Məhkəmə qərarları › İş №2(021)-2497/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2497/2024

29.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2497/2024 29.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə 29 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qanunsuz yazılmış 518.4 manat cərimə məbləğinin silnməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanda xüsusi mülkiyyətində fərdi yaşayış evi var. Qeyd etdiyi fərdi yaşayış evinin ilkin nömrəsi 166 olmuş, daha sonra nömrə dəyişdirilərək 33 olmuşdur. Hər kəsin qaz sayğacı çöldə olduğu kimi onlarında qaz sayğacı çöldə arxa divarın üstündə yerləşdirilmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən onların xəbəri olmadan qaz sayğacına ümumi baxış keçirilmiş və baxış keçirildikdən sonra adına 06 may 2024-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Aktda isə 21401565 plombun kəsilərək qutunun açılaraq sayğaca baxış keçirildiyi, hesablama mexanizminin qoruyucu qapağının sağ hissəsinin fiziki təsir nəticəsində deşici alətlə deşildiyini, sayğacın istismara yararsız olduğunu bildirmişlər. Həmçinin aktda qeyd olunmuşdur ki, sayğac yenisi ilə əvəz olunmalıdır və sayğacın dəyəri və dəymiş ziyanın abonent tərəfindən ödənilməlidir. O yeni sayğacın quraşdırılmasından imtina etmişdir. Qaz sayğacı dövlət yoxlanılmasından keçib gəldikdən sonra onlara məlum olmuşdur ki, qanunsuz olaraq onlara 518.40 manat məbləğində cərimə yazılmışdır. Plombun kəsilərək qutunun açılaraq sayğaca baxış keçirildiyi, hesablama İ mexanizminin qoruyucu qapağının sağ hissəsinin fiziki təsir nəticəsində deşici alətlə deşildiyindən və sayğacın istismara yararsız olduğundan nə onun, nə də ailə üzvülərinin xəbəri olmamışdır. Onlar hər ay davamlı olaraq qaz pulundan ödəmişlər və ən son qaz pulunu ödədikləri zaman onlara belə qanunsuz cərimə yazıldığını bilmişlər. Qanunsuz yazılmış cəriməyə görə hal-hazırda onların qazını kəsmək istəyirlər. Halbuki o müxtəlif zamanlarda müəyyən olunmuş məbləğdə qaz pulundan ödəmişdir. Onların qazdan az istifadə etməklərinə baxmayaraq onlara qanunsuz olaraq cərimə yazırlar və həmin cəriməni onlardan tələb edirlər. Bu isə qanunsuzluqdur. Onun həmin cərimə məbləğini ödəməyə heç bir imkanı yoxdur, həmçinin bu cərimə qanunsuz olaraq yazılmışdır. Belə bir cərimə yazılması və aktın tərtib olunması heç bir əsas olmadan tərtib edilmişdir. Bunun üçündə qanunsuz yazılmış 518.40 manat məbləğində olan cərimənin silinməsini istəyir. Çünki həmin cərimə qanunsuz olaraq, qaz idarəsinin əməkdaşlarının səhv hərəkəti nəticəsində yaranmışdır. İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ******* nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı Bərdə rayonu Xəqani küçəsində yerləşən yaşayış evində quraşdırılmış, qaz sayğacına ümumi baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın hesablama mexanizminin plastmas qapağının sağ hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. Abonentin saldosundan görünür ki, Bərdə rayonu Xəqani küçəsi ev 166 yaşayan İddiaçı 2024-cü ilin aprel ayında 518,40 manat cərimə hesablanmışdır. “Dəymiş ziyanın bərpasına dair” 30 aprel 2024-cü il tarixli Tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 4 x 12 x 90 = 4320 m 3. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması, xətaların normadan artıq olması, minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq sonuncu tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işdə mövcud deyildir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilən zədənin istehlakçı tərəfindən yetirilməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Beləliklə, abonent tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi:

1. İddia təmin edilsin.

2. Cavabdeh 06 may 2024-cü il tarixli ******* nömrəli Aktı əsasında İddiaçı yazılmış 518.4 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində cərimə silinsin.

3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar