Məhkəmə qərarları › İş №2(021)-2309/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2309/2025

16.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2309/2025 16.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun hakimliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab edilmə» tələbinə dair ərizəsi üzrə mülki işə 16 dekabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, xx.xx.1962-ci ildə Kəlbəcər rayon Başkənd kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsası Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X5 xx.xx.1962-ci ildə Kəlbəcər rayon Başkənd kəndində anadan olmuşdur. Bərdə rayon Qaradağlı kəndində daim pasport qeydiyyatındadır. Hazırda Xəzəngül yer xəstəsidir, danışmır, özünü idarə edə bilmir. İkinci qrup əlildir. Həyat yoldaşı Xəzəngülə dövlət tərəfindən verilən pensiya kartının alınmasında və onların sosial məsələlərinin həllində çətinliklərlə üzləşir. Hazırda həyat yoldaşı Xəzəngül çox çıxılmaz vəziyyətdədir. O, onun mütəmadi olaraq qulluğunda durur, yeməyini yeyə bilmir, yataqda özünü idarə edə bilmir, çətin vəziyyətdə yaşayır. Həyat yoldaşının sağalıb cəmiyyətə inteqrasiya olması mümkün deyildir. Ona görə də onun fəaliyyət qabiliyyətsiz olmasına dair qətnamə çıxarılmasına ehtiyacları vardır. Tərəflərin izahatı Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən rəyin nəzərə alınaraq qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, Ərizəçi iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100 AZN məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025- ci il tarixli 3/130 saylı Bərdə rayon İcra Hakimiyyətinin arayışından görünür ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməlidir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Kəlbəcər rayonu Milli kəndində anadan olmuş, Bərdə rayonu Qarağacı kəndində qeydiyyatdadır. AZE seriyalı 13205099 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1962-ci il tarixdə Kəlbəcər rayonu Başkənd kəndində anadan olmuş, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatdadır. xx.xx.1982-ci il tarixli 439840 saylı nikah şəhadətnaməsindən görünür ki, Ərizəçi, X7 ilə ailə qurub xx.xx.2025-ci il tarixli 563 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Şorəlli kəndində yaşayır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. 544 saylı Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd i.ə.d üzrə nümayəndəliyinin arayışından görünür ki, Ərizəçi 1960-cı ildə anadan olmuşdur və X5 və X1 ailə üzvləri vardır. xx.xx.2025-ci il tarixli Bərdə rayon Məhkəməsinin 2(021)-2309/2025 saylı qərardadından görünür ki, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab edilmə» tələbinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli 642 saylı Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X3 damar mənşəli (keçirilmiş insult nəticəsində) dərin demnasiya (ağıl zəifliyi) aşkar olunur. Cabbarova Xəzəngül psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-nin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. MPM-nin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndinə əsaən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərzəzi” Publik Hüquqi şəxsi Gəncə ambulator şöbəsinin rəyinə əsasən göstərilir ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə həmin rəylə razılaşaraq hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına əsaslar olduğundan ərizə təmin olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət olunarkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi tərəfindən 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar