olduğunu, həmin münasibətdən iki uşaqlarının doğulmasını etiraf etmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, iddiaçı İddiaçı qızı ilə Cavabdeh oğlu qeyri- rəsmi olaraq ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 14 may 2016-ci il təvəllüdlü Elgün və 22 yanvar 2018-ci il təvəllüdlü Elcan adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin rəsmi nikahı olmadığından və cavabdeh qeydiyyat şöbəsinə getməkdən yayındığından doğum ananın ərizəsinə əsasən qeydə alınmışdır. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi 2 hissədən ibarətdir: atalığın müəyyən olunması və aliment tələbi. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsin əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 191.3 -ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin atalığın müəyyən edilməsi hissəsi ilə bağlı hesab edir ki, 14 may 2016-ci il təvəllüdlü Elgünün və 22 yanvar 2018-ci il təvəllüdlü Elcanın atasının Cavabdeh oğlu olması işdə olan sənədlərlə yanaşı, həm də Cavabdeh özünün etirafı ilə təsdiq edildiyindən Cavabdeh oğlu azyaşlı Elgünün və Elcanın atası olması müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin alimentin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların anasının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını nəzərə alaraq, iddia tələbi aliment hissəsində qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 14 may 2016-ci il təvəllüdlü X3 və 22 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh oğlundan hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 19.08.2020-ci il tarixdən tutulmalıdır. İddia tələbinin alimentin tutulmasına dair bir uşaq üçün 100 manatdan artıq hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda iddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin tutulması hissəsində iddianın tam şəkildə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Həmçinin uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227,230, 233, 307-301 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14 may 2016-ci il təvəllüdlü Elgünün və 22 yanvar 2018-ci il təvəllüdlü Elcanın atası olması müəyyən edilsin. 14 may 2016-ci il təvəllüdlü X3 və 22 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 19 avqust 2020-ci il tarixdən Cavabdeh oğlundan hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar