Məhkəmə qərarları › İş №2(021)-2355/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2355/2023

16.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2355/2023 16.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əbilov Qamət Mehman oğlunun sədrliyi Bayramov Orxan Elşən oğlunun katibliyi İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qanunsuz hesablanmış 785.48 manat borc məbləğin silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin iyun ayının 2-də övladı X3 vaxtsız olaraq vəfat etmiş, bu səbəbdən o, Bərdə rayonu, Həsənqaya kəndində yaşadığı evdə yas mərasimi təşkil etmişdir. Bunu üçün küçədə mağar qurulmuş, mağara lazım olan işıq ilə təmin edilməsi üçün əlavə işıq çəkmək zərurəti yarandığından küçədən keçən işıqdan mağara işıq çəkilmişdir. Sonra yas mərasimi bitəndən sonra çəkilən işıq xətdən aralanmış və əvvəlki vəziyyətə gətirilmişdir. Bir müddət keçəndən sonra o, evdə olmayan zaman X6 Cəmiyyətinin Bərdə Regional əməkdaşları yaşadığı evə gələrək xx.xx.2021-ci il tarixli 206949 saylı akt tərtib etmişdir. Aktda qeyd olunmuşdur ki, "EEİQ-na uyğun gecə reydi zamanı sayğaca baxış keçirən zaman məlum oldu ki, sayğacın giriş xəttinə zajimlə əlavə xətt götürülərək elektrik enerjisindən istifadə edilir. Sayğac dayandırılıb birbaşa elektrik enerjisindən istifadə olunur. Enerji uçotu pozulub" Halbuki aktda yazılanlar doğru olmamışdır. Çünki sayğac üzrə o, elektrik enerjisinə görə daim ödəniş etmişdir. Necə ola bilər ki, o, əlavə elektrik enerjisindən istifadə etsin. Akt tərtib edilən zaman onu dəvət edib hansı qaydanı pozduğu bildirilməli idi. Bundan başqa ona hesablanan borcun da, hansı əsaslarla hesablanması məlum deyil. İşıq kartına pul vuran zaman 80% tutulur və demək olar ki, elektrik enerjisindən istifadə edə bilmir. Hesab edir ki, yazılmış cərimə əsasızdır. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin ounmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, bildirmişdir ki, "xxxx" ASC X2 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisndən istifadə Qaydaları"na və "X1 Qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən 09 fevral 2021-cı il tarixdə İddiaçı yaşadığı evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı həmin ünvanda sayğacın giriş xəttinə sıxac (zajim) ilə əlavə xətt götürərək bir başa şəbəkəyə qoşularaq kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə "EEİQ-nın 8.32-ci, həmçinin "EQQQ-nın 1-v bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə bu pozuntu halına görə 09 fevral 2021-ci il tarixli R 206949 saylı akt tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır: 2,2 kvt x 24 saat x 180 gün x 0.7 = 6653 kvts, Tarif (-1800 kvts x 0,07 man = 126,00 man, Tarif (-4853 kvts x 0,11 man = 533,83 man. Cəmi 659,83 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 6653 kvts itirilmiş elektrik enerjisinin dəyəri bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. EEİQ-nın 8.32-ci bəndində göstərilir ki Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cǝrǝyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qeyd olunduğu kimi, qüvvədə olan EEİQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və 3 illik müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan "EEİQ”-nın 8.32-ci bəndindən görünür ki, məişət abonenti (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərədə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq, elektrikqəbuledicilərinin qoyulmuş gücü nəzərə alınmaqla elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı tarix əsas götürülməklə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. Bu hüququ həyata keçirərkən enerji təchizatı müəssisəsi hesablaşma müddəti olaraq əvvəli qeyd olunan tarixdən olmaqla sonu Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti üçün müəyyən edilmiş həddi aşa bilməz. Beləliklə, iddiaçı 659,83 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. İddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur. əslində həmin vaxt iddiaçı nümayəndələrilə birlikdə pozuntunu viziual izləmiş və onun iştirakı ilə həmin pozuntununun sənədləşdirilməsi aparılmışdır. Bununla bərabər iddiaçı mübahisələndirdiyi akta əsasən hesablanmış məbləğdən 373.96 manat ödənişi icra etmişdir. Beləliklə o işin nəticəsi ilə razılaşmış, yəni elekterik enerjisindən istifadə qaydalarının tələblərini pozmasını faktiki etiraf etmişdir. Həmçinin mülki işə onun iştirakı olmadan baxılmasını və tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Bərdə rayon Həsənqaya kəndində anadan olmuşdur. Bərdə rayon Həsənqaya kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 364 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Həsənqaya kəndində yaşayır. Mülki işə əlavə edilmiş R №206949 saylı xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, İddiaçı Bərdə rayonu Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca EEİQ-na uyğun baxış zamanı, abonentin kənar xətdən istifadə etdiyi məlum olmuşdur. Mülki işə əlavə edilmiş abunə haqqında cədvəldən görünür ki, İddiaçı adına olan Bərdə rayon Həsənqaya kəndində yerləşən mənzildə istifadə olunan işıq sayğacında 785.48 manat qalıq borc yazılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cərimənin silinməsini tələb etsə də, hazırkı yaranmış məbləğ cərimə deyil məhz elektrik enerjisindən əlavə xətt götürülərək istifadə nəticəsində yaranmış borc məbləğdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar