Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2210/2025 05.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz yazılımış 357,92 manat cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz yazılmış 357, 92 manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Bərdə rayon Saatlı kəndində fərdi yaşayış evi olmuşdur. Fərdi yaşayış evində hər kəsdə olduğu kimi onlarında evində işıq sayğacı vardır. Lakin İşıq İdarəsibnin əməkdaşları onların evində olan işıq sayğacına baxış keçirilərkən adıbna akt tərtib etmişlər və akta əsasən abonenet sayğacının giriş xəttinin zədələyərək sayğacdan kənar xəttin istifadə etdiyini və sayğacın məqsədə uyğun olmadığını bildirmişlər. Lakino sayğaca heç bir müdaxilə etməmiş və sayğacdan kənar xətt vasitəsilə istifadə etməmişdir. İşıq idarəsinin işçiləri onun işığa görə 357, 92 manat məbləğində borcuinin olduğunu bildirirlər. İşıq İdarəsinin əməkdaşları onunla qərəzli davranaraq ondan pul qoparmaq ona ziyan vurmaq üçün bu cür qurmalar qurub özlərinə çıxış yolu seçirlər. O hər ay davamalı olaraq işıq pulundan ödəmiş və onun heç bir zaman işığa görə 357, 92 manat borcu ola bilməz. Hazırda isə onun evinə gələn işıq enerjisini kəsmək istəyirlər və ondan 357,92 manat tələb edilər. Onun həmin cərimə məbləğini ödəməyə heç bir imkanı yoxdur, həmçinin bu cərimə qanunsuz olaraq işıq idarəsinin işçiləri tərəfindən yazılmışdır. Onun sayğaca müdaxilə olunmasında heç bir günahı yoxdur.Bu aktı ədalətsiz ədalətsiz bir qərar hesab edir. Belə bir cərimə yazılması üçün heç bir əsas olmadan tərtib edilmişdior. Bunun üçündə qanunsuz yazılmış 357, 92 manat cərimənin silinməsini istəyir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1958-ci ildə anadan olmuşdur. İş materiallarında Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu Həsənqaya kəndi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli, 168 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Saatlı kəndində yaşayır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş abunə haqqında məlumatdan görünür ki, abonent kodu:**********00049 olan abonent İddiaçı adına olan Bərdə rayonu Saatlı kənd ünvanında yerləşən mənzildə istifadə olunan işıq sayğacında 2016-cı il üçün borcu 219,78 manat, xx.xx.2025-ci il tarixə 138,14 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə 57. Müraciət etmək hüququ İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 1.1. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. 8.13. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.19. İstehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş abunə haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən sayğacın göstəricilərinə dair məlumatlar təhrif edilmişdir. Sayğacın faktiki göstəricisi ilə Abunə haqqında məlumatda olan göstəricilər üst-üstə düşmür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yanlışlıqla müəyyən edilmiş göstərici, köhnə tarif əsasında vətəndaşın əlavə enerji istifadəsinə və əsassız varlanmasına şərait yaradacaqdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, müvafiq yanlışlıq aradan qaldırılmalı, mövcud sayğac isə yenisi ilə əvəz edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bərdə rayonu, Saatlı kəndində yerləşən ünvana abunəçi İddiaçı (abonent kodu: **********00049) hesablanmış 219.78 (iki yüz on doqquz manat yetmiş səkkiz) manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Bərdə rayonu, Saatlı kəndində yerləşən ünvana abunəçi İddiaçı (abonent kodu: **********00049) hesablanmış 219.78 (iki yüz on doqquz manat yetmiş səkkiz) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-2210/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2210/2025
05.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver